КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

APPEAL of the Azerbaijan National NGO Forum on Resolution Adopted by the European Parliament on Azerbaijan

Azərbaycan Milli QHT Forumunun Avropa Parlamentinə  Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar MÜRACIƏTİ


Hörmətli Avropa Parlamentinin üzvləri!

Bildiyiniz kimi, Azərbaycan xalqı tarixən bütün millət və  xalqlara, onların tarixinə, mədəniyyətinə, adət-ənənəsinə hörmətlə yanaşmış, dini və milli tolerantlığı ilə seçilmiş və bu rəngarəngliyə görə həmişə fəxr etmişdir. Təsadüfi deyil ki, hal-hazırda işğal olunmuş ərazilərdən başqa, Azərbaycanın  digər bölgələrində  30 mindən artiq erməni millətinin nümayəndələri yaşayır.

Lakin buna baxmayaraq zaman-zaman azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımlar nəticəsində  Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamış, bu ərazilərdə onlara məxsus tarixi abidələr, qəbirstanlıqlar, müqəddəs ziyarətgahlar və məscidlər dağıdılmışdır.

Belə bir acı həqiqətin bütün dünyaya bəlli olduğu bir vaxtda Sizin Azərbaycanın Culfa rayonu (Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidi) ərazisində erməni qəbirstanlığının dağıdılması haqqında heç bir əsası olmayan və təhrif olunmuş faktlar əsasında hazırlanmış və Azərbaycanı ittiham edən 16 fevral 2006-cı il tarixli qətnaməniz ölkə ıctimaiyyətinin haqlı narazılığına və təəssüfünə səbəb olmuşdur.

Qətnamədə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasətinin birmənalı şəkildə pislənməsi əvəzinə, bu məsələdə işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında bərabərlik işarəsinin qoyulması, xüsusilə Xocalı soyqırımınin 14-cü ildönümü ərəfəsində   bizi çox məyus etdi.

Bundan başqa, qətnamədə Azərbaycanın 20% ərazisinin Ermənistan Respublikası tərəfindən işğal olunması və bunun nəticəsində 900-dən artıq yaşayış məntəqəsinin, 6 min sənaye, kənd təsərrüfatı, 4366 sosial-mədəni obyektin, 150 min yaşayış binası, 927 kitabxana, 464 tarixi abidə və muzeyin, 100-dən artıq arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyasının dağıdılması, 40 mindən çox qiymətli əşya və nadir eksponantın oğurlanaraq talan edilməsi, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, 60 milyard ABŞ dolları həcmində ölkəmizə maddi ziyanın dəyməsi haqqında heç nə deyilməməsi  qətiyyən başa düşülən deyildir.

Təəssüf edirik ki, bu faktlarla bağlı Azərbaycanın  dəfələrlə etdiyi müraciət cavabsız qalmış  və bununlada Avropa  Ermənistanın işğalçılıq siyasətinə dözümlülük nümayiş etdirmişdir.

Bütün bunlardan narahat olan Milli  QHT Forumu  Avropa Parlamentinə Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya erməniləşdirilməsi üzrə fakt araşdırıcı missiyanın yaradılmasını təklif edir və onun tezliklə regiona göndərilməsini xahiş edir.

Biz, QHT nümayəndələri Avropa Parlamentini qeyd olunan faktları nəzərə almağa, mövcud vəziyyəti düzgün qiymətləndirərək qəbul edilmiş  qətnaməni ləğv etməyə və əksinə Ermənistanın Azərbaycana qarşı 15 ildən çox davam edən təcavüzkar siyasətini pisləyən və işğal altında olan ərazilərin qeyd-şərtsiz azad olunmasını tələb edən qətnamə qəbul etməyə çağırırıq.

İnanırıq  ki, Avropa Parılamentinin belə bir cəsarətli və ədalətli qərarı regionda sülhün və təhlükəsizliyin bərpa olunmasına, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və  884 (1993) saylı qətnamələrinin Ermənistan tərəfindən icrasına və  Cənubi Qafqaz ölkələrinin Avropaya daha sürətlə inteqrasiyasına əvəzsiz bir töhfə olardı.

Hörmətlə,

Milli QHT Forumunun üzvləri (cəmi 403 QHT)
Bakı şəhəri,
20 fevral 2006-cı il