ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş


B

 

Baba bulaq - Gorus rayonunda bulaq. Şəxs adı əsasında əmələ gələn antropohidronimdir.

Babakişi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 1829 - cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür(427, s.159).

Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). 1905-1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş, kəndə tam ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı (415, s.17) yaşamışdır.

1930 - cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim Babakişi şəxs adı əssında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur.

Babakişi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.26) qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır.

Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904 - cü ildə 483 nəfər, 1914 - cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir (415, s.97). Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 1873 - cü illərdə burada azərbaycanlılar yaşadığı halda (415, s.97), həmin illərdə yaşayanlar ermənilər kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya səhv olaraq 1829 - cu ildə gəldiyi göstərilir (427, s.747). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.97). Onlar 30 - cu illərin ortalarında sıxışdırıhb kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.aq

Babaxan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin ərazisində dağ. Dilican şəhərindən 22 km şərqdə, Ağstafa çayının yanında yerləşir. Hündürlüyü 2337 m-dir. Şəxs adı əsasında yaranmışdır. Antropooronimdir.Quruluşca sadə oronimdir.

Babacan çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunun Babacan kəndində, Göyçə gölü hövzəsində çay. Babacan çayı Göyçə gölünə tökülür. Uzunluğu 10 km-dir.

Hidronim «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən Baybecan şəxs adı əsasında yaranmışdır. Antropohidronimdir.

Babacan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin əsl adı «Babacan dərəsi»dir (415, s.26; 348, s.26; 427, s.526).

Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.82), Qafqazın 5 verstlik xəritəsində (348, s.26) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 107, 1886-cı ildə 173, 1897-ci ildə 244, 1908-ci ildə 259, 1914-cü iİdə 265, 1916-cı ildə 290, 1919 - cu ildə 265 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1919 - cu ilin yazında kənd erməni təcavüzünə məruz qalmış və kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişlər. Burada 1922-ci ildə 309, 1926-cı ildə 345, 1931-ci ildə 373 (415, s.27, 111), 1967-cı ildə 775 (ASE, I, 1975, s.410), 1987-ci ildə 880 nəfər (85, s.279-280) azərbaycanlı yaşamışdır.

1988-ci ildə Moskvaya arxalanan ermənilər azərbaycanlıları doğma torpaqlarından qovmuşlar.

Toponim «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən Baybecan adı ilə bağlı yaranmışdır. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 25.1.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Qızılkənd, Ermənistan prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilib Tsapatağ qoyulmuşdur.

Bağırbəyli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi (427, s.574). Qafqazın 5 verstlik xəritəsində (348, s.27) qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır (427, s.574). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Bağçalı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd.

1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914 - cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19, 102-103). 1918-20-cı illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Bağçacıq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Horbadağ kəndinin şimal-qərbində yerləşirdi. «İrəvan əyalətinin icmal dəfətəri»ndə (143, s.57) qeyd edilmişdir. İndi xaraba kənddir.

Toponim bağça sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Bağçacıq - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22-23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.179), Qafqazın 5 verstlik xəritəsində (348, s.33) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 236, 1886-cı ildə 361, 1897-ci ildə 373, 1904 - cü ildə 618, 1914 - cü ildə 680, 1916-cı ildə 455 nəfər azərbaycanlı yaşamışdır(415, s.84-85, 154-155).

1918-19 - cu illərdə azərbacanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndi məcburi tərk etmiş azərbaycanlılar geri dönə bilmişlər. Kənddə 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 162 nəfər (415, s.85, 155), 1939 - cu ildə 270 nəfər (85, s.221) azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə kəndin sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd 1959 - cu ildə ləğv edilmişdir (427, s.577). İndi ölü kənddir.

Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Bağçacıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.33) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur.

Bazarkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. 1488-1489-cu illərdə xatırlanır (427, s.543). Rayondakı Bazarçay kəndinin yaxınlığında, Bazarçayın yuxarı axarında yerləşirdi. XIX əsrin II yarısında ləğv edilmişdir.

Toponim türk mənşəli bazar etnoniminə (286, s.61) kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlib «bazar tayfasına mənsub kənd» deməkdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bazarçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda çay. Qafqazın 5 verstlik xəritəsində (348, s.28) qeyd edilmişdir.

Bazar türk tayfasının adından (286, s.61) və çay coğrafi nomenindən əmələ gəlmişdir. Etnohidronimdir. İndi çay Vorotan adlanır.

Bazarçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-şərqdə, Bazarçayın yuxarı axarında, düzənlikdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.28) qeyd edilmişdir.

Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildən sonra xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilərək azərbaycanlılar deportasiya olunmuşdur. 1926-cı ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı da yaşamışdır (415, s.77). 1929 - cu ildə onlar da qovulmuşdur. İndi yalnız ermənilər yaşayır.

Toponim bazar türk tayfasının adı ilə (286, s.61) çay sözünün birləşməsindən əmələ gəlib. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bazarcıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəfətəri»ndə (143, s.113), Qafqazın 5 verstlik xəritəsində (348, s.28) qeyd edilmişdir.

Ermənilər buraya 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülmüşdür (427, s.389).

Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminə (286, s.61) qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi qoyulmuşdur.

Bayandur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay. Bayandur kəndindən 5 km şimal-qərbdə yerləşir. Uzunluğu 14 km-dir. Hidronim qədim türk tayfalarından olan bayandur etnonimi ilə bağlıdır. Etnohidronimdir.

Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda vağzal.

Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəfətəri»ndə Bayandırlı formasında (143, s.131) qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür (415, s.40). İndi ermənilər yaşayır.

Toponim bayandur qədim türk tayfasının adı (399, s.56) əsasında əmələ gəlib, «bayandur tayfasının yaşadığı kənd» mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Bayandur - İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir (415, s.22).

Kənddə 1831-ci ildə 101 nəfər, 1873 - cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904 - cü ildə 830 nəfər, 1914 - cü ildə 409 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.28-29, 112-113). 1916-cı ildə kənd erməni təcavüzünə məruz qalmış və azərbaycanlılar tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1918-ci ildən burada ermənilər yaşayır.

Toponim bayandur türk etnonimi (399, s.56; 299, s.79) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur.

Bayandur bulağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda bulaq. Rayondakı Nüvədi kəndinin Ternovit yaylağında yerləşir. Hidronim bayandur türk tayfa adı əsasında yaranmışdır. Etnohidronimdir.

Bayat dağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Hallavar kəndində dağ. Türk mənşəlli bayat etnonimin əsasında yaranan toponimdir.

Bayatlar - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonu ərazisində qışlaq. Hallavar kəndinin yaxınlığında yerləşirdi.

Burada 1926-cı ildə 23 nəfər azərbaycanlı yaşamışdır(415, s.50-51). 1930 - cu illərdə yaşayış məntəqəsi kimi ləğv.edilmişdir.

Toponim oğuz tayfalarından biri olan bayat etnoniminə (228,8.391) -lar şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Bayburd - İrəvan qubeniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 24 km cənub-şərqdə, Azad çayının Milli qolununun sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.28) qeyd edilmişdir. V əsrdən mövcuddur (Ermənistan Sovet Ensiklopediyası, II c., İrəvan, 1976, s.264).

Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 224 nəfər, 1904 - cü ildə 201 nəfər, 1914 - cü ildə 284 nəfər, 1916-cı ildə 465 nəfər azərbaycanlılar (415, s.84-85, 154-155) yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 55, 1926-cı ildə 49, 1931-ci ildə 140 (415, s.85, 155), 1959 - cu ildə 151, 1979 - cu ildə 150 nəfər (427, s.587) azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri -azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür.

Toponim oğuz soyundan olan bayburt etnonimi (238, s.188) əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı bayburdlu olmuşdur (354, s.92). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Bəydağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi.

Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904 - cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-135). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, kəndi tərk edən azərbaycanlılar 1923-24 - cü illərdə doğma ocaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 28 nəfər, 1931-ci ildə 32 nəfər (415, s.55, 135), 1939 - cu ildə 37 nəfər (427, s.588) azərbaycanlı yaşamışdır. Ermənilər buraya 1929-30 - cu illərdə köçürülmüşdür. 1959 - cu ildə Qafan şəhərinə birləşdirilmişdir. Sonralar kəndin keçmiş sakinləri Qafan şəhərinin sakinləri kimi siyahıya alınmışdır.

Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə (359, VI(1), s.754; 278, s.35) dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir (287, s.468).

Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Baydarçay - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunun Mollaqışlaq Kəndində çay.

Hidronim türk mənşəli baytar //baydar etnonimi əsasında yaranmışdır. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Bayraməli qışlağı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir (415, s.106; 427, s.591). Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır (415, s.22-23, 106-107). 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bayraməli qışlağı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Baytar - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir.

Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19, 102-103). Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir (427, s.588).

Toponim baytar (baydar) türk tayfasının adı (222, s.42) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur.

Bakər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində kənd olmuşdur. Rayondakı Aşağı Çəmbərək kəndindən 2 km cənub-qərbdə yerləşirdi. İndi xaraba kənddir. Evlərin və qəbiristanlığın uçuq divarları indi də durur.

Bala zağa - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində Zağa formasında qeyd edilmişdir (348, 94).

1897-ci ildə 178 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim «kiçik» mənasında işlənən bala və «mağara, kaha» mənasında işlənən zağa sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.

Balakənd - Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Rayon mərkəzindən 4 km məsafədə yerləşir.

Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur.

Bala Məzrə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi (348, s.164) qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur (348, s. 164).

Kənddə 1831-ci ildə 227, 1873 - cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914 - cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912 (415, s.27, 113), 1987-ci ildə 2000 nəfər (85, s.290) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır.

Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru,) sözü əsasında (104, s.343) formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.

Bala tüklü təpə - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Barana (Noemberyan) rayonunda təpə. Rayondakı Yuxarı Körpülü kəndi ilə Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndinin sərhədində yerləşir. Oronim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən bala (kiçik mə’nasında) sözü ilə Azərbaycanın Borçalı şivəsində «sıx, kol-kosluq» mənasında işlənən tüklü (129, s.64), «kiçik dağ» mənasında işlənən təpə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Baldırğanlıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda dağ. Baldırğan bitki adına -lıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.

Baldırğan bitki adına Dağlıq Altay toponimlərinin tərkibində də rast gəlinir (337, s.236). Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Baldırğanlı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Erməni mənbələrində «Bldrğand» formasında qeyd edilmişdir (415, s.70). 1930 - cu ildə ləğv edilmişdir.

Toponim baldırğan bitki adına -lı şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Baldırğanlı dağ - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. Baldırğan bitki adından əmələ gəlmişdir. Fitooronimdir. Coğrafi nomenli mürəkkəb quruluşlu oronimdir.

Balıqlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20-21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır.

Qafqazın 5 verstlik xəritəsində (348, s.30) qeyd edilmişdir.

Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914 - cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19, 102-103). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş və bir hissəsi qətlə yetirilmişdir.

Kəndin əhalisi Türkiyəyə pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulmuş və sabitlik yaranmışdır. Kəndin sakinləri ata-baba torpaqlarına qayıtmışdır. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205 (415, s.19, 103), 1964 - cü ildə 300, 1970-ci ildə 440, 1979 - cu ildə 472 (427,s.556), 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Onlar Azərbaycana pənah gətirmişlər. İndi burada ermənilər yaşayır.

Toponim qədim türk dilində «sığınacaq, şəhər, qala» mə'nası bildirən balıq sözünə (399, s.379; 299, s.80) -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.

Balıqçay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində çay. Hidronim qədim türk dilində «şəhər» mənasında işlənən balıq sözü ilə (299, s.80) çay sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir.

Balta dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndi ərazisində qışlaq. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - cu illərində ləğv edilmişdir.

Toponim balta türk tayfasının (286, s.60) adı ilə dərə sözünün birləşməsindən əmələ gəlib, «balta tayfasına mənsub dərə», «yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Baltaçay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında azərbaycanlı kəndi olmuşdur. Dilican şəhəri yaxınlığında yerləşirdi. 1959 - cu ildə kəndin ərazisi Dilican şəhərinə birləşdirilərək ləğv edilmişdir.

Toponim türk mənşəli balta etnoniminə (286, s.60) çay sözünün birləşməsi nəticəsində əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Barana - indiki Ermənistanda inzibati rayon. Respublikanın şimal-şərqində yerləşir. Azərbaycan və Gürcüstanla həmsərhəddir. Rayon kimi 1937-ci ildə təşkil edilmişdir. 1953 - cü ildə rayon kimi ləğv edilərək ərazisi Allahverdi (Tumanyan) rayonunun tabeliyinə verilmişdir. 1954 - cü ildə yenidən müstəqil rayon kimi təşkil edilmişdir. Sahəsi 538 km2dir. Mərkəzi Barana (indi Noemberyan) şəhəridir. Ərazisi 1996-cı ildə təşkil edilmiş Tavuş vilayətinə daxildir. Azərbaycanın Qədim torpaqları olmuşdur. VII əsrdən sonra ərəblərin istilası altında olmuşdur. X-XII əsrlərdə səlcuqların tabeliyində olmuş, 1236-cı ildə monqollar işğal etmişdir. 1801-cı ildə Rusiya tərəfindən işğal edilmişdir.

XIX əsrdə Gəncə quberniyasının Qazax-Şəmşəddin qəzasına daxil idi. 1920-29 - cu illərdə indiki Ermənistanın şimal rayonları ilə birlikdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilmişdir.

Erm. SSR AS RH-nin 4.1.1938-ci il fərmanı ilə adı dəyişdirilib Noemberyan qoyulmuşdur.

Barana - Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi.

Kəndin adı «Abaran» (Abaranlı) sözü ilə eyniləşdirilir. Erməni tədqiqatçıları qeyd edirlər ki, Abaran rayonundan bir neçə erməni ailəsi bu əraziyə köçərək məskunlaşmışdır. Qonşu kəndin adamları onlardan soruşublar ki, siz haradan gəlmisiniz? Cavab verirlər ki, Abarandan (abaranits). Buradan da kəndin adı yaranıb. Yəni Barana Abaran sözünün təhrif edilmiş formasıdır (427, s.618). Lakin bu həqiqətə uyğun deyil.

Toponim qoraqoyunlu tayfa ittifaqına daxil olan və «qoyun», «qoç» sözündən yaranan baranilər etnonimi (ASE, II c., B., 1978, s.25; 271, s.29) əsasında yaranmışdır Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyşdirilib Böyük Oktyabr sosialist inqilabının şərəfinə Noemberyan qoyulmuşdur.

Barana qəzası - İndiki Ermənistanın Dilican qəzası ərazisində kiçik qəza. Ərazisi 524,4 km2, əhalisi 11391 nəfər olmuşdur. I.X.1929 - cu ildə indiki Ermənistanda rayonlaşdırmanın yaradılması ilə bağlı ləğv edilmişdir.

Qaraqoyunluların barani (barana) tayfasının adı (ASE, II c., B., 1978, s.25) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

Barana - Barana rayonunda, Kürün hövzəsində çay. Hidronim türk mənşəli barana etnonimi (271, s.29) ilə bağlı yaranmışdır. Etnohidronimdir.

Baraxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda yaşayış məntəqəsi-qışlaq. Rayon mərkəzindən 30 km şimalda, Tona (Debet) çayının sahilində yerləşirdi. Ləmbəli sovetliyinin tərkibində olmuşdur. Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı olmuşdur (415, s.67). 1930 - cu illərdə yaşayış məntəqəsi kimi ləğv edilmiş, azərbaycanlılar buradan köçürülmüşdür.

Toponim türk mənşəli barak tayfasının (228., s. 16-17; 321, s.43, 45) adı əsasında əmələ gəlmişdir. -lı mənsubluq bildirən şəkilçidir. «Barak tayfasına məxsus yer» deməkdir. Türk dilində barak «uzun, sıx və qıvrım tüklü heyvan» mənasını bildirir. (359, IV (1), s.1447). Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Barzaxı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda əkin yeri. Rayondakı Nüvədi kəndinin ərazisində yerləşir (127, s.ll). Toponim oğuz tayfalarından olan barza etnonimi (238, s.189) əsasında əmələ gəlmişdir. Toponimin sonundakı «xı» şəkilçi funksiyasını yerinə yetirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Basarkeçər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.61) qeyd edilmişdir.

1969 - cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur.

Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir (386, s.599-602; 415, s,110). 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873 - cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır (415, s.26-27). 1908, 1914, 1916-cı illərdə əhali ümumi şəkildə (azərbaycanlılar və ermənilər birlikdə) göstərilmişdir. 1918-ci ildə axərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra buraya azərbaycanlılar qayıda bilmişlər. Erməni mənbələrində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 erməni) azərbaycanlı yaşamışdır (415, s,27, 111). Lakin bu rəqəmlər inandırıcı deyil. 1967-cı ildə 150 (9150 erməni) nəfər (ASE, 1975, I., s.485), 1970-ci ildə 9 nəfər    azərbaycanlı (8077 erməni) yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır.

Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən «basar» və keçmək, getmək mənasını bildirən «keçər» sözlərinin birləşməsindən əmələ gəlmişdir (427, s.609). Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır.

Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə (286, s. 60-61) qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. «Bazar //basar tayfasının keçdiyi, getdiyi yer» mənasını bildirir. «...bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın 1 komponenti... yerində işlənir» (93, s.31). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 2.VI.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.

Basarkeçəri daşt - Göyçə gölünün cənub-şərqində, Basarkeçər rayonu ərazisində çöl, ərazi. 1916 m. hündürlükdə yerləşir. Toponim bazar //basar etnoniminə (93, s.31; 286, s.60-61) qoşulan keçər sözü ilə qədim türk dilində «çöl, bayır» mənasında işlənən daşt (qədim forması dış) sözünün (339, s.173) birləşməsindən əmələ gəlmişdir. «Bazar //basar tayfasının keçdiyi, getdiyi çöl» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Basutçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay. Basatçay formasında da işlənir. «Kitabi-Dədə Qorqud» dastanlarındakı Basat adı ilə bağlı yaranan hidronimdir. Antropohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Batar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Kənd dağlıq yerdə, Min çayının sağ sahilində yerləşmişdir.

Toponim qayı türklərinə mənsub olan padar (>batar) tayfasının (245, s.48) adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Bataxlı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində «lığ, lehmə, palçıq» mənasında işlənən bataq sözünə (9, s.203; 339, s.75) -lı sözdüzəldici şəkilçisinin artırılması ilə düzəlib «bataqlıq, palçıqlıq yerdə olan qışlaq» mənasını ifadə edir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir.

Baharlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-şərqdə, Kığı çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.27).

Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 59 nəfər, 1886-cı ildə 61 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 133 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-135). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kəndin keçmiş sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 122 nəfər (45, s.55, 135), 1939 - cu ildə 176 nəfər, 1959 - cu ildə 249 nəfər, 1970-ci ildə 380 nəfər, 1979 - cu ildə 358 nəfər (427, s.566) azərbaycanlı yaşamışdır.

Kənd 50-ci illərin sonunda Kığı kəndi ilə birləşdirilir, daha sonra kəndin yerində Gecalan mis - molibden kombinatı üçün su anbarı tikilərək kənd ləğv edilir.

Toponim baharlı türk tayfasının adı (329, s.24) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Baharlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Basut çayının sağ sahilində yerləşmişdir. 1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır (427, s.567). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir (427, s.567). Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi (329, s.24) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Baharlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir.

Kənddə 1831-ci ildə 9 nəfər, 1873 - cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914 - cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi (245, s.48, 329, s.24) əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş (354, s.92) və əsasən Zəngəzurda yaşamışlar (329, s.24). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Bahar bəyin bağları - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. XIX əsrin əvvəllərində kənd ləğv edilmişdir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bacoğlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.

Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904 - cü ildə 600 nəfər, 1914 - cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır (415, s.40, 123). Z.Qorqodyanın əsərində azərbaycanlılar qarapapaq adı ilə verilir. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada ermənilərdən başqa, 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 28 nəfər azərbaycanlı yaşamışdır (415, s.40-41, 122-123). 1928-29 - cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur.

Baş Abaran - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. İndi Abaran rayonunda şəhər tipli qəsəbə və rayon mərkəzi. İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.174), Qafqazın 5 verstlik xəritəsində (348, s.33) qeyd edilmişdir. X əsrdən mənbələrdə adı çəkilir. Ermənilər buraya, əsasən, 1914-1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür (427, s.306). Burada indi yalnız ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «əsas» mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi (299, s.47) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.

Baş Abdalar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu daxilində kənd olmuşdur.

Erməni mənbələrində kəndin adı Təzəgyuğ kimi də göstərilir (415, s.44). Burada 1897-ci ildə 143 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-45). XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş, kənd yaşayış məntəqəsi kimi ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim -lar cəm şəkilçisi qəbul etmiş qədim türk mənşəli abdal etnonimi (286, s.59) əsasında əmələ gəlmişdir. «Baş» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Başkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. Ermənilər buraya 1828-29-cu, 1914-1919 - cu illərdə Türkiyənin Alaşkerd, Muş və Bulanis vilayətlərindən köçürülmüşdür (427, s.827).

Kənddə 1873 - cü ildə 191 nəfər azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 nəfər azərbaycanlı, 385 erməni, 1897-ci ildə 357 nəfər azərbaycanlı, 440 erməni, 1914 - cü ildə 410 nəfər azərbaycanlı, 704 nəfər erməni yaşamışdır (415, s.68-69, 144-145). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qırğınlarla qovulmuşdur.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 nəfər azərbaycanlı, 763 erməni, 1926-cı ildə 112 nəfər azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdır (415, s.69, 145). Lakin erməni mənbələrində burada azərbaycanlılarn yaşadığı göstərilmir və guya kənddə yalnız ermənilər yaşamışdır (427, s.827). Azərbaycanlılar 1930 - cu illərin sonunda Ermənistanın Qarabağlar rayonuna, Qarabağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948-50-ci illərdə Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər məskunlaşmışdır.

Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır.

Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə (339, s.77) kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.

Başkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində yerələşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir.

Kənddə 1897-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93). 1928-29 - cu illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «böyük, əsas» mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vernaşen (Başkənd) qoyulmuşdur.

Başkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 11 km qərbdə yerləşir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır.

Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülərək bu kənddə yerləşdirilmişdir (427, s.630).

Toponim Azərbaycan dilində «əsas, yuxarı» mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Kəndin adı əvvəlcə dəyişdirilib Məzrə, sonra Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Barsravan qoyulmuşdur.

Başkənd - İrəvan quberniyasının Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə Azərbaycanın Gədəbəy rayonu ərazisində yerləşir. Buraya ermənilər 1859 - cu ildə Qarabağdan və Şəmşəddin rayonundan gəlmişlər (427, s.453).

Toponim Azərbaycan dilində işlənən baş və kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (Qartalkənd) qoyulmuşdur.

Başkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 5-6 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Başköy formasında (143, s.79), Qafqazın 5 verstlik xəritəsində Başkənd kimi (348, s.34) qeyd edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1829 - cu ildə İranın Salmas və Xoy vilayətlərindən ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s.146). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayırlar,

Toponim türk dilində «baş», «çayın mənbəyi», «dağın zirvəsi», «yuxarı», «əsas», «böyük» mənalarında işlənən baş sözii ilə (339, s.76-77) kənd coğrafi nomenin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Akunk qoyulmuşdur.

Başkənd - Keçəldağ silsiləsində aşırım. Ermənistanın Çəmbərək (Krasnoselo) rayonu ilə Azərbaycanın Gədəbəy rayonunun sərhəddində, Başkənd (Arzveşen) kəndinin yaxınlığındadır. Yay otlağıdır.

Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir.

Kənddə 1830 - cu ilə kimi qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu - İ.B.) yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir.

XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur.

Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə Başkənd kimi (143,s.128), Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında(348, s.34) qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «əsas, böyük, dağın zirvəsi» mənalarında işlənən baş sözü ilə müasir türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir.

Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə Kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur.

Baş Gərni - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.33) qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır.

Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə (339, s.76-77) urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü (332, s.68) əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.

Baş Gözəldərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür (386, s.595-598).

1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Başnalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.99), Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir.

Kəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s.578).

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1873 - cü ildə 85 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 70 nəfər, 1904 - cü ildə 85 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 10 nəfər, 1931-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır (415,s.47, 127). 1940-cı illərdə azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur.

Başsız - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 15 km şərqdə, Alagöz dağının cənubunda, İrəvan-Gümrü yolunun sağ tərəfində yerləşir. Kəndin adı mənbələrdə həm də Baysız göstərilir (415, s.34; 427, s.590). Kənddə 1831-ci ildə 12 nəfər yalnız azərbaycanlı yaşamışdır (427, s.590). Sonralar 40-50-ci illərdə azərbaycanlılar tarixi torpaqlarından sıxışdırılıb çıxarılmış və kəndə Türkiyədən köçürülən kürdlər yerləşdirilmişdir (415, s. 116-117).

Toponim türk dilində toponimiyada «dağ zirvəsi, irəli çıxan, görünən qaya, sıldırım qayalar», «təpə», «çayın yuxarı axarı», «çayın mənbəyi», «böyük», «əsas» mənasında işlənən baş sözünə (339, s.76-77) -sız şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Düzəltmə quruluşlu toponimdir.

Berd qalacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Rayondakı Məliklər (Spandaryan) kəndinin yaxınlığında yerləşirdi. İndi xaraba kənddir. Toponim türk dilində «çətin keçilən yer» mənasında işlənən bert sözü ilə (337, s.239) kiçiltmə mənasını bildirən -cıq şəkilçisi qoşulmuş qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Berdadağ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd. Rayondakı Xaçik kəndindən 2 km cənub-şərqdə yerləşirdi. İndi xaraba kənddir. Toponim türk dilində «çətin keçilən yer» mənasında işlənən bert sözü ilə (337, s.239) dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Beybudabad - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd olmuşdur. Rayonun Təzəkənd (Ayntap) kəndinin yaxınlığında yerləşirdi (427,s.235). Kənd haqqında ilk məlumat 1465-1466 illərdə verilmişdir (427, s.235). Bu kənd XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Beybud şəxs adı ilə fars dilindən Azərbaycan dilinə keçən «yaşayış məntəqəsi, kənd» mənasında işlənən abad sözünün (9, s.25; 339, s.36) birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Berdateğ - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda qala. Quqark rayonundakı Bzovdal kəndindən 12 km şimal-şərqdə yerləşirdi. Xarabalığa çevrilmiş qalanın divarları indi də durur.

Berdi xaraba - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda xaraba kənd. XIX əsrin axırlarına kimi burada dini məbədin qalıqları dururdu. Toponim türk dilində «çətin keçilən yer», mənasında işlənən berd (<bert) sözü ilə (337, s.239) xaraba sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Berdtəpə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Əştərək rayonunda qala. Rayondakı Haxs (Dzorap) kəndinin yaxınlığında yerləşir.

Bekciqazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 500 m şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Bekciqazlu formasında (348, s.36) qeyd edilmişdir. Kəndin adı Becazlı formasında sabitləşmişdir (266, s.264).

Tarixən burada yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1823-30 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən köçürülmüşdür (386, s. 551-554).

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 102 nəfər, 1873 - cü ildə 22 nəfər, 1886-cı ildə 19 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1905-1906-cı illərdə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra - 1920-24 - cü illərdə sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 15 nəfər, 1931-ci illərdə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.47 127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarlarından sonra kənddə yaşayan azərbaycanlılar 1948-ci ildə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Toponim qədim türk dilində «möhkəm», «bərk» mənasında işlənən bek sözü ilə (299, s.92) qaz (kas) türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Toponim sonundakı -lı mənsubluq bildirən şəkilçidir.

Erm. SSR AS RH-nin 20.VII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bostan qoyulmuşdur.

Beşbarmaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəgəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim beş sayı ilə türk dilində «dağın şiş təpəsi, zirvəsi» mənasında işlənən barmaq sözünün (253, s.100; 339, s.74) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bəbirli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də (143, s.130), Qafqazın 5 verstlik xəritəsində (348, s.27) qeyd edilmişdir.

Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür (427, s.629).

Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bartsraşen qoyulmuşdur.

Bəbirli yeri - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda yurd. Bəbirli tayfa adı ilə Azərbaycan dilində «yurd, ərazi, sahə» mənasında işlənən yer sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bəzirxana - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir.

Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı «bəzir» sözünə (35, s.159) xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924 - cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur.

Bəybalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Sofulu kəndinin şimalında yerləşirdi. XIX əsrin əvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir.

Bəybuğan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonu ərazisində dağ. Adı dəyişdirilib Bağaysar qoyulmuşdur.

Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erməni mənbələrində kəndin adı Bekyan, Kiçik Bekyand kimi qeyd edilir (427, s.287). Rayon mərkəzindən 5 km şimalda, Alagöz dağının şimal-qərbində yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə Bəykənd kimi (143, s.126), Qafqazın 5 verstlik xəritəsində Kiçik Bekand formasında (348, s.36) qeyd edilmişdir.

Toponim qədim türk dilində «təpə, yüksəklik» mənasında işlənən bək (bak < bəy) sözü ilə (278, s.35) kənd sözünün birləşməsindən əmələ gəlib «təpəlik, dağlıq yerdə yerləşən kənd» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

1920-ci ildə adı dəyişdirilib Pokr Parni, Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə yenidən adı dəyişdirilib Anuşavan (Anuş şəxs adıdır) qoyulmuşdur.

Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Qaranqu çayının yanında yerləşir. 1728-ci il mənbəyi olan «İrəvan əyalətinin icmal dəftəri»ndə Bəykənd kimi (143, s.126) qeyd edilsə də, XIX əsr rus mənbələrində (348, s.36, 364, N° 1125) və erməni mənbələrində (415, s.42) Bekant formasında qeyd edilir. Təbii ki, Bekant Bəykənd toponiminin erməni və rus dillərində təhrif edilmiş formasıdır.

Toponim qədim türk dilində «təpə, yüksəklik, zirvə» mənasında işlənən bəy (<bək) sözü ilə (278, s.35) kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilib Medz Parni qoyulmuşdur.

Bəyrabad - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 24 km cənub-şərqdə, İcevan-Krasnoselo rayonunun sərhəddinin şimalında yerləşir. Kəndin adı erməni mənbəyində Bayirabad, Bayrabad, Bayravat, Bəriyabad formalarında da qeyd edilir (427, s.589, 592, 625). Kəndin ərazisi 1897-ci ilə kimi Gölkənd kəndinin tabeliyində olmuşdur.

Kənddə 1897-ci ildə 111, 1919 - cu ildə 96 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-115). 1919 - cu ilin yazında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Kəndin sakinləri Azərbaycanın Qazax rayonuna qaçmağa məcbur olmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma ocağlarına dönə bilmişlər. Burada 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 91 nəfər, 1931-ci ildə 109 nəfər (415, s.31, 115), 1939 - cu ildə 102 nəfər, 1959 - cu ildə 205 nəfər (427, s.625), 1986-cı ildə 380 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdür. İndi burada ermənilər yaşayır.

Toponim türk dilində «təpə, hündür yer, təpəlik» mənasında işlənən bair //bayır sözü ilə (366, s.3738; 339, s.64) abad sözünün birləşməsindən əmələ gəlmişdir. Bayır //bair sözü monqol dilində bayr formasında «çöl, bayır» mənasında işlənir (2, s.328). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Barenat qoyulmuşdur.

Bəkdaş - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Beyxtaş formasında qeyd edilmişdir (348, s.35). .

Kənddə 1897-ci ildə 87 nəfər, 1907-ci ildə 100 nəfər (427, s.648) 1914 - cü ildə 230 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-135). 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 40 nəfər (415, s.55, 135), 1959-cı ildə 60 nəfər (427, s.588) azərbaycanlı yaşamışdır. 1973 - cü ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.

Toponim böyük sözünün təhrif olunmuş forması olan bək sözü ilə «dağ, qaya» mənasında işlənən daş sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bələk (Balak) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 9-10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir.

1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir (143, s. 182).

Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş (427, s.554) və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.

Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən (359, IV (2), s.1609) əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.

Bənövşəbuşt - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Rayon mərkəzindən 15-16 km şimalda yerləşirdi. Kənddə 1914 - cü ildə 28 nəfər azərbaycanlı yaşamışdır (415, s.142-143). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarında deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.

Toponim bənövşə bitki adı ilə fars dilində «kiçik təpə» mənasında işlənən puştə sözündən (104, s.507) əmələ gəlib, «bənövşə təpəsi» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bərk dərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda oronim. Oronim Azərbaycan dilində «çətin», «möhkəm» mənasında işlənən bərk sözü ilə dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Bərgüşad - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ. Oronim qaraçorlu türk tayfasından olan bərgüşad etnonimi (286, s.73) əsasında əmələ gəlmişdir. Etnooronimdir.

Bəxtiyar - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında kənd. Dilican şəhəri yaxınlığında, Ağstafa çayının sağ sahilində yerləşirdi.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Bilək - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Kənd su anbarından 3-4 km şimal-şərqdə, çayın sahilində, düzənlik vadidə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Birək kimi (143, s.60) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 334 nəfər, 1897-ci ildə 357 nəfər, 1904 - cü ildə 536 nəfər, 1914 - cü ildə 590 nəfər, 1916-cı ildə 459 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qədim türk dilində «çayın qolu» mənasında işlənən bilək sözü (299, s.99; 366, s.146) əsasında yaranmışdır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Birəli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi(Ararat) rayonunda kənd. Kəndin başqa adı Pirli olmuşdur (415,s.84). Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir.

1590-cı il tarixli «İrəvan əyalətinin müfessəl dəftəri»ndə Pirilər formasında (143, s.173), 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri» ndə Yuxarı Pirli (143, s.107), Qafqazın 5 verstlik xəritəsində Birəli kimi (348, s.39) qeyd edilmişdir.

Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır.

Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.


 

Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.

Birinci Alyanlı - Yelizavetpol (Gəncə) qəberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Burada 1886-cı ildə 714 nəfər azərbaycanlı yaşamışdır (85, s.163). 1905-1906-cı illərdə xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.

Toponim fərqləndirici əlamət bildirən birinci sözü ilə əklənli tayfa adı (406, s.206) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Birinci Bəhlul - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Mastara kəndindən 8-9 km cənub-qərbdə yerləşirdi. Kənd 1940-cı ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Bəhlul şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Birinci Qayaxaraba - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu ərazisində kənd. Kəndin başqa adı «Sultanağıl»dır.

Kənddə 1897-ci ildə 119 nəfər, 1904 - cü ildə 106 nəfər, 1914 - cü ildə 174 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.

Toponim Azərbaycan dilində «təpə, dağ, sıldırım» mənasında işlənən qaya sözü ilə «dağıdılmış yer» mənasında işlənən xaraba sözündən əmələ gəlib «qayalıqda təpədə xarabalığa çevrilmiş kənd» mənasını ifadə edir. Toponimin əvvəlindəki «birinci» sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Birinci Qılıcyataq - İrəvan quberniyasının Adeksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq türk) olmuşdur (415, s.34). Qafqazın 5 verstlik xəritəsində (348, s.137) qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün (118, s.18; 253, s.16; 278, s.53) «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə (10, s.510; 278, s.168) qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.

Bitlicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.39) qeyd edilmişdir.

Kənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır (415, s.45, 127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53 - cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

Toponim türk mənşəli bitli etnoniminə (271, s.33) -cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə kəndin adı dəyişdirilib Bardzraşen qoyulmuşdur.

Bığlı Hüseyn Saraclı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir (427, s.639, 647).

Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi.

Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 16-17, 100-101). 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür. 1922-ci ildə burada 53 nəfər təkcə azərbaycanlı yaşamışdır (415, s.101). 1923-25-cı illərdə kənddə olan azərbaycanlılar sıxışdırılaraq çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi (386, s.535) əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir.

Boğazkəsən - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Qaranqu çayının sol axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.40) qeyd edilmişdir.

XIX əsrin əvvəllərində kəndin sakinləri - azərbaycanlılar qovulmuş, Türkiyə və İrandan köçürülən ermənilər burada yerləşdirilmişdir.

Toponim tayfa adı əsasında formalaşmışdır və iki hissədən ibarətdir: «boğaz» ismi ilə -ən feli sifət şəkilçisi qəbul etmiş «kəsmək» felinin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzorakap qoyulmuşdur.

Boğazkəsən yolu - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Kalinino rayonundakı Cücəkənddə mikrotoponim. Boğazkəsən etnonimi əsasında düzələn mürəkkəb quruluşlu etnotoponimdir.

Boğakar - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda qışlaq. 1920-30 - cu illərdə burada yaşayış olmuşdur. 30 - cu illərin ortalarında ləğv edilmişdir.

Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 4 km cənub-şərqdə yerləşir. «Ñâîä ñòàòè÷åñêèõ äàííûõ î íàñåëåíèè Çàêàâêàçñêîãî êðàÿ» toplusunda Buqıtı (¹ 1109), Qafqazın 5 verstlik xəritəsində Buğutlu kimi (348, s.44) qeyd edilmişdir.

Toponim türk dilində «dağ maralı» mənasında işlənən buğut sözünə (323, s.73) -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

Zootoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 3l.VIII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Arteni qoyulmuşdur.

Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.44) qeyd edilmişdir. Hündürlüyü 2047 m.dir. Oronim dağ maralı mənasında işlənən buğut sözünə -lu şəkilçisinin qoşulması yolu ilə əsasında yaranmışdır. Zooronimdir. Quruluşca düzəltmə oronimdir.

Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. Kirovakan şəhərindən 5 km şimal-qərbdə, Pəmbək çayının sol sahilində, Bozabdal dağının ətəyində yerləşir. Erməni mənbələrində Bzovdal (415, s.130; 427, s.548), Qafqazın 5 verstlik xəritəsində Bzobdal, Bzovdərə kimi (348, s.35) qeyd edilmişdir.

Toponim türk mənşəli boz (287, s.254) və abdal etnonimlərinin (355, s.16) birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bazum qoyulmuşdur.

Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Bazabdal kəndində dağ. Oronim boz və abdal etnonimləri əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Bozavdal yaylası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Saral kəndinin ərazisində yerləşir. Oronim boz və avdal (abdal) etnonimləri ilə «dağlıqda olan düzən yerlər» mənasında işlənən yayla sözünün (10, s.477) birləşməsindən əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Bozburun - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Alagöz kəndindən 5 km şimal-qərbdə yerləşirdi. Kəndin adı Bozbur formasında da qeyd edilir (364,¹217;427,s.716).

Kənddə 1873-cı ildə 81 nəfər, 1904 - cü ildə 100 nəfər, 1897-ci ildə 162 nəfər müsəlman kürdü yaşamışdır (427, s.716). 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş və sakinləri deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir (427, s.716).

Toponim Azərbaycan dilində «çılpaq, otsuz, meşəsiz» mənasında işlənən boz sözü ilə (339, s.87-88), «irəliyə çıxan və ya quruya uzanan quru» (253, s.99), «dağ çıxıntısı, dağın qolu, qumlu təpə, sıldırım qaya», «qurunun, dağın sivri bucaq şəklində düzünə tərəf uzanınış hissə» (198, s.l51;339,s.103) mənasında işlənən burun sözünün birləşməsindən əmələ gəlib, «otsuz çılpaq dağ çıxıntısı, dağın qolu yanında, quruya uzanan yerdə olan kənd» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Bozburun - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir. Dağın adı dəyişdirilib Yerax qoyulmuşdur (427, s.716).

Oronim Azərbaycan dilində «otsuz, çılpaq, meşəsiz» mənasında işlənən boz sözü ilə (339, s.88) «dağ çıxıntısı, dağın qolu» (339, s.103) «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində uzanınış hissə» (198, s.151) mənasında işlənən burun sözünün birləşməsindən əmələ gəlib «otsuz, çılpaq dağ çıxıntısı» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Bozqala - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İmanlı kəndinin cənub-şərqində, Arpaçayın sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir.

Kənddə 1908-ci ildə 139 nəfər, 1914 - cü ildə 159 nəfər azərbaycanlı yaşamışdır (415, s.104-105). Kəndin əhalisi 1918-ci ildə ermənilər tərəfindən təcavüzə məruz qalmış, bir hissəsi qırılmış, sağ qalanlar Türkiyəyə getmişlər. 1922-ci ildən sonra indiki Ermənistanda sakitlik yaranmışdır. Kəndi tərk etməyə məcbur olan azərbaycanlılar 1922-ci ildən ata-baba torpaqlarına dönə bilmişdir. 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 94 nəfər (415, s.18-19, 104-105), 1939 - cu ildə 104 nəfər (427, s.718) azərbaycanlı yaşamışdır. 1940-cı ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.

Toponim Azərbaycan dilində «çılpaq, otsuz, meşəsiz» mənasında işlənən boz sözü ilə (278, s.38-39; 339, s.87-88) qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Bozdoğan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 40 km məsafədə, Arpaçaydan 8 verst aralıda yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.96), Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir.

Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından (303 a. s.11; 238, s.188-189, 332) formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakan qoyulmuşdur.

Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonu ərazisində aşırım. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.41). Oronim türk dilində «otsuz, çılpaq» mənasında işlənən boz sözü ilə (339, s.87-88) «dik, dikə, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «otsuz, çılpaq, meşəsiz»mənasında işlənən boz sözü ilə (278, s.38-39; 339, s.87-88)«dik, dağa, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.

Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda dağ.

Boz kaha - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olmuşdur. Rayondakı Qarnidzor kəndindən 3 km şimal-şərqdə yerləşirdi. İndi xarabalığa çevrilmiş kənddir.

Toponim rəng mənasında işlənən boz sözü ilə «mağara, zağa, qayalıqda, dağda təbii və ya süni oyuq» mənasında işlənən kaha sözünün (11, s.26) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Bozkosa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonundakı kənd.

Kənddə 1873 - cü ildə 99 nəfər, 1886-cı ildə 141 nəfər, 1897-ci ildə 161 nəfər, 1904 - cü ildə 154 nəfər, 1914 - cü ildə 225 nəfər, 1916-cı ildə 221 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.

Toponim bozkosa tayfa adından əmələ gələn etnotoponimdir. Oğuzlarda «boz» sözü ilə əmələ gələn tayfalar çoxdur: bozcalu, boz oxlar, bozdoğan, boz ulus və s. (238, s.164, 175, 186, 188, 198). Sadə quruluşlu toponimdir.

Bozgöy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Erməni mənbələrində kəndin adı Bozikağ, Bozikənd, Həmzəçimən kimi də göstərilir (415, s.52).

Kənd Həmzəçimən çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.41).

Toponim Azərbaycan dilində «bitkisiz, otsuz, meşəsiz, çılpaq» mənasında işlənən boz (9, s.299; 178, s.38-39) və türk dilində «kənd» mənasında işlənən göy sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Markahovit qoyulmuşdur.

Boznəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində Bozlu formasında qeyd edilmişdir (348, s.41).Boznəli Bozlu formasının təhrif edilmiş formasıdır. XIX əsrin əvvəllərində ləğv edilmişdir.

Toponim bəydili türk tayfalarından olan bozlu etnonimindən (238, s.289) əmələ gəlmişdir.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Boyaqçı - İrəvan şəhərində məhəllə. İrəvanda yaşayan azərbaycanlılara aid boyaqçı nəsil adı əsasında formalaşmış patronimik toponimdir. Quruluşca sadə toponimdir.

Bora dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunun Yuxarı Kilsə kəndində dağ. Oronim Azərbaycan dilində «sırsıra» mənasında işlənən bora sözü ilə (253, s.121) dağ oroterminin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.

Borçalı arxı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda arx. Tona çayından çəkilmişdir.

Hidronim Borçalı türk etnonimi (142, s.82; 287, s.54) ilə arx sözü əsasında yaranan etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Bostan tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonu ərazisində, Yuxarı Ağdan ərazisində yerləşən qışlaq. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (85, s.78). XX əsrin 30 - cu illərində ləğv edilmişdir.

Toponim türk mənşəli bostan etnonimi ilə (286, s.61) «meşə sahəsində açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir.

Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Böyük Ağa - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Qanlı Ağalı kəndinin yaxınlığında yerləşmişdir. Z.Qorqodyanın əsərində kəndin adı xatırlanır və göstərilir ki, kənd ləğv edilmişdir (415, s. XVII).

Toponim Azərbaycan dilində «hörmətli, nufuzlu» mənasında işlənən böyük sözü ilə şəxs adı bildirən Ağa sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Böyük Ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində yerləşir.

Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır (415, 67, 98-99). 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391 (415, s.7, 99), 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər (427, s.244) yalnız azərbaycanlı yaşamışdır. Müxtəlif illərdə (1873, 1886, 1908, 1897, 1922, 1926, 1931) əhalinin siyahıya alınmalarda göstərilir ki, kəndə yalnız azərbaycanlılar yaşamışdır (415, s.67, 98-99). Halbuki bu tarixi fakt saxtalaşdırılaraq «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə həmin illərdə kənddə yaşayan azərbaycanlılar erməni kimi göstərilir (427, s.244). 1950-ci ildə Şnoğ meyvəçilik sovxozu ilə birləşdirilmişdir. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların eymur (eymir, imir) tayfa adının (238, s.324; 178, s.204) fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir (245, s.43). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Böyük Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.128), Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir.

Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir (35, s.160). «Arıxlar tayfasından olan Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki, bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz əksini tapır (142, s.39). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.

Böyük Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər (386, s.579-580), 1922-ci ildə 52 nəfər (415, s.138-139) azərbaycanlı yaşamışdır. 1930 - cu ildə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur.

Böyük Vedi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.

1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.172), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində (348, s.50) qeyd edilmişdir.

Burada 1831-ci ildə 799, 1873 - cü ildə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914 - cü ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və 1918-20-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.

Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 nəfər azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır (415, s.85, 155). Sonralar kəndin əhalisi erməni mənbələrində qarışıq şəkildə göstərilmişdir. 1972-ci ildə burada 5624 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövlət tərəfindən qırğınlarla qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində «iki dağ arasında olan uzun çuxur dərə», «bir çayın axdığı yer, çay yatağı», «çöl, səhra», «sahə», «məkan, yer» mənalarında işlənən vadi (104, s.83) sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir.

Böyük Qaraqoyunlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Kəndin bir adı da Yellicə olmuşdur (427, s.46). Qafqazın 5 verstlik xəritəsində Yellicə Qaraqoyunlu kimi qeyd edilmişdir (348, s.92).

Kənddə 1831-ci ildə 379 nəfər, 1873 - cü ildə 408 nəfər, 1886-cı ildə 591 nəfər, 1897-ci ildə 447 nəfər, 1908-ci ildə 505 nəfər, 1914 - cü ildə 655 nəfər, 1916-cı ildə 516 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 392 nəfər, 1926-cı ildə 374 nəfər, 1931-ci ildə 488 nəfər (415, s.27, 111), 1939 - cu ildə 562, 1959 - cu ildə 746, 1970-ci ildə 1130, 1979 - cu ildə 1407 (427, s.46) nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.

Toponim qoraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük» fərqləndirici əlamət bildirən sözdür. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Əzizli, Ermənistan prezidentinin 19.l.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Norabak qoyulmuşdur.

Böyük Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd. Quqark rayonunun ilk adı.

Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. «Böyük» sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kirovakan adlandırılmışdır.

Böyük Dəlilər - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir (415, s.48). Rayon mərkəzindən 2 km şimal-şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında (143, s.49), Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi (348, s.74) qeyd edilmişdir. Burada tarixən yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). Kəndə ermənilər 1828-1829 - cu illərdə İranın Xoy vilayətindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 46 nəfər, 1873 - cü ildə 115 nəfər, 1886-cı ildə 124 nəfər, 1897-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndə az sayda azərbaycanlı dönə bilmişdir. Burada 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 30 - cu illərin ortalannda kənddə olan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Toponim qədim türk tayfası tele (>dəli İ.B.) etnoniminə (180, s.21) cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.

Böyük düz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. Rayondakı Qızılörən kəndinin ərazisində yerləşir. Oronim Azərbaycan dilində «geniş» mənasında işlənən böyük sözü ilə «enişi, yoxuşu, çuxuru, təpəsi olmayan hamar yer» mənasında işlənən düz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yarananan mürəkkəb oronimdir.

Böyük Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.97) qeyd edilmişdir. Kəndin ilkin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra kəndə 1828-29 - cu illərdə İranın Salmas və Xoy vilayətlərindən və 1915-16-cı illərdə Türkiyənin Alaşkerd vilayətindən köçürülən ermənilər yerləşdirilmişdir (427, s.320). Burada ermənilərlə yanaşı 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83). Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün (104, s.207) birləşməsindən əmələ gəlmişdir. Bu söz (zaviyə) islamiyyətlə əlaqədar olub fars dilindəki xanəgah sözü ilə sinonim münasibətindədir və «bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer» anlamını verir. Səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci yeri ruhanilər tuturdu. Ruhanilərə hər vilayətdə şeyxülislamlar, vaizlər və nəhayət, dərviş malikanələrindəki (xanəgah və zaviyələrdəki) şeyxlər daxil idi. Ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar üçün bir küncdə, bucaqda, camaatdan kənarda tikilən evlər zaviyə adlanırdı və sonralar həmin yer yaşayış məntəqələrinə çevrilmişdi (93, s.54). Deməli, Zeyvə kəndləri, zaviyə sözünün əsasında formalaşmışdır. Digər tərəfdən bu bir daha göstərir ki, həmin ərazi Səfəvilərin hakimiyyəti altında olmuşdur. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arataşen qoyulmuşdur.

Böyük yoxuş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda dağ. Rayondakı Göykilsə (Kaputan) kəndinin ərazisində yerləşir. Oronim Azərbaycan dilində «geniş, iri» mənasında işlənən böyük sözü ilə «yolun dağa, təpəyə tərəf qalxan hissəsi, dik yer» mənasını verən yoxuş sözü əsasında yaranmışdır. Relyef əsasında yaranan murəkkəb quruluşlu oronimdir.

Böyük Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.

Qafqazın 5 verstlik xəritəsində (348, s.113) qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-30 - cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində «geçə, yapıncı» mənasında işlənən kəpənək sözündən düzələn kəpənəkçi etnonimi (195, s.159) əsasında əmələ gəlmişdir. Kəpənək sözünə «yıpınçı» mənasında «Kitabi-Dədə Qorqud»da rast gəlinir. «Böyük» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.

Böyük Keyti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.128) qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur (415, s.44).

Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət (339, s.264) və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.

Böyük kotaklı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim peçenəqlərin katak (kotak İ.B) etnoniminə (287, s. 114-116) -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Toponimin əvvəlindəki böyük fərqləndirici əlamət bildiran sözdür. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Böyük Gilanlar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930 - cu ildə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi (415,s.l54).

«İrəvan əyalətinin icmal dəftərin»də Böyük Gilan (143, s.102), Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar (348, s.62) formalarında qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 143 nəfər, 1873 - cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914 - cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-1919 - cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər (415, s.85, 155), 1939 - cu ildə 339 nəfər (427, s.862), azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.

Böyük Məzrə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km şimal-şərqdə, Məzrə çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.62), Qafqazın 5 verstlik xəritəsində (348, s.164) qeyd edilmişdir. Kəndin bir adı Kalı ağalı olmuşdur (415, s.26).

Kənddə 1831-ci ildə 293 nəfər, 1873 - cü ildə 956 nəfər, 1886-cı ildə 1379 nəfər, 1897-ci ildə 1652 nəfər, 1908-ci ildə 1842 nəfər, 1914 - cü ildə 1970 nəfər, 1916-cı ildə 1792 nəfər, 1919 - cu ildə 220 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113).

1918-ci ildə indiki Ermənistanda hakimiyyətə gələn daşnaklar 1919 - cu ilin mayında Böyük Məzrəyə hücum edərək sakinləri qırğınlarla tarixi torpaqlarından deportasiya etmişlər (309, s.305) və 1922-ci ildə kəndə 572 nəfər erməni yerləşdirmişlər (415, s.113). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 572 nəfər, 1926-cı ildə 594 nəfər, 1931-ci ildə 867 nəfər (415, s.27, 113), 1988-ci ildə 2500 nəfər (85, s.281-282) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında erməni sakinlərinin iştirakı ilə azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır.

Kənddə albanlara məxsus IX əsrə aid tarixi abidə vardır. Bu tarixi abidənin üzərində 881-cı il tarixi yazılmışdır. Eyni zamanda kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq indi də qalır. Bütün bunlar kənddə tarixən azərbaycanlıların yaşadığını sübut edir.

Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru') sözü əsasında (104, s.343) əmələ gəlmişdir. Böyük sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.

Kəndin adı erməni dilinə kalka edilərək Medz (böyük) Mazra formasında yazılır və işlədilir.

Böyük Sarıyal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur (415, s.44).

Toponim fərqləndirici əlamət bildirən «böyük» sözü ilə qədim türk dilində «düzənlik, düz, çöl, sahə» mənasında işlənən sara (sarı - İ.B. 359, IV(1), s.315) və «dağın döşü, dağın yamacı», «dağ keçidi, təpə» (339, s.648), müasir Azərbaycan ədəbi dilində «hündür bir yerin təpəsi», «dikdir», «yoxuşun başı» (10, s.479) mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur.

Böyük təpə - Tiflis quberniyasının Borçalı qəzasında, indi Kalinino rayonundakı Cücəkənd kəndində oronim. Oronim Azərbaycan dilində «geniş, hündür, iri» mənasında işlənən böyük sözü ilə «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.

Böyük Təpəköy - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpa gölün şərq tərəfində, dəniz səviyyəsindən 20-27 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.237).

Kəndin sakinləri azərbaycanlıların etnoqrafiq qrupu olan qarapapaqlar olmuşdur. Erməni mənbələrində kənddə yaşayan qarapapaqlar xüsusi bir xalq kimi göstərilir (415, s.20, 105).

Kənddə 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 296 nəfər, 1914 - cü ildə 357 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-20-cı illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalmışlar və sakinlər deportasiya olunmuşlar. Sakinləri Türkiyəyə pənah aparmışlar.

İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri geri qayıtmışdır. 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 138 nəfər, 1931-ci ildə 174 nəfər (415, s.21, 105), 1970-ci ildə 772 nəfər, 1987-ci ildə 757 nəfər (35, s.161) azərbaycanlı yaşamışdır.

1988-ci ilin oktyabr ayında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «kiçik dağ, dağ» mənasında işlənən təpə sözü ilə müasir türk dilində «kənd» mənasında işlənən köy sözlərinin birləşməsindən əmələ gəlmişdir. «Böyük» fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daşdavayr qoyulmuşdur.

Böyük tüklü təpə - Tiflis quberniyasının Loru-Pəmbək qəzasinda, indiki Barana (Noemberyan) rayonunda təpə. Rayondakı Yuxarı Körpülü kəndi ilə Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndinin sərəhəddində yerləşir. Oronim Azərbaycan dili şivələrində «sıx, kol-kosluq» mənasında işlənən tüklü sözü ilə (129, s.64) «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. «Böyük» sözü fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb oronimdir.

Böyük çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonundakı Qayqoca kəndində çay. İki sözdən: böyük və çay hidroterminindən düzəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.

Böyük camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.80) qeyd edilmişdir.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı (142, s.29 ) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.

Böyük Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.290) qeyd edilmişdir.

Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) qoyulmuşdur.

Böyük Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftərin»də (143, s.135) qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə (196, s.42) «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. «Böyük» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS.RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) qoyulmuşdur.

Böyük Şöllü Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir.

1969 - cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 338 nəfər (386, s.547-548),1886-cı ildə 1318 nəfər (Ñâîä ñòàòè÷åñêèõ äàííûõ î íàñåëåíèè Çàêàâêàçñêîãî êðàÿ, Òèôëèñ ,1893, ¹ 101), 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı kənddə yaşayan azərbaycanlılar 1948-53 - cü illərdə zorla Azərbaycana köçürülmüş, Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol (şol - İ.B.) etnonimindən (287, s. 112-114) və dəmirçi türk etnonimindən (271, s.466) əmələ gəlmişdir.

Toponimin əvvəlindəki «böyük» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur.

Börkçülər - İrəvan şəhərində məhəllə. Papaqçılıqla məşğul olan börkçülər (börk papaq deməkdir) tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

Böyük Çobankərə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Qarasu və Zəngi çayları arasında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.286) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 951 nəfər, 1873 - cü ildə 2337 nəfər, 1886-cı ildə 2487 nəfər, 1897-ci ildə 2631 nəfər, 1904 - cü ildə 2411 nəfər, 1914 - cü ildə 3089 nəfər, 1918-ci ildə 2417 nəfər, 1919 - cu ildə 4600 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu ilin sonlarında kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 66 nəfər, 1926-cı ildə 279 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). Kəndin əhalisi 1930 - cu illərdə qonşu Mehmandar kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qazaxlar türk tayfasından olan böyük çobankərə etnonimindən (386, s.535, 631) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Buğakar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sahilində yerləşir.

Kənddə 1897-ci ildə 139 nəfər, 1904 - cü ildə 194 nəfər, 1914 - cü ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 41 nəfər azərbaycanlı yaşamışdır (415, s.67, 143). 1940-cı illərdə rayondakı Lök (Vartanidzor) kənd sovetinin tərkibinə daxil edilmişdir.

Toponim türk dilində «dağ keçidi», «dar, ensiz, vadi, yarğan», «dağ ətəyində, çay sahilində düzənlik yer» mənasında işlənən buk sözü ilə (339, s.99-100) türk dilində «sıldırım qaya» mənasında işlənən kar sözünün (323, s.107) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Buğakar - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunun ərazisində qışlaq olmuşdur. 1926-cı ildə burada 1 nəfər azərbaycanlı, 2 nəfər yunan yaşamışdır (415, s.67). 1930 - cu illərdən sonra rəsmi sənədlərdə adı çəkilmir.

Buğacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Meşənin içində yerləşirdi.

Kənddə 1897-ci ildə 125 nəfər, 1922-ci ildə 21 nəfər, 1926-cı ildə 1 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-135). 1929-30 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim buğacıq türk mənşəli etnonimi əsasında yaranmışdır. Bu tayfanın adına «Kitabi-Dədə Qorqud»da rast gəlirik: «Sol tərəfdə Buğacıq Məlikə Qarabudaq qarşu gəldi» (158, s.77)» . Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Buğda - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Rayondakı Ağudi kəndinin yanında yerləşir. Oronim buğda bitki adı əsasında yaranmışdır. Fitooronimdir. Quruluşca sadə oronimdir.

Buğdalı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim buğdalı tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Buğda təpə - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. XVIII əsrdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Buğdayitəpə formasında (143, s.55) qeydə alınmışdır. Kənd Göyçə dağında yerləşirdi. Z.Qorqodyan Göyçə mahalında ləğv edilmiş kəndlər sırasında Buğdatəpə kəndinin də adını çəkir (415, s.16).

Toponim bitki adı bildirən buğda və kiçik dağ mənasında işlənən təpə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Buğdatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Göyçə gölünün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.44) qeyd edilmişdir.

Oronim bitki adı bildirən buğda təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.

Buğdatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım. Qafqazın 5 verstlik xəritəsində (348, s.44) qeyd edilmişdir.

Buğdatəpə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Hündürlüyü 2057 m-dir. Oronim buğda və təpə coğrafi nomeninin birləşməsindən əmələ gələn fitooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Buğdaşen - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Oktemberyan) yolunun üstündə, yaylaqda, Arpaçayın yaxınlığında yerləşir. Burada XIX əsrin 30 - cu illərinə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-29 - cu illərdə Türkiyənin Alaşkert, Bulanix, Muş vilayətlərindən köçürülmüşdür (427, s.535).

Toponim buğda və qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən şenlik mənasını ifadə edən şen sözündən formalaşmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur.

Buğdaşen stansiya qəsəbəsi - Ağin (Ani) rayonunda stansiya qəsəbəsi. Qəsəbənin adı Buğdaşen kəndinin adından götürülüb.

Erm. SSR AS RH-nin 31.VII.1950-ci il tarixli fərmanı ilə dəyişdirilib Baqravan stansiya qəsəbəsi qoyulmuşdur.

Buğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda dağ. Dağın adı dəyişdirilib Arteni qoyulmuşdur. Oronim türk dilində «dağ maralı» mənasında işlənən buğut sözü (323, s.73) əsasında formalaşmışdır.

Bulaqlar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi.

Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.89, 159). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1949 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Bulaqlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda yerləşir. 1969 - cu ilə kimi, Zəngibasar (Masis) rayonu təşkil edilənədək, Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 nəfər, 1908-ci ildə 256 nəfər, 1914 - cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri 1923-25-cı illərdə ata yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır (145, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onların bir hissəsi yenidən öz kəndlərinə qayıtmışdır. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti bir daha onları zorla doğma yurdlarından Azərbaycana qovdu. İndi burada ermənilər yaşayır.

Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən bulaq etnoniminə (238, s.5152) mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi qoyulmuşdur.

Bulxer - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Bulxeyir (143, s.174), 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətiriin icmal dəftəri»ndə Əbülxeyir (143,s.54), Bulxeyir (143, s.lll), Qafqazın 5 verstlik xəritəsində Blxer (348, s.40) formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir (415, s.4). Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur (383, c.222, 265, s.38). Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində «igid, qoçaq»mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır.

Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şenavan qoyulmuşdur.

Bunud - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. İrəvandan 85 verst məsafədə, Cığın dərəsində, Cığınsu çayının yanında, Topdağ dağının ətəyində yerləşir.

Kənddə 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 173 nəfər,1897-ci ildə 161 nəfər, 1904 - cü ildə 397 nəfər, 1914 - cü ildə 437 nəfər, 1916-cı ildə 215 nəfər azərbaycanlı yaşamışdır (415,s.84-85, 154-155). 1918-19 - cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra, azərbaycanlılar 1923-25-cı illərdə öz kəndlərinə dönə bilmişlər. 1926-cı ildə burada 35 nəfər azərbaycanlı yaşamışdır (415, s.85). 1930 - cu illərdə azərbaycanlılar qovularaq kənd ləğv edilmişdir. İndi xarabakənddir.

Toponim «soy, nəsil» mənasında işlənən bun sözünə (359, IV(2), s.1813), -ud şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Burma - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonu ərazisində kənd. Rayon mərkəzindən 10-12 km cənub-qərbdə, Tona (Debed) çayının sol sahilində yerləşirdi. Burada tarixən yalnız azərbaycanlılar yaşayıb.

Kənddə 1922-ci ildə 59 nəfər azərbaycanlı yaşamışdır (415, s.98-99). 1930 - cu illərdə kənd ləğv edilmişdir.

Burun - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir.

Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru» (253, s.99), «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi» (9, s.330), «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə» (198, s.151), başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən (339, s. 103-104) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.

Burçulu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Qacaran kəndindən 2-3 km cənub-qərbdə yerləşmişdir.

Toponim qıpçaq mənşəli burçoğlu etnoniminin (286, s.48) fonetik variantı olan burçulu etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Bülbülolan - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. Orta kənddən 3-4 km qərbdə, Həsənkəndlə Qoytul kəndləri arasında (85, s.354), Təkədonduran dağının yaxınlığında yerləşirdi. Kəndin digər adı Bülbüloğlu və Kaha olmuşdur (427,s.751).

Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 163 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 252 nəfər, 1904 - cü ildə 398 nəfər, 1914 - cü ildə 437 nəfər, 1916-cı ildə 223 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd əhalisindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır (415, s.160-161). Onlar yenidən 1923-1925-cı illərdə qovularaq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim şəxs adı (Bülbül olan// Bülbüloğlu) əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Bcni - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Beçni formasında (143, s.36), Qafqazın 5 verstlik xəritəsində Bicni kimi (348, s.34) qeyd edilmişdir. Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829-30 - cu illərdə, eləcə də 1915-27-cı illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür (427, s.737).

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873 - cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914 - cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-101). 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır (415, s.17, 101). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə azrbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır.

Toponim beçenek türk tayfasının (399, s.488) adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır.

 


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |