ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Nadir

NADİR ŞAH ƏFŞAR
(Tərcümeyi-hal oçerki)

Ədalət Tahirzadə

Elmi redaktoru: İsmayıl MUSAYEV
M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru


YAZARDAN

“Azərbaycan imperatorları” seriyasıyla yazılar yazmağa bizi sevimli dostumuz, görkəmli alim və ictimai xadim Arif Rəhimoğlu həvəsləndirdi. Millətimizin minilliklər boyunca bir an belə qırılmadan yaşamış dövlətçilik ənənələrinin gerçəkdən nə qədər güclü olduğunu soydaşlarımıza bir daha xatırlatmağın önəmi, gərəkliliyi dəfələrlə apardığımız söhbətlərin başlıca mövzusu oldu.

Doğrudan da, bu gün bir çox yurddaşımız özünün gerçək tarixini bilmədiyinə görə başqalarına həsəd aparır, onların ən savadsızları hətta milli mənsubiyyətlərindən utanırlar da. Ancaq bəşər tarixinə təkcə son minillikdə Eldənizlilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar… kimi möhtəşəm imperiyalar bəxş etmiş Azərbaycan türkünün başıuca olmaq haqqı başqalarından qat-qat artıqdır!

Çox sevindiricidir ki, bütün tarix boyunca Azərbaycan türkünün hətta ən savadsızı da özünün dövlətçilik ənənələriylə, dövlətiylə, padşahlarıyla öyünüb, qürur duyub, özünü dövlətsiz, hökmdarsız düşmənlərindən üstün sayıb. Minilliklərin arxasından boylanan Qaraca Çoban düşmənlərini belə söyür: “Mərə, dini yox, əqlsiz kafir! Ussu yox, dərnəksiz kafir!”. Qədim oğuz babalarımız parlamentə “dərnək” deyirdilər və xalqın parlamentsiz olması çobanımızın gözündə söyüşə layiq haldı. Yaxud dahi Mirzə Cəlilin qəhrəmanı – “kasıb bənnaların biri” olan savadsız Usta Zeynal erməni dövlətlisi Muğdusi Akopdan soruşur: “Xozeyin, niyə sizin padşahınız yoxdur?”. Bu sıravi türk bənnasının düşüncəsinə görə, əsl millətin dövləti və padşahı olmalıdır!..

“Azərbaycan imperatorları” seriyasında, inşallah, öz qılınclarıyla Şərqin ən möhtəşəm imperiyalarını qurmuş ən görkəmli dövlət başçılarımızın tərcümeyi-hal oçerklərini göz önünə qoymaq niyyətindəyik. İstəyirik ki, əlinə yenicə kitab alıb oxumağı öyrənən məktəbli də bu əsərlərlə tanış olduqdan sonra qürurla desin: “Bax, mən o dövlətin varisi, o babanın nəvəsiyəm!”.


Nadir şah Əfşar

XVIII yüzildə dünyanın ən görkəmli hökmdarlarından biri, əzəmətli türk Əfşar imperatorluğunun qurucusu Nadir şah Əfşar (Nadirqulu İmamqulu oğlu Əfşar) 22 oktyabr 1688-də Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində dünyaya göz açıb.

Oğuzların Əfşar (Avşar, Ovşar) boyunun Eberli tayfasının Qırıxlı oymağından olan Nadir şah Azərbaycanın və bütün türk dünyasının yetişdirdiyi ən şərəfli qəhrəmanlardan biridir. Miladdan öncə VII yüzildə Alp Ər Tonqa ilə başlayan türk cahangirləri silsiləsi 2500 il sonra Nadir şahda bitir. Onun tarixi xalqımızın və Vətənimizin əbədi çağlayan coşğun qürur qaynağıdır.

Nadir şah, ömrünün ən azı 37 ilini eyni zamanda həm xarici işğalçılarla, həm də ölkə içindəki satqınlarla 120-dən artıq müharibədə keçirib. O, Səfəvilərin son çağlarında dağılmaqda olan dövləti yenidən bərpa etdi, bütün işğalçıları ölkədən qovdu, daxili qiyamları yatırdı, ölkə torpaqlarını iki dəfə genişləndirərək qüdrətli bir Əfşar imperiyası yaratdı.

Atası İmamqulu kürktikəndi və Nadirqulu adı verdiyi oğlu doğulandan az sonra vəfat etmişdi. Dərəgəz vilayətinə hücum edən (1704/05) özbəklər 16-17 yaşlı Nadirqulunu, qardaşı İbrahimi və anasını əsir edib apardılar. 4 il sonra anası öldü, qardaşıyla birgə əsirlikdən qaçıb Əbivərdə gəldi.

Hökmdarlığa yaraşmayan əyyaş I Şah Hüseyn Səfəvinin (1694-1722) hakimiyyətinin sonunda Səfəvilər dövləti əslində məhv olmuşdu. Əfqan Üveysilər sülaləsi (1722-1729) Səfəvilərin raytaxtı İsfahanı (22.10.1722), daha sonra Kaşan, Qəzvin, Qum və Tehranı işğal edərək 7 il hakimiyyətdə qaldı. Səfəvi torpaqlarına yiyələnmək istəyən rus çarı Dəli Petro (I Pyotr) da 18 iyul 1722-də böyük bir ordu və 274 gəmiylə Həştərxandan Azərbaycana hücum çəkdi (sentyabrda Peterburqa qayıtmağa məcbur oldu), çox keçmədən onun qoşunları Dərbəndi (15.8.1722) və Gilanı (11.1722) tutdular (Bakınısa 1723-ün iyununda ələ keçirdilər).

Əbivərd hakimi olan qayınatası Babaəli bəyin müdafiə dəstəsinə daxil olan (1710) Nadirqulu Əbivərdə basqın edən özbəklərin və yomut türkmənlərinin üzərinə onun tapşırığıyla qoşun çəkdi və onları 1719-da əzib qovdu. 1719/20-də möhkəm Kəlat qalasını tutaraq özünə qərargah etdi. Dərəgəz və Qoçanda çoxlu qoşun yığaraq əfqan Məlik Mahmudla bir neçə dəfə vuruşaraq onu əzdi. Babaəli bəy 1723/24-də ölərkən nəyi vardısa hamısını kürəkəni Nadirqulunun ixtiyarına buraxdı. Bundan sonra Nadirqulu əfqanlarla bir çox uğurlu müharibələr apararaq qalalar aldı, ana yurdu Məşhədi ələ keçirdi (22 oktyabr 1725).

Özünü şah elan etmiş II Təhmasib Səfəvi (1722-1732) səfirləri İsmayıl bəyi Dəli Petronun, Məhəmmədrza xanı I Sultan Mahmudun yanına kömək istəməyə göndərdi. Ancaq İsmayıl bəy 12 sentyabr 1723-də Azərbaycanın Xəzərsahili torpaqlarının: Dərbənd, Bakı, Salyan, Lənkəran, Gilan, Rəşt, Ənzəli, Mazandaran və Əstərəbadın Rusiyaya birləşdirilməsi haqqında özbaşına olaraq müqavilə imzaladı. Səfəvilərin zəifliyindən yararlanan Osmanlı sərkərdəsi Abdulla paşa isə İrəvanı, Qafqazın qərbini, Təbrizi, Rzaiyyəni, Kirmanşah, Loristan və Xuzistanı ta Kəngər (Fars) körfəzinədək tutdu.

24 iyun 1724-də Osmanlı və Rusiya dövlətləri arasında bağlanan İstanbul müqaviləsinə əsasən, İrəvan, Gürcüstan və Xəzəryanı bölgələr çıxılmaqla bütün Azərbaycan Türkiyəyə, Xəzərsahili Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəli zolağı Rusiyaya verildi.

Çox ağır durumda olan II Təhmasib Nadirqulunun igidliyindən xəbər tutaraq 1726-da onu Əbivərdə hakim qoydu. Həmin ildə Nadirqulunun 3 minlik qoşunuyla Xəbuşanda (Əbivərddə) II Təhmasib qüvvələriylə birləşdi və tezliklə o, Təhmasibin şəxsi hərbi müşaviri oldu.

Nadirqulu xan 1726-nın oktyabrında II Təhmasibin sipəhsaları (qoşun başçısı, sərkərdəsi) təyin ediləndə gerçək durum beləydi – Səfəvilər dövləti əslində mövcud deyildi; onu əfqanlar, ruslar və Osmanlılar öz aralarında bölmüşdülər. Özünə “Təhmasibqulu” ləqəbi götürən Nadirqulu əlinə qılınc aldığı ilk gündən Vətən torpaqlarını geri qaytararaq yenidən vahid dövlətdə birləşdirməkçün işğalçılarla amansız savaşa girişdi və heç on il keçmədən bu vəzifənin öhdəsindən şərəflə gəldi.

Təhmasibin qulluğunda Nadirqulu xanın ilk böyük qələbəsi Məşhədi tutaraq əfqan Məlik Mahmudu məğlub etməsi (13.12.1726) oldu. Sonra o, tədriclə əfqan feodallarını Səfəvi torpaqlarından qovdu və üstəlik, Heratı da tutdu (5.1729). Məşhədi özünə qərargah seçən Nadirqulu xan Səfəvi paytaxtı İsfahanı da əfqanlardan geri alaraq (26.10.1729) bu şəhəri düşmənlərdən təmizlədi və 7 il 10 ay öncə İsfahandan çıxmış Təhmasibi yenidən həmin şəhərdə taxtda oturtdu (30.11.1729). Şəhərin hakimi Əşrəf Əfqan qaçdı.

Bu igidlikləriylə o həm özünü yenilməz bir sərkərdə kimi təsdiqlədi, həm mərkəzi hakimiyyəti xeyli gücləndirdi, həm də millətin qürurunu artıraraq onda özünəinam yaratdı, xalqımızın döyüşkənlik ruhunu yüksəltdi. Ancaq II Təhmasib Nadirin hərbi uğurlarından ciddi qorxuya düşərək ona bir sıra xəyanətlərdə bulundu, dövlət mənafeyini hər neydən üstün tutan Nadirsə onu hər dəfə alicənablıqla bağışladı.

İsfahanı aldıqdan sonra Əşrəf Əfqanla 4 dəfə qanlı savaşa çıxan Nadirqulu xan 25 dekabr 1729-da onu məhv etməkçün Şiraza qoşun çəkərək bu şəhəri aldı. Şirazdan tərpənib Loristandan keçməklə Bürucərdə gələn Nadirqulu xandan ötrü şah buraya qiymətli daşlarla bəzədilmiş bir tac və İsfahanın alınmasının qarşılığı olaraq onun Xorasan, Mazandaran, Yəzd, Kirman və Sistan valisi təyin edilməsi haqqında fərmanı göndərdi.

Şirazdan da qaçan Əşrəf 1730-da Qəndəhar yaxınlığında öldürüldü. Beləliklə, Fars əyalətini itaətə gətirən və oraya Məhəmmədəli xanı hakim qoyan Nadirqulu (Təhmasibqulu) xan 7 illik hakimiyyətləri çağında 2 milyonadək insanı amansızcasına qırmış, ən yaxşı şəhərləri, ən gözəl binaları xaraba qoymuş qaniçən, dağıdıcı əfqanlar üzərində qəti qələbə çaldı. İndi o, üzünü Osmanlılara sarı çevirə bilərdi.

Osmanlı dövlətinə səfir göndərərək Səfəvi torpaqlarını qaytarmağı tələb edən Nadirqulu xan rədd cavabı aldıqda müharibəyə girişdi və Həmədana doğru hərəkət etdi (9.3.1730), öncə döyüşlə Nəhavəndi (1.7.1730), sonra müqavimətsiz Həmədanı (7.7.1730) tutdu.

Nadirin qələbələrindən təşvişə düşən Osmanlı sultanlığı Səfəvi dövlətinə rəsmən müharibə elan etdi (23.7.1730). Marağada Osmanlılara qalib gəldikdən sonra Nadirqulu xan Təbrizi (12.8.1730) və Ərdəbili (9.1730) də onlardan geri aldı. Bisütun bəy Əfşarı Təbrizə hakim qoydu. Rzaqulu xan Şamlını Osmanlı sədrəzəmi İbrahim paşanın yanına göndərərək sülh təklif etdi. Sədrəzəmin öldürülməsi, III Sultan Əhmədin devrilib (1.10.1730) yerinə qardaşı Sultan Mahmudun gəlməsiylə Osmanlılar Səfəvilərlə savaşdan əl götürdü.

Nadirqulu xan İstanbuldakı qarışıqlıqdan yararlanıb Naxçıvan və İrəvanı da Osmanlılardan geri almaq istəsə də 1730-un avqustunda Xorasanda əfqanların (abdalların) üsyan qaldırdığını eşidərək savaşı davam etdirmədən Təbrizdən Məşhədə yollanmalı oldu (ora noyabrın başlanğıcında çatdı). O, 1731-in iyulundan əfqanları (abdalları) bir neçə dəfə əzdi və uzun mühasirədən sonra Heratı bütünlüklə tutdu (27.2.1732).

Bu vaxt II Təhmasib qoşun başçılığını öz əlinə aldı və Nadirqulu xanın təsir gücünü azaltmaqçün onun yalnız Xorasanı idarə edəcəyini, Osmanlı və Rusiyanın tutduğu torpaqları geri almaqda da ona ehtiyac olmadığını bildirdi və özünə nüfuz qazandırmaqçün Naxçıvan və İrəvanı qaytarmaqdan ötrü Osmanlılarla müharibəyə başladı (12.1730), ancaq Həmədan yaxınlığında məğlub olduqdan (15.7.1731) sonra Kirmanşahı (30.7.1731), Həmədanı (18.9.1731), Urmiyəni (15.11.1731) və Təbrizi (4.12.1731) də itirdi. Paytaxt İsfahandan uzaqlarda olan Nadirqulu xanın razılaşmamasına baxmayaraq 10 yanvar 1732-də Osmanlılar və Səfəvilər arasında Bağdadda müqavilə bağlandı. Bu andlaşmaya görə, Təbriz, Ərdəlan, Kirmanşah, Həmədan, Hüveyzə və Loristan Səfəvilərdə qaldı, İrəvan, Naxçıvan, Tiflis, Gürcüstanın çox hissəsi, Gəncə, Şirvan və Dağıstan Osmanlılara verildi, Araz çayı iki dövlət arasında sərhəd oldu. Ancaq sultan da, Nadir də bu sənədi qəbul etmədiyinə görə o, gerçəkləşə bilmədi.

Təhmasibin Osmanlılarla bağladığı müqavilədən qəzəblənən Nadirqulu xan Heratdan Osmanlı sultanına xəbərdarlıq göndərdi: “Şah Təhmasibin müqaviləsinin siyasi qiyməti yoxdur”. O, bu məzmunda bir məktubu da İsfahan sarayına göndərdi: “Müqaviləyə əsasən təyin olunan sərhədlər Allahın və ölkənin istəyinin əleyhinədir, ona görə də biz bu müqavilələri rədd edirik”.

Dəli Petronun ölümündən (1725) sonra Rusiyada Səfəvi torpaqlarını əlində saxlaya biləcək bir şəxs yoxdu. Bu amili də nəzərə alan Nadirqulu xan rusların ixtiyarındakı Gilana Hüseynqulu xan Zəngənəni, Mazandarana Oğuzlu xanı hakim qoydu və 1730-da rus generalı Levansovdan Xəzəryanı bölgələri təcili boşaltmağı tələb etdi.

II Təhmasibin nümayəndəsinin iştirakıyla 21 yanvar 1732-də Rəştdə Rusiya və Səfəvi dövlətləri arasında müqavilə imzalandı; Bakı və Dağıstan Rusiyaya verildi, ancaq Rusiya Kür çayından (Salyandan) güneydəki Xəzərsahili torpaqları qaytardı, Səfəvilərsə bu əraziyə Osmanlıları buraxmamağı öhdəsinə götürdü.

Abdalları darmadağın edən, ğəlcailəri itaətə gətirən Nadirqulu xan Heratdan Məşhədə (13.3.1732), oradan da İsfahana (1.9.1732) gəldi. Zabitlərin hüzurunda II Təhmasibdən soruşdu: “Niyə öz vətəninə xəyanət edib bədnam Bağdad və Rəşt müqavilələrini imzalamısan?”.

Nadir xan İsfahana gəlişindən 6 gün sonra, hakimiyyətini 6 il öz qılıncıyla qoruyub saxladığı II Şah Təhmasibi taxtdan salaraq Xorasana göndərdi, onun beşikdəki körpəsi Abbas Mirzəni III Şah Abbas adlandıraraq başına tac qoydu (7.9.1732), özünüsə şahın naibi (naibüssəltənə) və vəkili (vəkilüddövlə) elan edərək Səfəvi dövlətini onun adından idarə etməyə başladı.

II Təhmasibin Osmanlılarla bağladığı Bağdad müqaviləsini ləğv edən Nadir xan Osmanlı dövlətindən 1723-dən bəri tutduğu bütün Səfəvi torpaqlarını geri qaytarmağı tələb etdi. Rədd cavabı alınca Osmanlılarla yeni müharibəyə başladı.

Nadir olduqca məharətli sərkərdəydi və döyüşlərdə hər dəfə yalnız özünün sınaqdan çıxardığı, öz döyüş təcrübəsinə məxsus yeni taktikalar, üsullar tətbiq edər, düşməni tam gözləmədiyi bir durumda yaxalayaraq ona üstün gələr, bu zaman öz qoşununun ən az itki verməsinə nail olardı. O, hər müharibədə yerli şəraitə uyğun taktika və strategiya seçərdi. Məsələn, bir dəfə o, ağır topların şəhər qalasının yanına aparılmasının mümkünsüzlüyünü gördükdə məhz mühasirəyə aldığı qalanın yaxınlığında bir neçə top düzəltdirərək hasarı dağıtmış və qalib gəlmişdi.

Qoşunu 3 yerə ayıraraq bir bölümünü Azərbaycana (əsasən Gəncəyə), bir bölümünü Kərkükə yollayan, özüsə Ərbilə gedən Nadir xan 27 noyabr 1732-də Kirmanşaha gəldi və oranı tutdu. Osmanlı sərhədinə çatdı, Kərkük və Van şəhərlərini alan qüvvələrlə birlikdə 1-2 fevralda Dəclə çayını keçərək Bağdad yaxınlığına gəldi. 16 fevral 1733-də Bağdad üzərinə yürüş başlandı. Ağır vuruşdan sonra Nadir köhnə Bağdad şəhərini, az sonra da Samirə, Hillə, Kərbəla, Nəcəf və başqa şəhərləri tutdu, Bağdadın mühasirəsini daraltdı. Ancaq o, bu qalib durumunda da hər zaman sülh bağlamağa hazır olduğunu bəyan edirdi, Osmanlılarsa onun şərtlərini qəbuledilməz sayırdılar. Əyyubi Əhməd paşa adamlarını onun yanına danışıqlara göndərməklə öz dövlətinə vaxt qazandırmağı bacardı. 19 iyul1733-də Bağdada köməyə gəlmiş Topal Osman paşanın qoşunuyla dəhşətli vuruşmada Nadir ağır məğlubiyyətə uğradı.

4 avqust1733-də Həmədana gələn Nadir 12 sentyabrda yeni qoşunla Kirmanşaha doğru yürüdü. 2 oktyabrda Osmanlı sərhədini keçdi. 9 noyabr 1733-də Ağ-Dərbənddə Osmanlı qoşunlarını dağıdaraq Kərkük üzərinə gəldi, bu şəhərin yaxınlığındakı Surtaş kəndi ətrafında görkəmli sərkərdə Topal Osman paşanın üzərinə gözlənilməz hücuma keçdi, paşa həlak oldu və Nadir qələbə çaldı. Bundan sonra Hillə, Nəcəf və Kərbəlanı yenidən tutan Nadir Təbrizi azad etdi. Tezliklə Süleymaniyyə, Kərkük, Mosul və bir sıra başqa mühüm yerlər də onun əlinə keçdi.

16 noyabr 1733-də Nadir 30 minlik qoşunla Bağdada gəldi. Bir müddət keçəndən sonra Bağdad valisi Əhməd paşa Nadirə sülh təklif etdi və 1733-ün dekabrında iki tərəf arasında Bağdad müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Osmanlılar son 10 ildə tutduqları bütün Səfəvi torpaqlarını qaytarmalı oldu (ancaq işdə buna əməl etmədi). Bundan başqa, iki dövlət arasında 1639-dakı sərhədlərin saxlanılması, qarşılıqlı şəkildə əsirlərin buraxılması və qənimət alınmış topların qaytarılması, Əfşar dövlətindən həccə gedən zəvvarlara Osmanlı imperiyası ərazisində əngəl törədilməməsi rəsmiləşdirildi.

Bu andlaşma əsasında Güney Azərbaycandakı hərbi əməliyyatlar dayandırıldı. Əhməd paşa İrəvan, Tiflis, Gəncə və Şirvan paşalarına bu torpaqları boşaltmaq (bu göstərişi sonra İstanbul ləğv etdi) və əsirləri azad etmək göstərişi verdi. Mahmud xan Bəluc qiyam qaldırdığına görə (Nadir onu darmadağın edərək 1 fevral 1734-də Şirazı geri aldı) Bağdadı almadan sülhə razılaşmağa məcbur olan Nadir xan da tutduğu bütün əsirləri buraxdı və iki dövlət arasında sülhün vacibliyi haqqında Osmanlı baş vəzirinə Qazi Əbdülkərim əfəndiylə (o, Kərkük müharibəsində Əfşarlara əsir düşmüşdü) 2 məktub göndərdi, sülhün yalnız Qafqaz əyalətlərinin qaytarılacağı halda mümkünlüyünü bildirdi və müqavilənin təsdiqlənməsinə 90 gün vaxt verdi. Təəssüf ki, Osmanlı sarayı Bağdad müqaviləsini təsdiqləmədi, bu işi müxtəlif bəhanələrlə gecikdirdi və Əhməd paşanı işdən götürdü.

Osmanlılarla münasibəti pis-yaxşı nizamlayan Nadir xan indi də üzünü Rusiyaya çevirdi və Xəzərsahili torpaqları boşaltmağı ondan tələb etdi. Doğrudur, Rusiya Nadirin naibüssəltənə olmasına sevinmişdi, çünki həm tezliklə Səfəvi xanədanına son qoyulacağını duyur, həm də sonra şahlığa layiq bir adamı meydanda görmür, sıradan birisi olan Nadirin şahlıq taxtında otura biləcəyinisə ağlına gətirmirdi. Ancaq ruslar necə yanıldıqlarını tezliklə başa düşdülər.

Rusiya Nadirin Osmanlı dövlətiylə sülh sazişi bağlamasını istəmirdi, çünki Fransanın Osmanlıları Rusiyaya müharibəyə məcbur edəcəyindən və Rusiyanın durumunun pisləşəcəyindən qorxurdu. Nadirin indiki qələbəsi fransızları pərt, ruslarısa şad etdi.

Nadir xan Rusiyanın fövqəladə səfiri, vaxtilə Rusiyanın İspaniya və Almaniyada da səfiri işləmiş təcrübəli diplomat S.D.Qolitsinin başçılığı altında bir heyəti İsfahanda qəbul etdi (20-31.5.1734). Qolitsin Nadirə Osmanlılar əleyhinə Rusiyayla müqavilə bağlamağı təklif etdi və Osmanlılarla savaşda Rusiyanın Nadirə yaxından köməklik edəcəyini, o, Qafqaz uğrunda savaşa başlasa Osmanlılara yardım göstərməyəcəyini bildirdi. Bu zaman Nadir öz rəqibini əcnəbilərin köməyi olmadan diz çökdürəcəyini söylədi. Rusiya Osmanlılara arxalanan Surxay xanın Şirvandakı davranışından narahatlığını da dilə gətirdi.

Nadir xanla söhbətdən sonra Qolitsin Peterburqa məlumat verdi ki, Rusiya Bakı və Dərbəndi qaytarmadığına görə Nadir ona qarşı çox qəzəblidir. Əsl milli qürur yiyəsi olan Nadir özgənin tövsiyələrinə qulaq asan deyil, ona görə də gözləməliyik.

Osmanlı dövləti Nadirə qarşı yürüşə hazırlaşsa da birbaşa müdaxilədən qabaq ŞirvanDağıstanda öz nüfuzunu gücləndirməyə üstünlük verdi. Bundan ötrü İstanbul Krım xanına göstəriş verdi və o da Dağıstana 20 min qoşun göndərərək əhalini Nadir hakimiyyətinə qarşı qaldırdı.

Osmanlı sultanı 1734-ün iyununda İsfahandakı Nadir xana məktub və nümayəndə göndərərək Osmanlı ordusunun baş komandanı Abdulla paşa Köprülünün sülh müqaviləsi bağlamağa tam səlahiyyətli olduğunu bildirdi. Nadir də öz növbəsində sultana məktub yazdı ki, Osmanlı dövləti işğal etdiyi bütün torpaqları qaytarsa ölkələrimiz arasında sülh yaranacaq, əks halda müharibə yenidən başlanacaq.

Nadir xan Qafqazdan Osmanlı təsirini birdəfəlik götürməkçün İstanbulun Şirvan və Dağıstan valisi təyin etdiyi Surxay xanın ağalığına son qoymağın başlıca şərt olduğunu çox gözəl anlayaraq İsfahandan ona tələb yolladı ki, dincliklə Şirvandan getsin. Naibüssəltənə ondan rədd cavabı alınca 17 iyun 1734-də quzeyə qoşun çəkdi.

Nadir xan Həmədanda olanda rusların Gürcüstanın keçmiş hakimi Vaxtanqı və oğlunu Şamaxını tutmağa göndərdiyini eşitdi. O, Həmədandan Marağaya, oradan Təbrizə, Təbrizdən də Ərdəbilə gəldi. Ərdəbildə Osmanlı nümayəndəsi ərazilərin qaytarılmasına ondan 2 il möhlət istədi və Nadir başa düşdü ki, Osmanlılarla yenidən savaşmaq lazım gələcək. Ancaq Surxay xanı aradan götürməyi daha təxirəsalınmaz vəzifə saydı, çünki bununla Şamaxını Vaxtanqdan qabaq tutacaq, rusları da sülh müqaviləsi bağlamağa məcbur edəcək, Şirvanı öz hakimiyyəti altına salacaq, Bağdad müqaviləsinə əsasən Şirvan xanlığını da geri qaytaracaqdı.

O, Kürə çatıb Şirvana yaxınlaşanda (29.8.1734) Surxay xan Dağıstana qaçdı. Şamaxını az qala müqavimətsiz tutan Nadir Məhəmmədqulu xan Sədərlunu ora hakim qoydu. Surxay xanı Dağıstanda izləyən Nadir xan onu tuta bilmədi. Sərkərdə Təhmasib xan Cəlayir Nadirin göstərişiylə 3 oktyabr 1734-də üsyançıların mərkəzi Qəbələyə qoşun çəkdi və Surxay xanı Dəvəbatan dağı yaxınlığında darmadağın etdi. Sonra Surxay xan Qazıqumuğa getdi. Nadir onu məğlub etdi, böyük xəzinəsini ələ keçirdi, ancaq qış düşüb yollar bağlandığına görə təqib edə bilmədi. Axtıya endi, CarTalada olan üsyançı ləzgiləri (avarları) susdurdu. Xaçmaz yoluyla Qəbələyə gəldi. Orada olarkən Şamaxını zəbt etdi (22.10.1734). Bir həftə Qəbələdə qaldıqdan sonra Gəncəyə getdi.

Qoşunu 3 noyabr 1734-də Gəncəyə çatan Nadir xan Gənc Əli paşanın qoruduğu bu şəhəri 4 ay mühasirədə saxladı. Nadirin topxanasının zəifliyi qalanın alınmasını çətinləşdirdi. Orada olan Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.

Gəncəni mühasirədə saxladığı vaxt Nadir xan Xəzərboyu torpaqlarımızı boşaltmaq haqqında Rusiya səfiri Qolitsinlə başladığı danışıqları da yekunlaşdırmaq istədi və 5 dekabr 1734-də öz səfiri Hüseyn xanı Rusiyaya göndərdi.

Rusiya Nadir xanın tələbləriylə razılaşmağa – torpaqlarımızı boşaltmağa məcbur oldu, bu şərtlə ki, Nadir də Rusiyanın düşmənlərini öz düşməni hesab etsin və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməsin. Beləliklə, Rusiya Gəncə yaxınlığında 19-21 mart 1735-də (Novruz bayramı günləri!) bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) biryolluq çıxmaq haqqında müqavilə imzaladı. Bu andlaşmaya görə, Rusiya Bakını 15 günə, Dərbəndi 2 aya boşaltmalıydı (buna əməl etdi), Nadirsə öhdəsinə götürdü ki, Rusiyanın daimi müttəfiqi olacaq, Bakı və Dərbəndi heç kəsə verməyəcək. Solaq qalası Rusiya və Səfəvi dövlətləri arasında sərhəd oldu. Dövlətlər bir-birindən xəbərsiz Osmanlıyla müqavilə bağlamamağa da razılaşdılar. (Ancaq Nadir şah 1746-da Osmanlılarla müqavilə bağlayarkən rusların rəyini nəzərə almadı, bununla da onları qəzəbləndirdi).

Yeri gəlmişkən, Nadir xan rusların gözünü o qədər qorxutmuşdu ki, onlar nəinki Dəli Petronun 130 min rus əsgərinin həyatı bahasına işğal etdiyi şimal torpaqlarımızı 13 ildən sonra geri qaytarmağa məcbur oldular, həm də hətta onun ölümündən sonrakı 55 ildə Azərbaycan torpaqlarına yaxın düşməyə ürək etmədilər.

Osmanlıların Xəzər sahilindən uzaqlaşdırılmasını qənimət sayan rusları quzey torpaqlarımızdan qovduqdan sonra Nadir xan sultanlıq qoşunlarıyla savaşı davam etdirdi.

Karsda bulunan Şərq qoşunları komandanı Abdulla paşa Köprülüzadənin yardımları sayəsində Gəncə qalasını təslim etmək mümkün olmadığına görə qoşunun bir hissəsini Gəncənin mühasirəsi üçün saxlayan Nadir xan 1735-in Novruz bayramından bir neçə gün sonra Karsa yollanıb oranı mühasirəyə aldı. 25 may 1735-də Arpa çayını keçərək Karsın cənub-şərqinə çəkildi. İrəvan yaxınlığındakı Bağavars (Yağavərd) boğazında 18 iyun1735-də gedən müharibədə (Osmanlı tarixlərində buna “Arpa çayı müharibəsi” deyilir) o, parlaq qələbə qazandı – komandan Abdulla paşa, Osmanlı sultanının kürəkəni Mustafa paşa və 50 min Osmanlı əsgəri həlak oldular.

Nadirin qələbəsi İstanbulu sarsıtdı. Sədrəzəm Əli paşa vəzifədən götürüldü. Təlaşa düşən Gəncə hakimi Gənc Əli paşa Nadirə sülh təklif etdi və Gəncə uzun mühasirədən sonra təslim oldu (9.7.1735).

Bu vaxt Nadir Gürcüstanın da məsələsini həll etmək qarşılığında Karsın mühasirəsindən əl çəkdi. Tiflisə gələrək oranı aldı (12.8.1735). Müsəlman olmuş Əli Mirzəni Kartli və Kaxetiya hakimi qoyub “xan” etdi. (Gürcüstan hakimi, Əli Mirzənin qayınatası Teymuraz bundan acıqlanaraq sonra Rusiyaya qaçdı).

Nadir yenidən Karsa dönüb (22.8.1735) onu mühasirəyə aldı. Onun Anadoluya hücum edəcəyindən bərk qorxuya düşən Osmanlılar sülh təklif etdilər. Osmanlı ordusunun başçısı Əyyubi Əhməd paşa İrəvan qalasını ona təhvil verdi (3.10.1735). Nadir Osmanlı qoşunlarının indiyədək olan müharibələrdə vurduğu ziyanları ödəməyi tələb etdi və müqavilə bağlanmasında Rusiyanın da iştirak edəcəyini bildirdi. O, xəzinədarı Mirzə Məhəmmədi Əhməd paşanın yanına göndərərək sülh danışıqları aparmaqçün İsfahana bir heyət yollamasını istədi.

Nadir xan Tiflisdən CarTala üzərinə getdi. Krım xanı Qaplan Girey artıq öz yurduna dönmüşdü. Nadir xan Dağıstanda dinclik yaratsa da Surxay xan yenə yaxasını ələ vermədi.

Bütün bunlardan sonra Nadir xan Kəngər/Fars (Bəsrə) körfəzində qüdrətli bir dəniz donanması yaratmaq qərarına gəldi, çünki ölkənin dənizdən təhlükəsizliyini donanmasız təmin etməyin çətinliyini Dəli Petronun yürüşləri göstərmişdi.

İngilis Persi Sayks öz kitabında Nadiri dəniz donanmasının vacibliyini anlamış ilk İran şahı adlandırır. Ancaq Nadir hələ şah olmazdan qabaq məsələyə əsl dövlət başçısı kimi yanaşdı və taxta oturduqdan sonra da heç bir çətinliyə baxmayaraq, başqa yabançı imperiyaların (ilk sırada Rusiya və İngiltərənin) müqavimətini qıraraq öz imperiyasının donanmasını yaratmaqçün mümkün olan hər şeyi etdi. Bu zaman o, xalqın iqtisadi durumunun son dərəcə ağırlaşacağı və hətta üsyanların baş verəcəyi amilini də nəzərə almışdı. Nadir şahın bu qeyrəti vətənimizin tarixində şanlı səhifələrdəndir.

O zaman gəmiçilik öndərləri olan ingilislər və hollandiyalılar, eləcə də ərəblər öncə Səfəvilərlə, sonra Əfşarlarla gəmiçilik əlaqələrinə elə də həvəs göstərmirdilər. Başqalarından asılı olmamaq, hər dəfə baha qiymətə gəmi kirələməmək və dövlətin gəmilərə ehtiyaclarını tam ödəmək üçün Nadir xan Lətif xanı admiral təyin edərək Gembrona (Bəndər-Abbas) göndərdi ki, avropalılardan gəmi alsın, ancaq ingilislər də, hollandlar da, ərəblər də ona gəmi satmaqdan boyun qaçırdılar, gəmiləri yalnız icarəyə verdilər.

Nadir xanın göstərişiylə Lətif xan Buşəhri yeni yaradılacaq donanmadan ötrü ticarət limanına çevirməklə məşğul oldu (bir az sonra həmin liman Nadiriyyə adlandırıldı).

Artıq 1735-in yazının başlanğıcında Lətif xan Bəsrəni almaqçün Şəttülərəb (Əlvənd) çayına 30 böyük, 50 orta gəmi və bir neçə kiçik qayıqdan ibarət donanma gətirmişdi (təəssüf ki, bu döyüşdə o yenildi). 1736-da Lətif xan Bəhreynin açarını Nadir xana göndərdi. Bu, Omanı Səfəvi torpağına birləşdirmək və Kəngər/Fars körfəzini öz ağalığı altına salmaqçün Nadirə tarixi bir şans yaratdı. Üstündə qırmızı qılınc şəkli olan ağ bayraq dalğalanan 4 böyük, 2 orta və bir neçə xırda gəmidən ibarət Əfşar donanması 14 mart 1737-də Lətif xanın komandanlığı altında Buşəhrdən Gembrona gəldi. Az sonra admiral zəhərlənib öldürüldü. 1739-da Əfşar donanması bütünlüklə Gembronda mərkəzləşdi. Nadir şah Hindistandan gəlib Buxaraya yürüş edəndə də Amu-Dərya çayını keçməkçün donanma düzəltdi.

Beləliklə, 1734-ün başlanğıcından şah seçilənədək bütün Qafqazı Rusiya və Osmanlıdan geri alan, orada əmin-amanlıq yaradan, Xorasanı əfqanlardan təmizləyərək burada öz hakimiyyətini möhkəmləndirən Nadir xan artıq bütün Səfəvi imperiyasının faktik hökmdarıydı. Əslində II Təhmasibin də, III Şah Abbasın da vaxtında ölkəni o idarə edirdi.

1736-nın yanvarında III Şah Abbasın ölümündən sonra taxt-tacın yeni varisi müəyyənləşdirilməliydi. Dərbənd də daxil olmaqla bütün Dağıstanı ram edən Nadir xan 22 yanvar 1736-da indiyədək Səfəvi hakimiyyəti altında olan bütün torpaqların nüfuzlu başçılarına, alimlərə məktub göndərərək onları ölkədə sabit bir qanuni hakimiyyət seçməkçün Muğan qurultayına çağırdı və özü də Yeni Şamaxı (Ağsu) yoluyla Muğan çölündə Kürlə Arazın birləşdiyi yerə gəldi (27.1.1736). Sülh qərardadı gətirmiş Osmanlı elçisi Gənc Əli paşa da Muğandaydı. Hindistandan və başqa xarici ölkələrdən gələn nümayəndələr də vardı. Ümumiyyətlə, Muğana 20 min qonaq gəlsə də üst-üstə 100 min adam vardı (qoşunlar da daxil olmaqla). Qurultay nümayəndələrindən ötrü 12 min çadır qurulmuş, qamış və ağac evlər, məscid tikilmişdi.

Orucluq bayramı günü (13.2.1736) Nadir xan özünün 12 sütunlu zərli çadırında olduqca təntənəli bir mərasimdə öncə Osmanlı səfiri Gənc Əli paşanı, sonra Rusiya səfirini və 1.000-ədək başqa hörmətli qonağı qəbul etdi. 7 nəfər carçı qonaqlara elan etdi: “Böyük xan hökm edir ki, bir-birinizlə məsləhətləşin, İran şahlığına, ölkənin sülh və əmniyyətini qorumağa, xalqın rifahını təmin etməyə daha layiq bildiyiniz hər kəsi seçin. O, indi Allahın köməyi ilə İranı düşmənlərin işğalından azad edib, onları İran sərhədlərindən qovub. İndi qocaldığına və yorğunluğuna görə dincəlməyə ehtiyacı var. Öz qalası Kəlata gedib özünə və sizə dua etmək istəyir”.

Nadir onlara dağılışmaq və məsləhətləşəndən sonra cavab bildirmək göstərişi verdi. Nümayəndələr bir neçə gün inadla onun namizədliyinin üstündə dursalar da Nadir asanlıqla razılıq vermədi.

Ertəsi gün Nadir xan qurultay nümayəndələrinin bu şərtlərə əməl edəcəyi halda şahlığa razılıq verə biləcəyini bəyan etdi: 1) II Təhmasib və övladları şah olmaq istəsə onları cəzalandırmaq əvəzinə müdafiə etsəniz cəzanızın ölüm olmasına yazılı razılıq verəcəksiniz; 2) şiəliklə yanaşı, sünni məzhəbinə də hörmət edəcək, Ömərə, Osmana lənət oxumayacaq, sünnilər Məkkəyə həcc ziyarətinə gedəndə əziyyət verməyəcəksiniz; 3) məni şah etsəniz məndən sonra övladlarıma, ailəmə hörmətsizlik etməyəcəyinizə, onlara tabe olacağınıza and içəcəksiniz.

Bu şərtlərlə, demək olar ki, hamı razılaşdı. Onun şətləri təxminən 2 metr uzunluğunda tumarda 2 nüsxədə yazıldı və bütün heyətlərin başçıları sənədi 3 günə imzalayaraq 35 möhürlə təsdiqlədilər.

Nadir 17 fevral 1736-da qurultayın bütün iştirakçılarına qonaqlıq verdi. Onların Nadiri tam dəstəkləyəcəyinə arxayınlaşdıqdan sonra şah olmağa razılığını bildirdi. Qurultaysa 19 fevralda bitdi və nümayəndələr dağıldılar.

Tacqoyma Novruz bayramı ərəfəsində – 8 martda oldu və Muğandan hələ getməmiş bir sıra xanlar da orada iştirak etdilər.

Şah elə ilk gündən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu. Belə ki, sünni Nadir şiə dövlətində şah olmaqçün şiəliyi qəbul etmişdi. Ancaq bu zaman şiələr sünnilərə hətta xaçpərəstlərdən də artıq nifrət bəsləyir, onlara hədsiz düşmənçiliklə yanaşır, ilk üç raşdin xəlifəni: Əbubəkr, Ömər və Osmanı söyürdülər. Nadir şah şiə məzhəbini xeyli yumşaldaraq sünniliyə yaxın bir hala gətirməyi bacardı və bu yeniləşmiş şiə məzhəbini həm sünnilərin, həm də şiələrin hörmət bəslədiyi imam Cəfər Sadiqə bağlayaraq “cəfəriyyə” adlandırdı (İrandakı bugünkü məzhəb də budur və dünya şiələrinin ən böyük hissəsi cəfəridir). Şah seçilərkən o, Osmanlı sultanı I Mahmudun (1730-1754) xəlifəliyini tanıyacağını bildirdi və Osmanlılarla sülh bağlamağın 5 şərtini mərasimdə bəyan etdi: 1) Osmanlılar yeni cəfəri məzhəbini tanıyacaq; 2) bu məzhəbə Məkkədə bir ibadət yeri (rükn) veriləcək; 3) Əfşarlar hər il Şam (Suriya) üzərindən bir əmirhac göndərəcək; 4) əsirlər dəyişdiriləcək; 5) qarşılıqlı elçilər göndəriləcək.

Bu vaxt hələ Muğanda olan Gənc Əli paşanın başçılıq etdiyi nümayəndə heyəti Nadir şahın təmsilçisi Əbdülbaqi xan Zəngənəylə sülh danışıqlarına başladı və onlar siyasi baxımdan 1639 tarixli Qəsri-Şirin müqaviləsinin əsasları daxilində bir anlaşmaya gəldilər, ancaq Gənc Əli paşa irəli sürülən şərtlərə münasibət bildirməyə səlahiyyətli olmadığını söylədi.

Novruzu da Muğanda bayram edən Nadir şah aprelin ortasında Qəzvinə yola düşdü.

Qurultayda onun əleyhinə səs vermiş Gəncə Ziyadoğlu xanlarını, Qarabağın Otuzikilər, Kəbirli Cavanşir tayfalarının başçılarını ailəliklə Xorasana sürgün etdi, Qarabağın erməni məliklərini Gəncə bəylərbəyinə tabe etdi.

Tacqoymadan az sonra Əfşar şahənşahı Osmanlı dövlətinə Gənc Əli paşayla birgə Əbdülbaqi xanın başçılıq etdiyi bir nümayəndə heyəti göndərdi. 1736-nın iyulunda İstanbula çatan və böyük hörmətlə qarşılanan elçilər Nadirin şah seçilməsini xəbər verdilər. Onlar sülh bağlamağın Muğanda bəyan edilmiş 5 təməl şərtini burada da təkrarladılar.

Nadir şahın Osmanlı sultanına, sədrəzəminə və müftisinə yazdığı məktublar oxunduqdan sonra görüşlərdə əsirlərin dəyişdirilməsi, səfirlərin göndərilməsi və həccə ziyarətdə Əfşarlardan bir əmirhacın olması qəbul edildi, ancaq qalan məsələlər (ilk növbədə iki ölkə arasındakı məzhəb ixtilafı) şəri və mülki müzakirəyə saxlanıldı. Sonucda qərara alındı ki, ilk üç məsələ haqqında müqavilə bağlansın, ancaq o, Nadir şahın imzasından sonra qüvvəyə minsin. Beləliklə, iki dövlət nümayəndələri arasında 28 dekabr 1736-da hazırlanaraq imzalanan müqavilədə Nadir Əfşar şahı kimi qeyd olundu, iki ölkə arasında 1639-dakı sərhədlər götürüldü, müharibə rəsmən dayandırıldı, yalnız məzhəb məsələsi açıq qaldı.

Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və əslində Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Şirvana Mehdiqulu xanı, Dərbəndə Nəcəf sultanı, Bakıya bir gilanlını, İrəvana Məhəmməd xanı hökmdar təyin edən şah inandığı başqa başçıları vəzifəsində saxladı. Onu da bildirək ki, Şirvan hakimləri ən qədim çağlardan “Şirvanşah” adlanırdı və bu ənənə Nadir şahadək davam etmişdi. Nadir şah öz imperiyasında ondan başqa kimsənin şah adlanmasını qəbul etmədiyinə görə “Şirvanşah” ünvanını ləğv etdi.

Nadir şahın gördüyü ilk işlərdən biri də vergi toplanmasını qaydaya salmaq və dövlətin iqtisadi gücünü möhkəmləndirmək oldu. Aydın vəzifə bölgüsü, ciddi nəzarət və dəqiq hesablama sayəsində dövlətin gəliri az müddətdə xeyli artdı.

İstanbulda Osmanlı-Əfşar sülh danışıqları gedən vaxt Fransa Osmanlını Rusiyayla müharibəyə təhrik edir, Rusiyanın bir çox nüfuzlu şəxsləri də dövlətə təzyiq göstərərək Nadirin zəiflətdiyi Osmanlı sultanlığıyla savaşa girişməyə sürükləyirdilər. Nadirin onu dəstəkləyəcəyinə arxayın olan Rusiya, nəhayət, 1736-nın mayında Azovu almaqçün Osmanlı dövlətinə müharibə elan etdi və Nadirə də xatırlatdı ki, müharibəyə girişmək gərəkdir. Ancaq Nadir Osmanlı dövlətiylə müharibə etməyəcəyini rus nümayəndəsi Kaluşkinə qəti şəkildə bildirərək dedi ki, ruslar Bağdada görə müharibə etməyəcəkləri kimi bizim də Azova görə müharibəyə girişməyimiz mənasız olar.

Əhməd paşanı Əfşarlarla sülh müqaviləsi bağlamağa tam səlahiyyətli edən Osmanlı sultanı Nadir şahın tələbləriylə əsasən razılaşdı, ancaq Rusiyanın müqavilədə iştirakına qarşı qəti şəkildə çıxdı. O da Nadirin yanına Mosul valisi Mustafa paşa başda olmaqla nüfuzlu bir nümayəndə heyəti göndərdi (noyabr 1736). Onlar 18 may 1737-də Əbdülbaqi xanla birgə Nadirabada çatdılar. Şah onları böyük hörmətlə qəbul etdi.

Osmanlı dövləti bildirdi ki, Nadir şahın irəli sürdüyü bütün şərtləri bəzi qeydlərlə də olsa qəbul edir, ancaq cəfəriliyin dörd sünni məzhəbə əlavə beşinci məzhəb sayılması və Kəbədə bu məzhəbə məxsus bir yerin (rüknün) tanınmasını həm şəriət, həm siyasət baxımından rədd edir. Əlimurad xan Şamlunu İstanbula səfir təyin edərək göndərən (iyun 1737) Nadir şah bəyan etdi ki, cəfəri məzhəbini rəsmən tanımaq və Məkkədə Məscidül-həramın rüknlərindən birini bu məzhəbin ixtiyarına vermək müqavilənin bağlanmasının başlıca şərtləridir. Ancaq o, Hindistan səfəri ərəfəsində olduğuna görə məzhəb məsələsi üstündə savaşa başlamaq istəmədi.

Tac qoymazdan az öncə o, böyük oğlu Rzaqulu xanı Xorasan hakimi qoymuşdu. Rzaqulu xan qiyam qaldırmış Bəlxə hücum edərək oranı tutdu (4.8.1737).

Əfqan Məlik Mahmudun qardaşı Hüseyn xanın əlindəki Qəndəhar Əfşarlara tabe olmayan yeganə məntəqəydi. Nadir şah əfqanları əzməkçün 14 aprel 1736-da Muğan çölündən 80 minlik qoşunla Qəndəhar üzərinə yeridi. 14 sentyabr 1736-da İsfahandan Bəxtiyari dağlarına qalxdı, üsyan etmiş Əlimərdan xanı izləməyə başladı. Onu tutub öldürəndən sonra bəxtiyariləri özünə tabe etdi və 15 oktyabr 1736-da İsfahana döndü. 1737-nin martında Nadir şah Qəndəhara gəldi. Qəndəhardan 3 km aralıda böyük bir şəhər saldıran şah onun adını Nadirabad qoydu və qərargahını oraya köçürdü. 23 mart 1738-də o, Qəndəharı, 1738-in aprelində Bəlucistanı tutdu. Bu, əfqan qüvvələrinin son məğlubiyyətiydi. Beləliklə, Nadir şah tarixdə Əfqanıstanı ram edən ilk və son hökmdar oldu. O, özünün qurduğu Əfşar dövlətini yadlardan bütünlüklə təmizlədi.

Nadir şahın indiyədək savaşlarının məqsədi Səfəvi torpaqlarının hüdudlarnı bərpa etməkdi. İndisə o, torpaqlarını genişləndirmək haqqında düşünməyə başladı. Ancaq aramsız müharibələrdə xəzinəsi boşalmış dövlətinin kasıblığı bu istəyi gerçəkləşdirmək gücündə olan ordunu saxlamağa imkan vermirdi. Aldığı dəqiq bilgilərə əsasən, sərvəti başdan aşıb-daşan Hindistan Teymurlu hökmdarının zəif olduğunu öyrənmiş Nadir şah həm Əfşar dövlətinin maddi durumunu yaxşılaşdırmaq, həm də yeni torpaqlar ələ keçirməkçün bu ölkəni tutmağı qərarlaşdırdı.

Hindistan ağası Məhəmməd şahın (1719-1748) saymazlığı hücumçün Nadir şaha əla bəhanə verdi. Belə ki, o, Teymurlu şahına dəfələrlə məktub yazıb tələb etmişdi ki, sərhədlərini əfqanların üzünə bağla, onların Hindistanda sığınacaq tapmasına imkan vermə. Ancaq bu şah ona heç bir cavab verməmişdi. Nadir şahın bu məqsədlə Dehliyə yolladığı elçilərə də eyni saymazlıq göstərildi. Dehliyə 40 günlüyə göndərilmiş (6.5.1738) Məhəmməd xan Gürgani də cavab ala bilmədi və o, saraydan buraxılmadı. Daha dözməyən Nadir şah qoşun çəkərək 24 may 1738-də Nadirabaddan Hindistan üzərinə yürüşə başladı.

O, ağır döyüşlərdən sonra öncə yolunun üstündəki Qəznəni (11.6.1738), Kabili (30.6.1738), Cəlalabadı (17.9.1738), Pişavəri (11.1738), LahorKəşmiri (29.1.1739) ələ keçirdi. Sonra 6 fevral 1739-da Lahordan Sərhəndə doğru hərəkət etdi. Hindistan hökmdarı onun qarşısına 300 min təcrübəli döyüşçü, 10 min zəncir hərbi fil, 500 topluq qüvvə çıxararaq Kornalda istehkam qurdu. Nadir şah Teymurlu şahını paytaxta bağlayan yolu kəsə bildi.

24 fevral 1739-da Kornal yaxınlığında Nadir şahın 90 minlik və Məhəmməd şahın 200 minlik qoşunları üz-üzə gəldi. Nadir şahın yeni döyüş taktikaları tətbiq etdiyi bu qanlı savaşda Hindistan ordusunun baş komandanı Xan Dövran yaralandı, sərkərdələrdən Səadət xan əsir alındı.

25 fevralda davam edən döyüşdə Xan Dövrana güllə dəydi və o, ölümcül yara alaraq huşsuz qaldı, başçısız qoşun qaçmağa başladı. Nadir şah hindistanlıların 2.000 döyüş filini zərərsizləşdirib Məhəmməd şah ordusunu məğlub etməkçün orijinal fənd işlətdi – onun göstərişiylə dəvələrin üstündəki oduna od vurdular və dəvələri fillərə doğru qovdular. Bədəni istidən yanan dəvələrin dəhşətli nərilti qopararaq birdən-birə irəli cummasından fillər bərk qorxuya düşərək geri qaçmağa başladı və öz qoşununu əzdi. Nadir ordusu bu zaman hücuma keçdi və axşamadək çəkən qanlı savaşı qələbəylə başa vurdu. Hindistanlılar 100-dən artıq qoşun başçısını və 10-30 min əsgər itirdilər (Nadir şahın itkisi 2.500 nəfərdi). Bu qələbənin qazanılmasında böyük xidməti olmuş oğlu sərkərdə Murtuzaqulu xanı “Nəsrullah xan” adlandıran Nadir şah qoşununu da mükafatlandırdı.

27 fevral 1739-da Hindistanın baş naziri Nizamülmülk və vəzir Əbdülbaqi xan Nadir şahın qərargahına gələrək atəşkəs haqqında saziş bağladılar. Tərəflər razılaşdılar ki, Nadir şah öz ölkəsinə qayıdacaq və bunun qarşılığında Hindistan tərəfi 50 lək (5 milyon) rupi qızıl pul təzminat ödəyəcək; öz ordusunu tərksilah edəcək; Hindistan ordusunun topları və hərbi sursatı Nadir şah ordusuna təhvil veriləcək; Nadir şahın qoşunu yorulduğu üçün bir müddət Şahcahanabadda (Dehlidə) dincələcək.

29 fevralda Nadir şah Məhəmməd şahı öz qərargahında səhər yeməyinə çağırdı və o gəldi. Ümumən mehriban keçən 6 saatlıq söhbətdə Teymurlu şahını xeyli töhmətləyən Nadir şah bildirdi ki, bizim torpaqlarımız Əmir Teymur nəslindən ziyan çəkmədiyinə görə mən Hindistan hökmdarlığını sizdən almayacağam, ancaq Nizamülmülklə razılaşdırılmış bütün maddələr yubadılmadan gerçəkləşdirilməlidir.

Məhəmməd şah elə həmin gün bütün silahları yığıb Nadir şah ordusuna verməyi əmr etdi.

Nadir şahın əsiri olan Səadət xan onu Dehlini tutmağın zəruriliyinə inandırdı və dedi ki, belə olsa təzminatdan başqa hətta imperatorun xəzinəsini də əldə edə bilərsiniz. Bundan sonra Əfşar hökmdarı Hindistan şahını yenidən yanına gətirtdi (6.3.1739) və indiyədək möhkəm mühasirədə saxladığı Hindistan qoşununun qalan başçılarını da tutdurdu.

12 mart 1739-da Nadir şah qabaqda, Məhəmməd şah ondan 3 kilometr arxada olmaqla Kornaldan Dehliyə yola düşdülər və 18 martda Dehlinin qırağında bir bağa düşdülər. Məhəmməd şah Nadir şahı şəhərdə ləyaqətlə qarşılamaqçün icazə alıb getdi.

20 martda Nadir şah ağ atın üstündə 20 alay qoşunla indiyədək görünməmiş təntənəylə şəhərə daxil oldu. Onun şərəfinə toplardan yaylım atəşləri açıldı. Məhəmməd şah onu sonsuz ehtiramla öz sarayına apardı. Nadir şahın onu şahlıqdan uzaqlaşdırmamasının qarşılığı olaraq Məhəmməd şah sələflərindən qalan və “dünya xəzinələrindən on dəfə çox olan” 250 illik xəzinəni Əfşar imperatoruna bağışladı.

Səhəri gün – 21 mart 1739-da üst-üstə düşmüş Novruz bayramı və Qurban bayramı günü Hindistanın bütün camelərində Nadir şahın adına xütbələr oxundu və bütün şəhərlərdə üstündə “Dünya şahlarına şah olan şahlar şahı Nadiri-sahibgiran” sözləri həkk edilmiş yeni qızıl pullar yayıldı.

25 martda şəhərdə Nadir şahın öldürülməsi şayiəsi yayıldı və hindistanlılar şahənşahın təxminən 3 min – 7 min əsgərini öldürdülər. Bundan xəbər tutan Nadir şah ertəsi gün tezdən əhalini qırmağı əmr etdi və üsyanı 6 saat içində amansızlıqla yatırdı. Nadir şah Məhəmməd şahın qızını oğlu Nəsrullah Mirzəyə aldı (6.4.1739).

27 martda şah İsfahana xəbər göndərərək öz xalqını qələbə münasibətilə təbrik etdi və bütün əhalini 3 il vergidən azad etdi. Öz əsgər və zabitlərinə çox böyük miqdarda hədiyyələr bağışladı.

1 aprel 1739-da saat 11-30-da Dehlidə Məhəmməd şahın Şelimar sarayında təntənəli şəkildə Əfşar – Hindistan müqaviləsi qollandı. Bu andlaşmaya görə, Məhəmməd şahın Hindistan hökmdarı olaraq qalmasının qarşılığında Əfşar dövlətinə 150 kürur (75 milyon) tümən təzminat ödədi və Hind çayının qolları olan Attək, Sind və Nalasəng çaylarından qərbdə yerləşən bütün Hindistan torpaqlarını (Pişavər ətrafı mahallar, Kabil, Qəznə əyalətləri, Əfqanıstan, Kuhistan, Sind çayı ətrafı - Kəşmir və Tibet və b. ərazilər, Ram qalası, Tərpin, Çən, Semvali, Ketra şəhərləri, onların ərazisi, qalaları, limanları, şəhərləri, kəndləri) Əfşar dövlətinə verdi.

19 aprelədək Nadir şahın əlində ən azı 700 milyon rupi (təqribən 35 milyon tümən) dəyərində xəzinə cəmləndi [vəzirin yardımçısı Anandramın bildirdiyinə görə, onlardan 6 milyon rupi sikkə şəklindəydi, 500 milyon rupi dəyərində də “Kuhi-nur” (“İşıq dağı”), “Dəryayi-nur” (“İşıq dənizi”) “Orlov” almazları, Taus taxtı da daxil olmaqla cəvahirat vardı]. Bundan başqa, əlyazma şəklində 40-60 min kitab da (onların bir bölümü şahlıq xəzinəsindən götürülmüşdü) Nadirin xəzinəsinə verildi. Ümumiyyətlə, onun Hindistandan əldə etdiyi nəqd pul və cəvahirat 525 kürur tüməndi (75 kürur tümən də onun əyan və zabitlərindəydi).

12 may 1739-da Nadir şah Dehlidə böyük bir məclisdə Məhəmməd şahın başına öz əliylə tac qoydu. Bu, onun göstərdiyi çox böyük alicənablıqdı, çünki işğal etdiyi bu ölkəyə istədiyi şəxsi hakim təyin edə bilərdi.

52 gün Dehlidə qalan şah 16 may 1739-da bu şəhəri tərk edərək Vətənə döndü. Əldə etdiyi nəqd pul və cəvahiratı imperator 1.000 fil, 1.000 at və 10 min dəvəyə yüklənmiş 13 min sandıqda daşıtdı. Bu sərvətdən başqa, o, Hindistandan 100 xacə, 130 alim, 200 dəmirçi, 300 bənna, 100 daşyonan, 200 dülgər də gətirdi (sənətkarlarla o, Əbivərdin 20 kilometrliyində Dehliyə bənzəyən, sonralar Xivəabad adlandırılan bir şəhər saldırdı, Xarəzmdən azad edib gətirdiyi 12 min Xorasan əhlini orada yerləşdirdi).

23 oktyabr 1739-da Həsənabadda olan Nadir şah Hindistan fəthindən xəbərdar etməkçün Rusiya və Osmanlı imperatorlarına elçilər göndərdi.

Nadir şahın çox böyük planı vardı – Hindistandan qayıdandan sonra Türküstanı da tutmaq, onun xanlıqlarını ləğv edərək Əfşar imperiyasına qatmaq, Çini ələ keçirərək şimal-şərq sınırlarını genişləndirmək, sonra da Osmanlı səltənətinə öz son sözünü demək.

12 dekabrda Kabilə çatan Nadir şah Hindistandan gətirilən xəzinəni Herata göndərdi. Kabildə Sind Zəmindar hakimi Xudayar xan Abbasini yanına çağırdı, ancaq o, itaətdən boyun qaçırdı. Bu zaman Nadir şah onu cəzalandırmaqçün birdən-birə geri dönərək hərəkətə keçdi və uzun izləmələrdən sonra 13 mart 1740-da onu Bombey əyalətində məğlub edərək zəncirlətdi. Xan özünün 1 kürur rupiyəlik (5 milyon riyal) xəzinəsini şaha bağışlamalı oldu. Onun torpaqlarını da ələ keçirmiş Nadir şah 1740-ın Novruz bayramında bu torpaqları üç yerə böldükdən sonra Larkanədən yola düşərək 5 may1740-da Nadirabada çatdı.

Beləliklə, imperator Nadir şah Əfşarın Hindistan səfəri 2 il çəkdi (24.5.1738-5.5.1740).

Xarəzm ağası Elbars xana qulaqburması verməyi bəhanə edərək Türküstanı almaq istəyən Nadir şah təkrar Herata getdi (5.6.1740). Burada 15 gün çəkən şənlikdən sonra 150 minlik qoşunla Türküstana hərəkət edərək 31 iyulda Bəlxə çatdı. Amu-Dəryanın hər iki tərəfində qalalar tikdirdi. Şahı Buxaraya qonaq çağıran Əbülfeyz xan bir çox özbək başçılarının təkidiylə onunla döyüşə girişməli oldu. Xanı məğlub edib Buxaraya girən Nadir şah öz adına xütbə oxudub pul kəsdirdi. Qardaşı oğlu Lütfəli xanı göndərib Səmərqəndi aldı. Beləliklə, Amu-Dərya sərhəd olmaqla onun güneyi Əfşar dövlətinin torpaqlarına qatıldı.

Nadir şah Əbülfeyz xanı yenidən Buxara ağası edərək öz əliylə onun başına tac qoydu (6.10.1740). Xan onun ordusuna 20 min əsgər verməyə mükəlləf edildi; bununla Nadir şah Buxaranın bütün daxili işlərinə nəzarəti öz əlinə almış oldu.

Sonra şah Buxaradan Xarəzmə yola düşdü (7.10.1740). Təşkil etdiyi donanmanın gəmiləri onun ordusunun ardınca üzürdü. Xivənin yaxınlığındakı Xanəgah qalasına sığınan Elbars xanı məğlub edərək (15.11.1740) boynunu vurdurdu, çünki o, şahənşahın elçilərini öldürtmüşdü. Bundan sonra Xivəyə gedərək oranı döyüşlə alan imperator yarım ay burada qaldı və Çingiz xanın nəslindən olan Tahir bəyi Xarəzmin başçısı qoydu. 23 dekabrdasa o, Mərvə yollandı, Şahqulu xanı oraya başçı təyin etdi.

Mərvdən Əbivərdə gələrək (16.1.1741) doğulduğu Dəstgird kəndinə baş çəkdi. Burada onun anadan olduğu yerdə bəzəkli günbəzdən və üç qızıl minarədən (onlardan birinin başında Nadir şaha işarə olaraq bir qızıl qılınc qoyulmuşdu) ibarət Mövludxana tikilmişdi. Dəstgirddən Kəlata gedən şah Hindistandan gətirdiyi xəzinəni bu qalada yerləşdirdi.

Nadir şah oradan Əfşar imperiyasının paytaxtı saydığı, bu dövlətin şərq torpaqlarının mərkəzi olduğuna görə İsfahandan üstün tutduğu Məşhəd şəhərinə döndü (yanvarın sonu). Beləliklə, Türküstan səfərini də uğurla başa vuran qüdrətli türk imperatoru oranı da Əfşar torpağına qatdı və öz planının bir mərhələsini də gerçəkləşdirdi.

Nadir şahın Kəngər/Fars (Bəsrə) körfəzində donanma yaratmaq planlarından ingilislər bərk narahat olsalar da Əfşar imperatoru 1740-ın yayında Buşəhr limanında bir neçə hərbi gəmi qayırmağa ciddi göstəriş verdi. Ancaq bu iş son dərəcə ağırdı – Kəngər körfəzində gərəkli ağac olmadığına görə ağac və taxta 900 km aralıdakı Mazandaran meşəsində hazırlanıb göndərildi və yalnız 1741-in yazında Buşəhrə çatdırıldı. Gəmilərin hər birində 50 top qoyulmalıydı. Buna görə Gembronda (Bəndər-Abbasda) toptökmə zavodu tikildi və 1741-in başlanğıcında artıq 2 mis top hazır oldu.

Müxtəlif yerlərdən pulla alınmış olsa da 1742-nin yazında Əfşar imperiyasının artıq 15 hərbi gəmidən ibarət donanması vardı. Təəssüf ki, bu donanmaya Tağı xan kimi araqarışdıran bir fars hərbçisi başçılıq etdi və bu amil imperiyaya donanmanın gücündən yetərincə yararlanmağa imkan vermədi.

İmperator Buşehrdə gəmiqayırma işinə nəzarəti Laperteri adlı bir avropalıya tapşırmışdı. O, 1741-də öldükdən sonra Nadir şah 1742-də bütün işləri dayandırmağa məcbur oldu. Başa çatdırılmamış yarımçıq gəmilər Buşehrdə bir neçə il qaldı.

Sonra şah pulla 30-adək müxtəlif ölçülü gəmi aldısa da öz gəmilərimizdən ibarət donanmanı görə bilmədi, çünki Osmanlılarla savaş və daxili üsyançılarla mübarizə buna imkan vermədi. Donanmaçılıq sahəsində möhkəm özülü qoyulmuş bütün işlər onun ölümündən sonra tam unuduldu.

Nadir şah donanma yaradılmasının dövlətin xarici və daxili siyasətində oynadığı mühüm rolu incəliyinədək təsəvvür etdiyinə görə bu işi imperatorluq fəaliyyətinin aparıcı istiqamətlərindən sayır, ona o qədər önəm verirdi ki, bu yolda hətta xalqın müflisləşməsini də məqbul sayırdı. Təsadüfi deyil ki, onun vergiləri görünməmiş amansızlıqla yığdırması daha çox məhz donanma quruculuğunun genişləndiyi dövrlərə düşür. Xatırladaq ki, təkcə Azərbaycan ildə 4 kürur (2 milyon) tümən vergi verirdi və bunun nəticəsində Azərbaycanın kənd və qəsəbələri viran qalmışdı. Özü də, bəllidir ki, Nadir şahın əmrinə görə, vergini ödəməyənin başı gətirilirdi, yoxsa vergiyığanın özünün başı kəsilməliydi. Bu üzdən də Əfşar imperiyasının bir çox yerlərində tez-tez irili-xırdalı üsyanlar baş verirdi…

Məşhəddə 2 ay qalan Nadir şah CarTala ləzgilərinin öldürdüyü (26.10.1738) qardaşı, AzərbaycanQafqazın hökmdarı və ordu komandanı İbrahim xan Zahirüddövlənin qisasını almaq qərarına gəldi. Bu məqsədlə 14 mart 1741-də Məşhəddən çıxdı.

Nadir şaha 15 may 1741-də Mazandaranın Savadkuh meşəsində 20 metrlikdən ağacın arxasından güllə atdılar. Güllə əlini yaralayıb ata dəydi, at yıxıldı. O, yerə aşıb özünü ölülüyə vurdu, buna görə ikinci güllə atılmadı. Cinayətkar tapılmadı. Doğrudur, az sonra bu işi Dilavər xanın oğlunun qulu törətdiyi söylənilsə də Nadir şah oğlu Rzaqulu Mirzədən şübhələndi. Xatırladaq ki, Nadir şah onu 1738-də vəliəhd - naibüssəltənə və Əfşar qoşunlarının komandanı təyin etmiş, Şah Təhmasibi və övladlarını öldürtdüyünə, həm də vəliəhdliyi dövründə idarəçiliyi yaxşı apara bilmədiyinə, xalqı incitdiyinə görə 1740-da onun yerinə Nəsrullah Mirzəni vəliəhd etmişdi.

Tehrana gələn şah burada rus diplomatı Kaluşini qəbul etdi. Görüşdən sonra Kaluşin Peterburqa yazdı ki, Nadir şahla keçmişdə olduğu kimi sərbəst söhbət etmək mümkün deyil. Bəxtin ona verdiyi qələbədən məst olaraq deyir ki, Hindistanı tutmaq mənimçün çətin deyildi. Bir ayağımla hərəkət etsəm Hindistanı, iki ayağımla hərəkət etsəm bütün dünyanı tutaram. Nadir şahın Osmanlıya münasibəti yaxşı deyil, ancaq onun Rusiyaya da yaxşı münasibət bəslədiyinə sonadək inanmaq olmaz.

Rzaqulu Mirzəni acıqla Tehranda qoyub Qəzvin, Qaracadağ, BərdəQəbələ yoluyla Dağıstana yollanan şahənşah iyunda oraya girdi. 15 iyul 1741-də Qazıqumuq şəhərinə, oradan Xəzər sahilinə (sentyabrın ortaları) gəldi. Qaracadağ tayfası Nadir şaha sataşdığına görə o, and içdi ki, bütün düşmənlərini tabe etməyincə Dağıstandan getməyəcək. 16 oktyabr 1741-də o, Dərbəndə girdi. Qaracadağ tayfasına hücum etməkçün Dərbəndin 16 kilometrliyinə gəldi.

Nadir şah Tarxu (Dargi) şamxalını, Qaraqaytaq usmisini və Qazıqumuqda Surxay xanı özünə tabe etdirsə də rusların fitnəsiylə onun qarşısına yeni-yeni düşmən qüvvələr çıxırdı, çünki ruslar bu vaxt onun Quzey Qafqaza hücum edəcəyindən bərk narahatdılar; onların münasibətləri də gərginləşmişdi. Ruslar ondan ehtiyat edərək 1742-nin mayında Qızlarda 42 minlik qoşun toplamışdılar.

Nadir şah Osmanlı dövlətiylə münasibətləri nizamlamaq istəyirdi. Bu məqsədlə səfir Hacı xanı İstanbula göndərmişdi (mart-iyul 1741). Sultan onunla görüşəndən sonra məzhəb məsələsini müzakirə etməkçün heyət yaratsa da dövlətin bu məsələdə fikri dəyişmədi, ancaq Nadir şaha qeyri-müəyyən cavab verdilər. Osmanlı tərəfi də öz növbəsində Nadir şahın yanına nümayəndələr göndərdi və onlar 1742-nin yanvarında Dərbənd yaxınlığında şahla görüşdülər. 17 aprel 1742-də İstanbula dönən Münif Mustafa əfəndiylə sultana, sədrəzəmə və elmiyyə ricalına məktublar göndərən Nadir şah bildirdi ki, yalnız Osmanlı dövlətinin şiəliyi beşinci məzhəb kimi qəbul edəcəyi halda bu iki müsəlman dövləti arasında sülh ola bilər, yoxsa özüm Osmanlı ölkəsinə gedib bu ixtilafa son qoyacağam.

Nadir şah məzhəb məsələsini ruhanilərin əliylə həll etməyə çalışırdı. O, Molla Əliəkbər Mollabaşının başçılığı altında nüfuzlu bir heyət yaratdı, onlar 1736-cı il qərarına əsasən cəfəri məzhəbinin Məkkədə beşinci rükn kimi qəbul olunmasına qərar verdilər. 1743-ün başlanğıcında Dağıstanda Nadir şahın yanına gələn yeni Osmanlı elçisinin sultandan (xəlifədən) gətirdiyi məktubda şiəliyin rəsmi məzhəb kimi tanınmadığı və Məkkədə beşinci rükn kimi qəbul edilmədiyi bildirildi. Cavabında qəzəbli şah dedi: “Nadirin dünyanı fəth edən qoşunu tezliklə Osmanlı torpağına hücum edəcəkdir”.

Dağıstanın dözülməz şəraitində qoşununun durumu xeyli ağırlaşmış Nadir şah 1742-də Qaracadağ tayfasını təslim etsə də Dağıstanın açarı olan, rusların altdan-altdan dəstək verdiyi Avarı ala bilmədi. Oradan İranxarab düşərgəsinə çəkildi və 1742 dekabrının başlanğıcında ötəri bir məhkəmədən sonra oğlu Rzaqulunun gözlərini burada çıxartdırdı.

Qaynaqlarda Nadir şahın Rzaqulu Mirzəni kor etməsinin səbəbkarı kimi xain Əliqulu Mirzənin (sonrakı: Adil şah) adı çəkilir. O, sui-qəsd gecəsi Nadir şahın çadırına bu məzmunda bir imzasız məktub göndərib (bu faktı Nadirin ölümündən sonra öz diliylə deyib): “Səni kimin öldürmək istədiyini bilmək istəyirsənsə fikirləş görək sənin ölümündən kim daha çox faydalanacaq və ölkənin padşahı olacaq”.

Sonralar oğlunun təqsirsizliyinə inanan şah hədsiz kədərləndi, hətta onun Rzaqulunu cəzalandırmasına mane olmaqçün heç bir təşəbbüsdə bulunmayan saray adamlarından bir neçəsini öldürtdü də. Rzaqulunun faciəsi Nadir şahı özülündən sarsıdaraq onun həyatında geriyə doğru ciddi dönüş oldu. Çox inandığı şəxsi həkimi Ələvi xanın uzun müddət yanında olmaması (həccə getmişdi), onu bir fransız həkimin əvəzləməsi də öz təsirini göstərdi.

Elə bu çağlardan da onun imperiyasını yavaş-yavaş üsyanlar bürüməyə başladı (həmin vaxt Xarəzmdə Bəlxdə).

Donanma yaratmağın vacibliyinə Nadir şah Dağıstanda olarkən bir daha əmin oldu – o gördü ki, buradakı qoşununun təchizatını ödəməkçün Xəzərdən gələn gəmilərə həyati ehtiyac var. Buna görə də Kəngər/Fars körfəzində olduğu kimi Xəzərdə də mütləq donanma yaratmağı qərara aldı. Ruslardan 10 gəmi borc istədisə də onlar imperatorun niyyətini başa düşərək nəinki gəmiləri vermədilər, hətta Xəzərdə türk donanmasının yaranmasına imkan verməməkçün əllərindəki bütün vasitələrdən yararlandılar. Xatırladaq ki, 1723 müqaviləsinə görə, ruslar Xəzərdə gəmiqayırma hüququnu qoruyub saxlayırdılar.

Xəzərin sol sahilində donanma yaratmaqda Nadir şahın ilkin məqsədi burada çapovulçu türkmənlərə qarşı möhkəm bir baza yaratmaq, həm də Dağıstanla döyüşdə qoşunun təchizatını təmin etməkdi. Bu istəklə o, ingilis Con Eltonu “Camal bəy” adlandıraraq gəmiqayırma üzrə baş rəis təyin etdi.

Şimali Gilanın LəngərudBəndəri-Lahican şəhərlərində qərargahını yerləşdirən Elton işə ciddi girişdi. Nadir şahın donanma planlarından ciddi təşvişə düşən Rusiya hər vasitəylə mane olur, ancaq Nadir şahın inadcıllığı bu ingilisi işə həvəsləndirirdi. Elton hətta şahənşahın ölümündən sonra da işindən əl çəkmədi və 1751-də üsyan zamanı öldürüldü, bununla da Nadir şahın Xəzərdə donanma yaratmaq arzusu tam gerçəkləşmədi.

1742-də Nadir şah Terek çayını keçib Rusiyaya hücu