ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

GARABAGH: YESTERDAY, TODAY AND TOMORROW

QARABAĞ GÜNDƏLİYİ - 5
(
1 yanvar-30 iyun 2011-ci il)
Yanvar
, 2011

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 |


Qarabağ Azadlıq Təşkilatı

Qarabağ gündəliyi, 5 saylı bülleten, Bakı, 2011

Bülleten son 6 ay ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələri, həyata keçirilən tədbirləri, irəli sürülən fikir və mülahizələri, təklif olunan variantları, Azərbaycan dövləti və cəmiyyətinin, beynəlxalq təşkilatların, xarici dövlətlərin, daxili və xarici ekspertlərin mövqelərini xronoloji ardıcıllıqla əks etdirir. Bülletenlərin hər dəfə 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılması nəzərdə tutulur.

Bülletenlər geniş oxucu kütləsi, o cümlədən, siyasətçilər, ekspertlər, tədqiqatçılar üçün yararlı ola bilər.


1 yanvar

* Politoloq Eldar Namazov “Azadlıq” radiosunun suallarına cavab verərkən bildirib: “Dağlıq Qarabağ danışıqları dalana dirənib. Ona görə ki, iki əsas prinsip hələ də razılaşdırılmayıb. Bu, Azərbaycanın ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmədi... Bunları bir-biri ilə uzlaşdırmaq qeyri-mümkündür”. Politoloq Zərdüşt Əlizadə: “Nəsə baş versə, bu da xarici qüvvələrin  təhriki ilə Qarabağ         münaqişəsi ətrafında baş verə bilər. Tərəfləri ya müharibəyə, ya da sülhə sürükləyə bilərlər”. (www.azadlıq-org, 01.01.11).

* Ermənilərin katalikosu II Qaregin Dağlıq Qarabağ və burda Azərbaycan xalqına qarşı soyqrım törədən erməni ordusu üçün dua edib: “Tanrı duamızı qəbul etsin, Ermənistan, Qarabağ və diasporda olan hər birimizi bu gün, hər gün və əbədiyyən öz pənahında saxlasın”. (www.anspress.com, 01.01.11).

2 yanvar

* Politoloq Tofiq Abbasov bildirib: “Ermənistan və onun xarici havadarları Qarabağ münaqişəsinin siyasi yolla nizama salınmasında maraqlı deyildirlər. Onlar Madrid prinsiplərini tam kənarlaşdırmaq istəyirlər”. (www.regnum.ru, 02.01.11).

* İşğalçı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyəni ittiham edərək bildirib: “Türkiyə həqiqətən əlaqələri normallaşdırmaq istəyirsə, protokolları ön şərtsiz təsdiqləməlidir”. (www.qafqazinfo.az, 03.01.11).

3 yanvar

* Təhsil naziri Misir Mərdanov bildirib: “Bizim Milli Məclisə vermək üçün hazırladığımız təkliflərdə magistraturaya qəbul olan bakalavrların təhsillərini başa vurana qədər hərbi xidmətə çağrılmaması əks olunur”. (www.lent.az, 03.01.11).

* Xarici işlər naziri Elmar Məmmədyarov bildirib: “İşğal altındakı torpaqları qaytarmaq üçün bütün imkanlardan istifadə edəcəyik, o cümlədən hərbi vasitələri istisna etmirik”. (www.qafqazinfo.az, 04.01.11).

4 yanvar

* ABŞ-ın Nevada ştatının qubernatoru 31 mart tarixini soyqırıma məruz qalmış azərbaycanlıların anma günü elan edib. (www.anspress.com, 04.01.10).

* Politoloq Natiq Miri bildirib: “Türkiyənin bölgədə apardığı aktiv xarici siyasət Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər... Türkiyə, İran və Azərbaycan XİN rəhbərləri arasında İstanbulda əldə edilmiş razılaşma bu istiqamətdə böyük əhəmiyyət daşıyır”. (“Yeni Müsavat”, 05.01.11).

* Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan Şuşa və Laçında olub, Şuşada elektrik yarımstansiyasının, Laçında isə su elektrik stansiyasının açılışında iştirak edib. O, həmçinin Laçının mərkəzində çoxmənzilli yaşayış binasının açılışını edib. (“Üç nöqtə”, 06.01.11).

* Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Tural İbrahimov hospitalda xəstəlikdən vəfat edib. Dövlət Sərhəd Xidmətinin əsgəri İdris İsmayılov isə əsgər yoldaşının ehtiyatsızlıq edərək açdığı atəşdən dünyasını dəyişib. (“Üç nöqtə”, 06.01.11).

5 yanvar

* Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib: “2011-ci ilin müharibə ili olmasını arzu edirəm. Torpağı işğal altında olan bir xalq başqa nə arzulamalıdır”. (“Üç nöqtə”, 06.01.11).

* Türkiyənin Van vilayətində Ermənistan paytaxtına uçuşlar həyata keçirəcək aviasiya şirkəti yaradılıb. “Van Way Airlines” şirkəti ilk uçuşu yanvarın 15-nə planlaşdırıb. (“Bizim yol”, 06.01.11).

* Bir qrup Qarabağ müharibəsi veteranı Horadiz şəhərinin düşməndən azad olunması əməliyyatının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət iştirakçıları istənilən vaxt hərbi əməliyyatlara hazır olduqlarını bildiriblər. (“Ekspress”, 06.01.11).

6 yanvar

* ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Qedryus Çyakuolis bildirib: “Litva ATƏT-ə sədrliyi dövründə çətin ki, həlli uzadılmış münaqişələrin nizamlanmasında inqilaba nail olsun”. (“Şərq”, 07.01.11).

* Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib: “Biz 2011-ci ildə də çalışacağıq ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunsun. Bu, mümkün olmasa..., müharibə variantı qaçılmaz olacaq”. (“Şərq”, 07.01.11).

* Böyük Britaniyanın “Regent Holidays” turizm şirkəti tərəfindən cari ilin avqust ayında Dağlıq Qarabağa planlaşdırılan turist səfərlərinin qarşısı alınıb. Bu, məsələyə həmin ölkədəki səfirliyimizin müdaxiləsindən sonra mümkün olub. Şirkətin rəhbərliyi nəzərdə tutulan turist səfərlərinin ləğv edildiyini bildirib. (“Şərq”, 07.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Ağdam rayonu ərazisində əsgər Ülvi Hüseynov döş nahiyəsindən və sağ qolundan yaralanıb. Hospitala yerləşdirilən əsgərin vəziyəti ağırdır. (“Bakı xəbər), 07.01.11 .

* Polşa Xarici İşlər nazirliyi Azərbaycana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıqla müraciət edib. Xəbərdarlıqda deyilir: “Nəzərinizə çatdırırıq ki, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Azərbaycan hökumət orqanlarının razılığı olmadan işğal edilmiş ərazilərə səfər Azərbaycan Respublikasının dövlət sərhəddinin qanunsuz keçilməsi kimi qiymətləndiriləcək”. (“Bakı xəbər”, 07.01.11).

* ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçkilərdə ermənipərəst Nensi Pelosi (Demokratlar partiyasından) məğlub olub. Spikerliyə respublikaçıların nümayəndəsi Con Boner seçilib. (“Bakı Xəbər”, 07.01.11).

* Ukraynanın Nikopol şəhərində erməni abidəsi naməlum şəxslər tərəfindən dağıdılıb. (“Gündəlik Bakı”, 07.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri düşmən ölkənin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndi ərazisində yerləşən mövqelərimizi, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

7 yanvar

* Siyasi icmalçı Kamal Əlinin “Exo” qəzetindəki “Hərb və sülh-2011” məqaləsindən: Bizdə bəziləri sadəlövhcəsinə hesab edir, ya da özlərini aldadırlar ki, Ermənistan iqtisadi çətinlikdən yorularaq nə vaxtsa Dağlıq və Aran Qarabağa iddialarından əl çəkəcəkdir. Mən bir neçə ildir rus dilli erməni mətbuatını izləyirəm və bir dəfə də olsun hətta xırda işarəyə də rast gəlməmişəm ki, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalmasının məqsədəuyğunluğunu qəbul etsinlər. Əksinə, İrəvan Naxçıvanın zəbt olunması, 1992-1994-cü illərdə tutulmuş bütün ərazilərin, üstəlik keçmiş Şaumyan rayonu, Gəncəyə qədər ərazilərin ilhaq edilməsi istiqamətində planlar qururlar... Ermənistan Qarabağda yeni müharibədən nəinki qorxmur, hətta istəyir ki, bu müharibə başlasın və yeni ərazilər zəbt etsinlər... Ermənistanın xarici borcu 2010-cu ildə 3,3 milyard dollar təşkil etdi, bu il 3,7 milyard dollara çatacaq ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 46-47 faizini təşkil edir... Tehran bizim ölkənin hərbçilərinə onun ərazisi ilə Araz çayı boyunca dəhliz verməkdən imtina etdi. Qoşunlarımız bu dəhlizlə Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində reyd etməli idi. Bu mövzuda ötən ilin payızında Bakıda danışıqlar oldu və İran tərəfinin günahı ucbatından uğursuzluqla nəticələndi...”. (“Exo”, 08.01.11).

* Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurasının həmsədri Ara Toranyan bildirib: “Fransa Milli Assambleyası tərəfindən 2006-cı il oktaybrın 12-də qəbul edilmiş “erməni soyqırım”nı tanımamağa görə cəza haqqında qanun layihəsini Senat hələ də təsdiq etməyib. Ona görə də bu qanun hələ də qüvvəyə minməyib”. (“Exo”, 08.01.11).

* Azər TAC-ın baş direktoru Aslan Aslanov bildirib: “ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ Gürcüstanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləyərək, Abxaziyanı və Cənubi Osetiyanı tanımış ölkələri tənqid etmək üçün heç bir fürsəti əldən vermədiyi halda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından söhbət düşəndə nədənsə bu cür prinsipiallıq göstərmir, bunun əvəzində Helsinki Yekun Aktında təsbit olunmuş üç prinsipin-ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək hüququnun və zor tətbiq edilməməsi prinsiplərinin “eyni dərəcədə əhəmiyyətli” olmasından danışır”. (“Yeni Müsavat”, 08.01.11).

* İtalyanın “L’ Occidentale” qəzetinin yazdığına görə ATƏT-in büdcəsindən Minsk qrupu həmsədrlərinin vastəçilik missiyasına ildə orta hesabla 1 milyon avro ayrılır, Qrupun fəaliyyətinin isə heç bir nəticəsi yoxdur, ATƏT özü lazımsız və öz potensialını xərcləyib qurtarmış təşkilatdır. (“Yeni Müsavat”, 08.01.11).

* Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiya üzvləri Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov həbs ediliblər. Onları polisə müqavimət göstərməkdə ittiham edirlər. Partiya sədrinə və digərlərinə 10-15 sutkalıq cəza kəsilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə Mövsüm Səmədova qarşı iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, cihada çağırmaq kimi ittihamlarla cinayət işinin başlanıldığı bildirilib. (“Azadlıq”, 09.01.11).

8 yanvar

* Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub. O, xuliqanlıqda ittiham edilir. (“Azadlıq”, 09.11.11).

* “Turan” informasiya agentliyinin direktoru, Soros Fondu İdarə heyətinin rəhbəri Mehman Əliyev bildirib: “Bəziləri deyir ki, ABŞ Qarabağın Ermənistana verilməsini tələb edir. Ancaq bu mövqeyin açıq və ya qapalı şəkildə qoyulduğunu eşitməmişəm”. (“Yeni Müsavat”, 09.01.11).

* Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun hərbi proqnozlaşdırma mərkəzinin rəhbəri Anatoli Çiqanok bildirib: “Moskvanın istəyi belədir ki, ilkin mərhələdə Dağlıq Qarabağ  ətrafındakı beş rayondan Ermənistan silahlı qüvvələri çıxarılmalıdır. Lakin Rusiya bunun tammiqyaslı sülhməramlı əməliyyat keçiriləcəyi təqdirdə reallaşdırılmasına razılıq verir. Bu əməliyyatı isə rus əsgərləri həyata keçirməlidir”. (“Bakı Xəbər”, 10.01.11).

9 yanvar

* Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib: “Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidə söküləcək”. Bu abidə 2 il əvvəl qoyulub, onun sökülməsi haqda məhkəmənin qərarı olmasına baxmayaraq, hələ də qalır. (“Yeni Müsavat”, 10.01.11).

* Erməni təcavüzünün qurbanı olan məcburi köçkünlər üçün dövlət büdcəsindən verilən aylıq müavinətin (çörək pulunun) ləğv ediləcəyi ilə bağlı məlumat yayılıb. Bu məsələ ilə bağlı xüsusi təlimatın hazırlandığı bildirilib. Hələlik təsdiq olunmamış məlumatlara görə, məcburi köçkünlər müəyyən kateqoriyalara bölünəcək və onların böyük bir hissəsi müavinətdən məhrum ediləcək. (“Yeni Müsavat”, 10.01.11).

10 yanvar

* “N” saylı hərbi hissənin əsgəri Nurlan Səfərov intihar edib. Hadisənin səbəbi məlum deyil. (“Yeni Müsavat”, 11.01.11).

* Müsavat partiyasının komissiya sədri Qalabəy Ağalar məcburi köçkünlərin müavinətinin kəsilməsi xəbəri ilə bağlı bildirib ki, bu, hakimiyyətin torpaqları qaytarmaq niyyətinin olmamasından xəbər verir. “Elə ailələr tanıyıram ki, yalnız çörək pulu ilə dolanır”. (“Yeni Müsavat”, 11.01.11).

* Ermənistanın mədəniyyət nazirliyinin əməkdaşı, arxeoloq Akop Simonyan bildirib ki, onun rəhbərlik etdiyi qrup 1995-ci ildən Laçın rayonu ərazisində arxeoloji qazıntılar aparır, 500-dən artıq eksponat əldə ediblər, bu eksponatlar V-VII əsrlərə aid edirlər və hamısı erməni mədəniyyətini əks etdirir. Onlar Laçın şəhərində bu eksponatlardan ibarət “elmi muzey” yaratmaq fikrindədirlər. (“Yeni Müsavat”, 11.01.11).

11 yanvar

* ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatları Konqres üzvlərinə yüzlərlə məktub göndərərək, 20 Yanvar tarixinin Konqresdə 1 dəqiqəlik sükutla yad edilməsi və bəyanat verilməsini xahiş ediblər. (“Bakı xəbər”, 12.01.11).

* Məcburi köçkünlərə verilən “çörək pulu”nun kəsilməsi ilə bağlı münasibətlər bildirilib. Qarabağ Azadlıq Təşkilatı sədri Akif Nağı: “Bu qərar çoxsaylı insanların ağır vəziyyətə düşməsinə səbəb olacaq”. Qulu Ağsəs: “Mən elə əvvəldən dövlətin məcburi köçkünü çörək puluna öyrətməsinin əleyhinə olmuşam”. (“Şərq”, 12.01.11).

* Ermənistan mətbuatı yazır ki, guya orada 8 min azərbaycanlı yaşayır. “Jamanak” qəzeti bu rəqəmi qeyri-rəsmi mənbələrdən aldıqlarını bildirib, rəsmi statistikaya görə isə, Ermənistanda olan azərbaycanlıların sayı 29 nəfərdir. (“Yeni Müsavat”, 12.01.11).

12 yanvar

* ABŞ-ın tanınmış politoloqu, Avrasiya məsələləri üzrə ekspert Cim Nikol bildirib ki, ABŞ Konqresi yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasına dair müzakirələrə başlayacaqdır. (“Xalq cəbhəsi”, 13.01.11).

* Ermənilərin ASALA terror təşkilatı yenidən fəallaşıb. ABŞ Konqresində “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməməsindən sonra təşkilat Türkiyənin xarici ölkələrdəki səfirliklərinə hədələyici məktublar göndərib. (“Xalq cəbhəsi”, 13.01.11).

* ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Tərtər rayonunda Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilib. Monitorinq insidentsiz ötüşüb. (www.apa.az, 12.01.11).

* “Yeni Müsavat” qəzeti Qarabağda müharibənin hər an başlaya bilməsi ehtimalı ilə bağlı yazıb: “Dəqiqliyinə heç bir şübhə olmayan həyəcanlı informasiyalar da təsdiq edir ki, savaş hər an başlaya bilər və artıq ordumuz faktiki olaraq 1 nömrəli döyüş hazırlığı vəziyyətindədir... Ön cəbhədə xidmət edən zabitlərin dediklərinə görə, cəbhə xəttində birbaşa hazırlıq işləri aparılır, yeni silah, texnika və sursat gətirilir... Başqa bir mənbənin dediyinə görə, bir neçə gün əvvəl Bakıya-Dərin Dəniz Özülləri Zavodu istiqamətində bir neçə rus gəmisi yan alıb... Sahilə “az qala 100 təkəri olan avtomobillərin üzərində quraşdırılmış böyük raketlər” boşaldılıb... Bunların “S-300” raketləri olduğu güman edilir...”. (“Yeni Müsavat”, 13.01.11).

13 yanvar

* Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Naira Zurabyan bildirib ki, “onlar bu qurumda Dağlıq Qarabağ üzrə alt komitənin işinin bərpa edilməsini istəmirlər və alt komitənin işini boykot edəcəklər”. (“Bakı-xəbər”, 14.01.11).

* Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib: “Beynəlxalq tribunalardan nümayişkaranə polemika ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mane olmaq gərəksizdir... Çünki BMT və ATƏT kimi təşkilatların tribunaları bu işə cəlb olunan kimi məsələ işgüzar müzakirələrdən nümayişkaranə polemikaya keçir... Biz bu işlə özümüz məşğul oluruq... Bu il prosesi ötən ilə nisbətən bir qədər də irəli aparmağa çalışırıq”. (“Şərq”, 14.01.11).

* Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozo arasında Bakıda görüş keçirilib. Görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bütün sahələri, o cümlədən energetika məsələləri müzakirə olunub. İki tərəf arasında “Cənubi qaz dəhlizi haqqında Birgə Bəyannamə” və digər sənədlər imzalanıb. (“Şərq”, 14.01.11).

* Dağlıq Qarabağda müharibənin yenidən başlanması ehtimalı ilə bağlı müxtəlif fikirlər bildirilib. Politoloq Eldar Namazov: “Müharibəyə başlamaq üçün ölkə daxilində çox ciddi tədbir görmək lazımdır”. Hərbi ekspert Cəsur Sümərinli: “Məhdud şəkildə müəyyən kəndlər üzrə bəzi əməliyyatların keçirilməsi mümkündür”. Politoloq Vəfa Quluzadə: “Müharibə fikirlərini unutmaq lazımdır. Hərbi əməliyyatların başlanması heç bir halda mümkün deyil”. (“Şərq”, 14.01.11).

* Dünya Bankı Ermənistana 25 milyon dollar həcmində yardım ayırıb. Bu yardımın yoxsulluğun aradan qaldırılması, özəl sektorun inkişaf etdirilməsi və digər istiqamətlərə yönəldiləcəyi nəzərdə tutulur. (“Yeni Müsavat”, 14.01.11).

* Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib: “Ordunun bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi barədə xəbər doğrudur. Bu haqda bizim də informasiyamız var. Həqiqətən də hərbi əməliyyatlar hər an başlaya bilər”. (“Yeni Müsavat”, 14.01.11).

14 yanvar

* Prezident İlham Əliyev və Avropa Komissiyasının Azərbaycanda səfərdə olan sədri Joze Manuel Barrozo birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev bildirib: “Biz eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə etdik... Münaqişənin tezliklə həlli... bütün dünya tərəfindən tanınan ərazi bütölüyümüzü bərpa etməyə gətirib çıxaracaq”. J.M.Barrozo isə bildirib: “Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır”. (“Təzadlar”, 15.01.11).

* Türkiyəli politoloq Sinan Oğan bildirib: “Ermənilərin nə etməsindən asılı olmayaraq, Azərbaycan torpaqları ya sülh, ya da müharibə yolu ilə azad ediləcək. Bunu İrəvanda çox yaxşı başa düşürlər”. (“Təzadlar”, 15.01.11).

* Politoloq Mübariz Əhmədoğlu bildirilib: “Çox güman ki, fevral-mart aylarında Rusiya prezidenti Qarabağ münaqişəsinə dair “Yol xəritəsi”nin imzalanmasına cəhd edəcək”. (“Şərq”, 15.01.11).

15 yanvar

* Beynəlxalq Diaspor Mərkəzi Türkiyənin Van şəhərindən İrəvana təyyarə reysinin açılması planına qarşı bəyanat yayıb. Bəyanatda göstərilir ki, ermənilər iddialarından əl çəkmədikcə, bu cür reyslərin açılmasına yol vermək olmaz. (“Xural”, 16.01.11).

* Prezident İlham Əliyev bildirib: “Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın... Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər... 2011-ci ildə ordu, müdafiə xərcləri 3 milyard dollardan çox olacaq”. (“Yeni Müsavat”, 16.01.11).

* Mərkəzi ofisi Nyu-Yorkda olan “Freedom House” təşkilatı Dağlıq Qarabağdakı qondarma rejimi “yarımdemokratik” adlandırmaq ənənəsindən əl çəkib və builki hesabatında Dağlıq Qarabağ “azadlıqların olmadığı ərazi” olaraq göstərilib. Təşkilatın əvvəlki hesabatlarında Azərbaycan qeyri-azad ölkələr siyahısında göstərilir, Dağlıq Qarabağı isə “qismən azad ərazi” adlandırılırdı. İndi isə göstərilir ki, azadlıqlarla bağlı vəziyyət pisləşib və bu regionda azadlıqların mövcud olduğunu demək mümkün deyil. (“Yeni Müsavat”, 16.01.11).

16 yanvar

* Rusiyanın Qafqaz və Regional Təhlükəsizlik Mərkəzinin eksperti Vladimir Muxanov bildirib: “Dağlıq Qarabağda müharibənin başlanması ehtimalı xeyli yüksəlib... Müharibə başlayarsa, regionda maraqlı qüvvələrin, o cümlədən Rusiyanın, Türkiyənin, eləcə də Qərb dövlətlərinin müdaxiləsi qaçılmaz olacaq”. (“Bakı xəbər”, 17.01.11).

17 yanvar

* Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” bülleteninin 4-cü sayı çapdan çıxıb. Kitab 2010-cu ilin 2-ci yarısı ərzində Azərbaycana qarşı erməni işğalının nəticələrinin aradan qaldırılması və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələri, həyata keçirilən tədbirləri, irəli sürülən fikir və mülahizələri, təklif olunan variantları, Azərbaycan dövləti və cəmiyyətinin, beynəlxalq təşkilatların, xarici dövlətlərin, daxili və xarici ekspertlərin mövqelərini xronoloji ardıcıllıqla əks etdirir. Bülletenlərin hər dəfə 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılması nəzərdə tutulur.

Bülletenlər geniş oxucu kütləsi, o cümlədən, siyasətçilər, ekspertlər, tədqiqatçılar üçün yararlı ola bilər. (“www.anspress.com”, 17.01.11).

* Azərbaycan prezidenti İlham Əliyev Latviyaya səfəri çərçivəsində həmin ölkənin prezidenti Valdis Zatlerslə birgə bəyanat imzalayıb. Bəyanatda digər məsələlərlə yanaşı göstərilib ki, tərəflər Latviya və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşırlar. (“Şərq”, 18.01.11).

* İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyan yunan Kiprinə səfər edib, orada bildirib ki, “Türkiyə keçmişi ilə barışmadan və qonşuları ilə əlaqələr qurmadan Avropa Birliyinə üzv ola bilməz”. Kipr yunanlarının prezidenti Dmitris Hristofyas isə bildirib ki, “onlar Dağlıq Qarabağ məsələsində Ermənistanı dəstəkləyirlər”. (“Şərq”, 18.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun Tərtər rayonu ərazisindəki “N” saylı hərbi hissəsinin əsgəri Məmməd Azadəliyev şəhid olub. (“525-ci qəzet”, 18.01.11).

18 yanvar

* Azərbaycan Ordusunun 2 əsgərinin həlak olması haqda məlumat yayılıb. Hadisə yanvarın 15-də baş verib. Müdafiə nazirliyinin Naxçıvan ərazisində olan “N” saylı hərbi hissəsinin əsgərləri Elşad BayramovTəbriz Həmzəyev qar uçqunu altında qalaraq həlak olublar. (“Bizim Yol”, 19.01.11).

* Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib: “Dağlıq Qarabağdakı əsas əhali oradan didərgin salınıb, orada yalnız erməni əhalisi qalıb. Bu səbəbdən Dağlıq Qarabağın taleyinin müəyyən olunması referenduma çıxarıla bilməz... Bu məsələ o halda referenduma çıxarıla bilər ki, Dağlıq Qarabağın bütün əhalisi yerinə qayıtsın, onların əksəriyyətinin rəyi nəzərə alınaraq gələcəkdə bu ərazinin taleyi müəyyən olunsun”. Əli Həsənov bu fikirləri Sudanın cənubunda bu ilin yanvarında keçirilmiş referendumla bağlı Ermənistan rəhbərlərinin manipulyasiya etmək cəhdinə dair bildirib. (“Şərq”, 19.01.11).

* “Stratfor” müstəqil tədqiqat şirkətinin təsisçisi və baş direktoru Çorc Fridman yeni yazdığı  “Növbəti yüz il” kitabında bildirib: “Yaxın on illik ərzində heç bir ölkə ABŞ-ın nə iqtisadi, nə də hərbi hegomonluğu üçün təhlükə yarada bilər... Gürcüstana yardım göstərilməsini unutmaq lazımdır. Çünki bu, olduqca kiçik fayda əvəzində resursların boşa verilməsi deməkdir. Bunun əvəzində ABŞ neft mənbəyi və əməliyyat aparmaq üçün platforma kimi Azərbaycanı öz tərəfinə çəkməlidir”. (“Şərq”, 19.01.11). 

* Ermənistan xarici işlər nazirliyinin hesabatında göstərilib ki, ABŞ ötən il Ermənistana 41 milyon, Dağlıq Qarabağdakı qondarma rejimə 2 milyon, həmçinin Ermənistana 3 milyon  dollar həcmində hərbi yardım ayırıb. (“Şərq”, 19.01.11).

* Fələstinə səfər edən Rusiya prezidenti Dmitri Medvedyev muxtariyyətin başçısı Mahmud Abbasla görüşüb və məbuat üçün açıqlamasında bildirib: “Biz Fələstin xalqının paytaxtı Şərqi Yerusəlim olmaqla vahid dövlət yaratmaq hüququnu həmişə dəstəkləmişik və dəstəkləyirik”.  Prezident V.Putin də 2005-ci ildə oraya səfər etmişdi. (“Şərq”, 19.01.11).

* Ermənistanın müxalif Liberal partiyasının lideri Ovanes Ovanesyan bildirib: “Bu il Qarabağda ağır və dəhşətli müharibə gözlənilir... Nə qədər gec deyil, hakimiyyət bu müharibə ərəfəsində növbədən kənar seçkilərə getməlidir, Ermənistanda siyasi elitanın dəyişməsi lazımdır. Yeni siyasi elita Qarabağa dair danışıqları sıfırdan başlamalıdır... Onların apardığı danışıqlar buna gətirib çıxarır ki, indi biz müharibə astanasındayıq.  Müharibədən qaçmağın yeganə yolu siyasi elitanın dəyişməsidir”. Bu fikri müxalif partiyaların, ekspertlərin, demək olar ki, hamısı bölüşür. (“Yeni Müsavat”, 19.01.11).

19 yanvar

* Bəzi mənbələrin bildirdiyinə görə, Bakıda Azərbaycan və Türkiyə generaliteti işğal edilmiş ərazilərin qaytarılması üçün Qarabağda hər an başlaya biləcək hərbi əməliyyatların planlaşdırılması, idarə olunması, habelə hərbi əməliyyatların hansı ssenarilər üzrə gedə biləcəyi ilə bağlı müzakirələr aparmaqdadır. Mümkün hərbi əməliyyatların idarə edilməsi üçün Bakıda türk generallarının da yer alacağı ortaq qərargahın formalaşdırılması imkanları nəzərdən keçirilir. (“Yeni Müsavat”, 20.01.11).

* Müdafiə nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgəri Ramin Quliyev avtomat silahdan atəş açaraq özünü yaralayıb. Əsgər hospitala yerləşdirilib. (“Yeni Müsavat”, 20.01.11).

* Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib: “Sülh danışıqları nəticə verməsə və diplomatik səylər baş tutmasa, Azərbaycan torpaqlarını istənilən vasitə ilə işğaldan azad etmək hüququnu özündə saxlayır və bu istiqamətdə tədbirlər həyata keçiriləcək”. (“Ekspress”, 20.01.11).

* ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilib. Monitorinq zamanı heç bir insident qeydə alınmayıb. (www.apa.az, 19.01.11).

* İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyan Yunanıstana səfər edib. O, Afinada Yunanıstan prezidenti Karolos Populyasla görüşüb. Görüş zamanı Yunanıstanın prezidenti bildirib ki, “eyni barbar tərəfindən kəsildik (qırıldıq)”. Burada həmçinin iki ölkə arasında hərbi əməkdaşlıq sazişi imzalanıb. (“Ekspress”, 20.01.11).

20 yanvar

* Bu ilin 13 yanvar tarixində Azərbaycanda səfərdə olarkən Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlinin vacibliyi haqda söylədiyi fikirlər qurumun rəsmi saytında yerəşdirilmiş mətndən çıxarılmışdır. Azərbaycan Xarici İşlər Nazirliyi bu faktla bağlı narahatçılığını bildirib: “Avropa İttifaqı-Azərbaycan münasibətləri ciddi sual altına düşə bilər”.  (www.anspress.com, 20.01.11).

* Qanlı 20 yanvar hadisələrinin 21-ci ildönümü ilə əlaqədar Bakıda və bölgələrdə Şəhidlər Xiyabanları ziyarət edilib. Bakıda Şəhidər Xiyabanının 600 mindən artıq adamın ziyarət etdiyi bildirilib. Azərbaycandan kənarda da bir çox xarici ölkələrdə anım mərasimləri keçirilib. (www.anspress.com, 20.01.11).

21 yanvar

* Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti Şamil Sadıqov cəbhənin Tərtər istiqamətində yaralanıb. O, hərbi hospitala yerləşdirilib. Atışma zamanı bir erməni hərbçisi öldürülüb. (“Yeni Müsavat”, 22.01.11).

* Dağlıq Qarabağda SSRİ qoşunlarına rəhbərlik etmiş rus generalı Henrix Maluşkin bildirib: “1990-1991-ci illərdə keçmiş Ermənistan prezidenti Robert Koçaryanı əlində avtomat Azərbaycana qarşı vuruşan görmüşəm... Ermənilər silahları Ermənistanda olan SSRİ-nin hərbi hissələrindən alırdılar... Erməniləri həbs edən kimi Moskvadan zəng gəlir və tutulanları buraxmağı əmr edirdilər... Belə əmrlər daha çox SSRİ Daxili İşlər nazirliyindən gəlirdi”. (www.anspress.com, 22.01.11).

* Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis bildirib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür”. (“Şərq”, 22.01.11).

* Xalq Təhqiqat Qrupunun  həmtəsisçisi Zahidə Əzizova bildirib ki, Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin 157 məzarı var, həmçinin bəzi şəhidlər Bakı şəhərinin başqa yerlərində, rayonlarda dəfn edilmişdir. Ona görə də 131 nəfərin şəhid olması ilə bağlı məlumat yanlışdır. (“Təzadlar”, 22.01.11).

22 yanvar

* Qarabağ Azadlıq Təşkilatı Avropa Komissiyasının sədri Barrozonun hərəkəti ilə bağlı bəyanat qəbul edib: “Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Bakıda olarkən verdiyi bəyanatın sonradan qurumun saytında təhrif olunması, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadənin mətndən çıxarılması beynəlxalq təşkilatların, konkret olaraq Avropa Komissiyası kimi nüfuzlu bir qurumun Dağlıq Qarabağ məsələsinə həqiqi münasibətinin göstəricisidir. Bu qurum bir daha ikili standartlar, daha doğrusu ikiüzlülük və riyakarlıq nümayiş etdirmişdir. Cənab Barrozonun bu hərəkəti yalnız erməni lobbisinin təsiri ilə izah oluna bilməz, bu, həm də beynəlxalq təşkilatların, Avropa dövlətlərinin ermənipərəst siyasətini, ermənilərin əsassız iddialarını açıq şəkildə dəstəklədiklərini sübut edir.

Biz həmçinin Azərbaycan hakimiyyətinin bu quruma müraciət edərək aydınlıq gətirilməsinə dair xahişlərini də qəbul etmirik. Bu qurumların yalanlarına, təkzib oyunlarına, boş vədlərinə qulaq asmaq artıq yetər. Bu təşkilatların “xidmətlər”indən imtina edilməlidir. Biz hesab edirik ki, Azərbaycan Avropa İttifaqı, Avropa Komissiyası ilə münasibətlərinə yenidən baxmalıdır. Beynəlxalq təşkilatların ikili standartlar və ikiüzlü siyasəti bir daha göstərir ki, biz torpaqlarımızı yalnız özümüzə arxalanmaqla və hərbi yolla işğaldan azad edə bilərik. Azərbaycan hakimiyyəti öz siyasətində məhz bu istiqamətdə düzəlişlər etməlidir”. (www.qatinfo.azersayt, 22.01.11; www.qafqazinfo.az, 22.01.11).

* Türkiyənin bir neçə şirkəti Azərbaycan Müdafiə Nazirliyindən 225 milyon dollarlıq modernləşdirmə və alqı-satqı layihəsi alıb. “Roketsan” şirkəti Azərbaycan Ordusunu raket və özüyeriyən artilleriya sistemləri ilə təchiz edəcək. (“Yeni Müsavat”, 23.01.11).

* Politoloq Vəfa Quluzadə bildirib: “Azərbaycanın yeganə güvənəcəyi yer ABŞ-dır, Qərbdir, Avropadır”. (“Yeni Müsavat”, 23.01.11).

23 yanvar

* Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda səfərdə olarkən bildirib: “Barrozonun dediklərinin saytdan çıxarılmasını şişirtmək istəməzdim... Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələdə mövqeyimiz dəyişməzdir”. (“Bakı xəbər”, 24.01.11).

* Hərbi ekspert Üzeyir Cəfərov bildirib: “Qarabağ savaşı başlasa belə, Türkiyə ilə Rusiya arasında münasibətlər kəskin həddə çatmayacaq... Türkiyə Azərbaycana birbaşa dəstək verməyəcək. Türkiyənin dəstəyi olacaq. Siyasi və hərbi baxımdan müəyyən məsələlərdə kömək gələcək... Lakin hesab etmirəm ki, Türkiyə öz əsgərlərinin iştirakı ilə savaşda dəstək olacaq”. (“Yeni Müsavat”, 24.01.11).

* Tanınmış ictimai xadim, məşhur həkim Cavad Heyət bildirib: “Qarabağ məsələsi məni çox düşündürür. Gərək Azərbaycan güclənsin, yaxşı ordusu olsun. Yalnız o halda torpaqları azad edə bilər”. (“Yeni Müsavat”, 24.01.11).

* “Yeni Müsavat” qəzeti Azərbaycanın Ermənistanla sərhəddində işğal olunmuş kəndlərlə bağlı məqalə dərc edib: “Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki qəsəbəsi, Qazax rayonunun 7 kəndi işğal edilib... Qazax rayonunun Bağanis-Ayrım kəndi 1990-cı il martın 23-dən 24-ə keçən gecə hücuma məruz qalmış, martın 24-də işğal edilib. Bu hücum zamanı kəndin 10 sakini öldürülüb, 15 nəfər yaralanıb, evlər talan edilib və yandırılıb. Kənd İcəvan-Noyemberyan avtomobil yolu üzərində yerləşdiyinə görə strateji əhəmiyyətə malik idi... O vaxtlar bölgədə SSRİ-nin 104-cü paraşüt-desant diviziyasının tərkibində xidmət etmiş baş leytenant Oleq Çetenov www.vesti.az saytına müsahibəsində bildirib: “Axşam xəbər gəldi ki, ermənilər Bağanis-Ayrım kəndinə hücum ediblər. Biz kəndə çatanda döyüş bitmişdi. Evlərin yandırıldığını, xarabalığa çevrildiyini gördük. Sonra cəsədləri yığmağa başladılar, ölənlərin sayı çox idi... Əfqanıstanda çox döyüşlərdə olmuşdum, ancaq ilk dəfə idi ki, belə dəhşətli mənzərə görürdüm. Yaşlı bir kişi ermənilərin tikə-tikə doğradığı qardaşının cəsədinin qalıqlarını vedrəyə toplayırdı, boğazı kəsilmiş qadın cəsədi ortalıqda qalmışdı, bir körpənin başı avtomat qundağı ilə dağıdılmışdı... Qazaxın Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri də işğal edilib... Gədəbəyin Başkənd qəsəbəsi 1938-ci ildə sovet rəhbərliyinin qərarı ilə Ermənistana verilib...”. (“Yeni Müsavat”, 24.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri düşmən ölkənin İcevan rayonu Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, düşmən ölkənin İcevan rayonu Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonu Bala Cəfərli kəndində, düşmən ölkənin Noyemberyan rayonu Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonu Kəmərli kəndində, düşmən ölkənin İcevan rayonu Azatamut, Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu Cəfərli, Qızıl Hacılı kəndlərində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub.

24 yanvar

* Ankarada Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) birinci konfransı keçirilib. Tədbirdə TAD-ın sədri Sinan Oğan, ATXEM sədri İlham İsmayılov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov və digərləri çıxış ediblər. TAD sədri Sinan Oğan bir sıra işlərin görüləcəyi, o cümlədən Türkiyənin 50 şəhərində Qarabağ münaqişəsi bağlı konfransların keçiriləcəyi ilə bağlı məlumat verib. (“525-ci qəzet”, 25.01.11).

* ABŞ 2011-ci il üçün müxtəlif ölkələrə ayıracağı yardımın miqdarını açıqlayıb. Bu siyahıda Azərbaycana 29,3 milyon, Ermənistana 45,2 milyon, Gürcüstana 90,1 milyon dollar yardımın ayrılması nəzərdə tutulur. (“525-ci qəzet”, 25.01.11).

* Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan Moskvada Rusiya XİN-in “qonaq evi”ndə görüşüblər. 2011-ci ilin bu ilk görüşü ilə bağlı mətbuata  məlumat verilməyib. (“Yeni Müsavat”, 26.01.11).

* Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu AŞPA-nın qış sessiyasında çıxış edərkən bildirib: “Azərbaycan Avropa Şurasının üzvüdür. Əgər Ermənistan onun 20% ərazisini işğal edirsə, deməli, təşkilatın əsas dəyərləri pozulur”. (“Təzadlar”, 25.01.11).

25 yanvar

* “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib: “Ermənilərin indi gürcü cəmiyyəti ilə üz-üzə gəlmək cəhdi açıq sezilir... Ola bilər ki, Gürcüstan istənilən an ermənilər tərəfindən  zərbə alsın”. (“Unikal”, 26.01.11).

* Azərbaycan Orudusunun əsgəri Əliyar Cəfərov hospitalda xəstəlikdən dünyasını dəyişib. (“Bakı xəbər”, 26.01.11).

* Rusiyanın paytaxtı Moskva şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə həsr olunmuş videokörpü təşkil edilib. Tədbirdə rusiyalı ekspertlər Vladimir Kazimirov, Sergey Mixiyev, Qriqori Trofimçik, “Azərros” Fondunun sədri Söyün Sadıxov, erməni ekspert Aleksandr İskəndaryan, politoloq Tevan Poqosyan iştirak ediblər. (“Bakı xəbər”, 26.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri Ağdam rayonunun cəbhəboyu kəndlərini atəşə tutub. Çıraqlı kənd sakini Şövkət Aslanova yaşadığı evin həyətində 2 güllə yarası ilə yaralanıb. (“Üç nöqtə”, 26.01.11).

* AXCP sədri Əli Kərimli bildirib: “Azərbaycan hakimiyyəti ciddi şəkildə hərbi əməliyyatlara hazırlaşmır, hərbi variantı düşünmür. Çünki indiki şərtlərlə həqiqətən də bunu düşünmək imkanı da yoxdur. Azərbaycan dünyadan demək olar ki, təcrid olunub, heç bir etibarlı müttəfiqi yoxdur, Ermənistanın çox güclü müttəfiqi-Rusiya var... Hal-hazırda biz Türkiyə ilə o dərəcədəmi yaxınıq ki, gəlib torpaqlarımızın müdafiəsində iştirak edəcək?... NATO ilə məsafəsini artıran Azərbaycan NATO üzvü olan Türkiyəyə arxalanıb hərbi əməliyyatlara girə bilməz. Bunun üçün Azərbaycan NATO-ya yaxınlaşmalıdır, uzaqlaşmalı deyil. Torpaqların azad olunmasının qeydinə qalan oğlan NATO-nun uzatdığı əli sıxardı... Cəmiyyətin böyük bir hissəsi savaş istəmir... Xalq haqlı olaraq düşünür ki, bu cür hakimiyyətlə müharibəyə getmək olmaz...”. (“Yeni Müsavat”, 26.01.11).

* Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində hərbi-strateji araşdırmalar mərkəzinin eksperti, 1-ci dərəcəli kapitan Konstantin Sivkov bildirib: “Azərbaycan nəticəsiz danışıqları çox uzatmayacaq. Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara hazırlaşır... Lakin bu o demək deyil ki, Qarabağda müharibə tezliklə başlayacaq. Azərbaycan hələ hərbi potensialını gücləndirməklə məşğuldur... Belə görünür ki, işğal edilmiş ərazilərin azad olunması cəhdi 2011-ci ilin sonlarında, yaxud 2012-ci ilin yayında baş verəcək”. (“Yeni Müsavat”, 26.01.11).

* Erməni tərəfinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun zabiti Zamin Məmmədov həlak olub. Hadisə Ağdam rayonu Cəvahirli kəndi istiqamətində baş verib. (“Bakı xəbər”, 27.01.11).

26 yanvar

* “Ortaq dəyərlər” İctimai Birliyi “Qarabağ problemi türk dünyasının ortaq problemidir” mövzusunda Dəyirmi Masa keçirib. Tədbirdə qurumun rəhbəri Aqil Camal, həmçinin ekspertlər Cavid Vəliyev, Əliməmməd Nuriyev və digərləri çıxış ediblər. (“Ekspress”, 27.01.11).

* Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ötən ilin yekunlarına dair toplantı keçirib. Qurumun rəhbəri, millət vəkili Azay Quliyev həyata keçirilmiş layihələr, o cümlədən Dağlıq Qarabağ məsələsinə dair layihələr haqqında məlumat vermişdir. (“Ekspress”, 27.01.11).

* Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirib və bildirib: “İndi danışıqlar elə mərhələdədir ki, Ermənistan danışıqlar prosesini ya qəbul etməli, ya da rədd etməlidir... “Ermənistan iki icmalı Dağlıq Qarabağ” terminini qəbul etməlidir... Müharibənin başlayacağı təqdirdə Rusiyanın Ermənistanı dəstəkləyəcəyi ilə bağlı səslənən fikirlər əsassızdır”. (“Ekspress”,  27.01.11).

* İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyan “Exo Moskvi” radiostansiyasına müsahibəsində bildirib: “Münaqişənin nizamlanmasının yeganə üsulu dinc üsul, yeganə yolu Dağlıq Qarabağda referendumun keçirilməsi və ya 1991-ci ildə keçirilmiş referendumun nəticələrinin tanınmasıdır... Ermənilər bir santimetr ərazinin də qaytarılmasını istəmirlər”. (“Şərq”, 27.01.11).

27 yanvar

* Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində 41-ci Dünya İqtisadi Forumunda iştirak edib və bir neçə görüşlər keçirib. Bu görüşlərdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. (“Ekspress”, 28.01.11).

* Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib: “Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım, terrorlar, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və digər cinayət əməllərinə görə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib”. (“Ekspress”, 28.01.11).

* İşğalçı Ermənistan Ordusunun bölmələri Ağdam rayonunun işğal altında olan Kəngərli kəndi istiqamətində yanğın törədiblər. (“Ekspress”, 28.01.11).

* Avropa Şurası Parlament Assambleyasında Xocalı soyqırımının ildönümü ilə bağlı bəyannamə qəbul olunub. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı sənədi Assambleyanın müxtəlif ölkələrdən olan 25-dən artıq üzvü imzalayıb. Bəyannamə ingilis və fransız dillərində qurumda yayılıb və Assambleyanın iclasında elan edilib. (“Ekspress”, 28.01.11).

* Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının hesabatında bildirilib: “Hazırda Azərbaycanda 6 Ermənistan   hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi və bir erməni mülki şəxs saxlanılır. Ermənistanda 2 Azərbaycan hərbçisi saxlanılır. Bütövlükdə Ermənistanda olan əsir və girovlarımızın sayı 4048 nəfərdir”. (“Şərq”, 28.01.11).

* Jurnalist Araşdırmalar Mərkəzi www.azerihostage.com adlı sayt yaradıb. Qurumun rəhbəri Seymur Verdizadənin bildirdiyinə görə, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda erməni əsirliyində və girovluğunda olmuş soydaşlarımız haqda, erməni vandalizmi haqda məlumatlar yerləşdirilib. (“Yeni Müsavat”, 28.01.11).

* Ermənilərin sabiq səhra komandirləri müharibə ehtimalına münasibət bildiriblər. Şuşanın işğalına rəhbərlik etmiş general Arkadi Ter-Tadevosyan: “Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürür... Hazırda Azərbaycan hərbi baxımdan kifayət qədər güclüdür... Qarabağda müharibə başlasa, Ermənistan ordusu itkilər verə bilər... Azərbaycan ordusu tankların hərəkət edə biləcəyi əraziləri qaytaracaq”. Ermənilərin xüsusi vəhşiliyi ilə tanınan, Xocalı qatliamının iştirakçısı olan “Arabo” batalyonunun komandiri Manvel Yeqizaryan: “Azərbaycan durmadan silahlanır... Mən necə əmin ola bilərəm ki, bu silahlar mənim başımda partlamayacaq?” (“Yeni Müsavat”, 28.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri düşmən ölkənin İcevan rayonu Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonu Cəfərli kəndində yerləşən mövqelərimizi, Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub.

28 yanvar

* Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Hər şey müharibə üçün, hər şey qələbə üçün!” devizi altında Gənclər Forumu keçirilib və bəyanat qəbul edilib: “Həddindən artıq çox vaxt keçməsinə baxmayaraq torpaqlarımız hələ də işğal altında qalır, aparılan danışıqlar heç bir nəticə vermir. Beynəlxalq təşkilatlar, vasitəçi dövlətlər məsələyə ikili standartlar mövqeyindən yanaşır, ikiüzlü və riyakar siyasət yeridir, işğalçı Ermənistanın öz niyyətlərindən geri çəkilməsi üçün heç bir real addım atmır, mahiyyət etibarı ilə işğalçı Ermənistanı himayə edirlər. Ermənistan isə öz niyyətlərindən imtina etmək istəmədiyini açıq şəkildə nümayiş etdirir, cəbhə xəttində atəşkəsi davamlı olaraq pozur, Azərbaycan Ordusunun mövqelərini, həmçinin dinc sakinləri atəşə tutmaqdan çəkinmir. Cəbhə xəttində erməni atəşi nəticəsində ölən və yaralanan əsgər və zabitlərimizin, dinc sakinlərin sayı artmaqda davam edir. Artıq bu vəziyyətə dözmək olmaz. Bu deyilənləri, həmçinin Azərbaycan Ordusunun gücünü, xalqımızın döyüş və qələbə əzmini, düşmənlərə nifrət və qisas hissini nəzərə alaraq hesab edirik:

1. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlardan qəti şəkildə imtina edilməlidir. Danışıqlar yolu ilə torpaqları azad etmək mümkün deyil. Bu yol torpaqlarımızın rəsmi qaydada erməni işğalçılarına təhvil verilməsinə doğru aparır. Danışıqlarda hər hansı formada iştirak və yaxud cəmiyyətdə bu yolun təbliğ edilməsi erməni siyasətinə xidmətdən başqa bir şey deyildir. Biz bu siyasəti qəti şəkildə rədd edirik.

2. Azərbaycan hakimiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün birmənalı şəkildə hərb yolunu seçməli, birbaşa hazırlıq işlərini aparmalı və ləngimədən hərbi əməliyyatlara başlamalıdır. Müharibənin ləngidildiyi hər gün bizi torpaqlarımızdan uzaqlaşdırır. Yalnız hərb meydanındakı qələbələrimizlə torpaqları geri qaytara bilərik.

3. Azərbaycan cəmiyyətinin bütün təbəqələri, ictimai, siyasi qurumlar, kütləvi informasiya vasitələri- hamı və hər kəs səylərini müharibənin və qələbənin tələblərinə səfərbər etməlidir. Müharibə ilə bağlı zərərli və qərəzli təbliğata, antimilli fəaliyyətə son qoyulmalıdır. Hamımız müharibənin və qələbənin labüdlüyü ideyası ətrafında birləşməliyik.

4. Biz də daxil olmaqla bütün Azərbaycan gəncləri müharibəyə hazır olmalıdır. Biz yağı düşmənin torpaqlarımızda yuva salıb möhkəmlənməsinə, işğal altındakı ərazilərimizdə məskunlaşmasına, həyasızcasına, bizə meydan oxuyaraq hərbi təlimlər keçirməsinə, hədə-qorxu gəlməsinə, soydaşlarımızı əsirlikdə saxlamasına, yurd yerlərimizi, məzarlıqlarımızı, məbədlərimizi viran qoymasına dözməməliyik. Biz artıq dözə bilmirik! Biz müharibə tələb edirik! Və bu müharibədə canımızı verməyə hazırıq! Biz bu müharibədə qalib gələcəyimizə əminik! Qələbə bizim olacaq, inşallah!

Ya Qarabağ, ya ölüm!

Qarabağsız Azərbaycan olmayacaqdır!

 (www.qatinfo.azersayt.com, 28.01.11; “525-ci qəzet”, 29.01.11).

* Strasburqda Azərbaycan    və Ermənistan deputatlarının görüşündə AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin fəaliyyətinin bərpa edilməsi haqda qərar qəbul olunub. İspaniyalı deputat Cordi Ukla Kosta Alt Komitənin rəhbəri təyin edilib. Bu komitənin ilk sədri britaniyalı deputat lord Rassel Conston olub, 2 il əvvəl onun ölümündən sonra komitənin işi dayanmışdı. (“Yeni Müsavat”, 29.01.11).

* Avropa Parlamentinin üzvü Yoahim Zeller bildirib: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və qondarma hökümət tərəfindən zəbt olunub... Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”. (“Təzadlar”, 29.01.11).

* İşğalçı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib: “İstənilən halda pis sülh müharibədən yaxşıdır. Bu təbiidir. Çünki müharibə yolu ilə məsələni həll etmək olmaz”. (“Şərq”, 29.01.11).

* Ermənistan ordusunda ölmüş əsgərlərin anaları prezidentin binası qarşısında aksiya keçiriblər. Ordudakı vəziyyətə etiraz edən qadınların qarşısına Serj Sərkisyan çıxıb, amma qadınlarla dəmir barmaqlıqların arxasından danışıb. (“Unikal”, 29.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri düşmən ölkənin Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Voskepar və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, düşmən ölkənin İcevan rayonu Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Tərtər rayonu Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub. 

29 yanvar

* Azərbaycan ordusunun əsgəri Nuran Fərədli hərbi xidmətdə olarkən dünyasını dəyişib. Onun Goranboy rayonu ərazisində hərbi xidmət keçdiyi, ölümünün səbəbinin isə məlum olmadığı bildirilib. (“Yeni Müsavat”, 30.01.11).

* Müxalif qüvvələrin daxil olduğu İctimai palatanın birinci sessiyası keçirilib. İctimai palataya Müsavat, AXCP, AMİP, DEVAM və digər siyasi və ictimai qurumlar daxildir. Qurumun 2011-ci il üçün fəaliyyət planı haqda məlumat verən AXCP sədri Əli Kərimli bildirib ki, Qarabağla bağlı gedən proseslərdən tutmuş bütün sahələrə qədər bütün məsələlər diqqət mərkəzində olacaq. (“Yeni Müsavat”, 30.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub.

30 yanvar

* Ermənistan mətbuatının yazdığına görə, Azərbaycan Rusiyanın vastəçiliyi ilə aparılan danışıqları boykot edəcəyini bildirib, Elmar Məmmədyarov Xarici İşlər Nazirlərinin Moskvada keçirilən son görüşündə bildirib ki, Ermənistan münaqişənin çözümü ilə bağlı aydın cavab verməsə, Moskvanın vastəçiliyi ilə olan danışıqlar boykot ediləcək. (“Bakı Xəbər”, 31.01.11).

* İşğalçı Ermənistan ordusunun bölmələri düşmən ölkənin İcevan rayonu Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

31 yanvar

* “Borçalı” cəmiyyəti “Bolnisinin dünəni, bu günü, sabahı” mövzusunda tədbir keçirib. Cəmiyyətin sədri Zəlimxan Məmmədli bildirib ki, kənd və yer adlarının dəyişdirilməsinin qarşısı alınmalı, soydaşlarımızın hüquqlarının pozulmasına yol verilməməlidir. Tədbirdə Elxan Məmmədli, Kərəm Məmmədli, Abbas Abdulla və digərləri çıxış ediblər. (“Təzadlar”, 01.02.11).

* Politoloq Mübariz Əhmədoğlu bildirib: “İran üçün daha böyük təhlükə isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasıdır. İndi zəifləmiş ABŞ və Qərb bu münaqişəni konservasiya edərək özləri üçün əlverişli vaxtadək saxlamaq istəyir... İranın 20 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsi ilə qonşuluq etməsi bu dövlət üçün neqativ vəziyyət  yaradır... Bu qayçı və ya yanğın sabah İranın da ərazi bütövlüyünü də qayçılaya və ya yanğın İranın da ərazisinə keçə bilər. Dağlıq Qarabağ münaqişəsini həll etməyə İrana saatlarla ölçülən vaxt lazımdır. Variantları da çoxdur”. (“Bakı Xəbər”, 01.02.11).

* NATO Baş Qərargahının departament direktoru Karlos Branko bildirib: “Biz Minsk qrupu tərəfindən keçirilən prosesi tamamilə dəstəkləyirik və münaqişənin nizamlanmasına müdaxilə etməyə hazırlaşmırıq”. (“Şərq”, 01.02.11).


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 |