ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

GARABAGH: YESTERDAY, TODAY AND TOMORROW

QARABAĞ GÜNDƏLİYİ
İyul, 2009

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 |


1 iyul

*  Almaniyanın mərkəzi şəhəri Berlində Qarabağ məsələsinə həsr olunmuş müzakirələr keçirilib. Tədbirdə azərbaycanlı tədqiqatçı, Manheyn universitetinin doktorantı Azər Babayev “Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli üçün gözlənilməz fürsət” mövzusunda məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında müzakirələr keçirilib.

* İşğalçı Ermənistan ordusunun bölmələri Goranboy rayonu Gülüstan, Tərtər rayonu Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

2 iyul

*ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni Azərbaycanın prezidenti, Xarici işlər naziri və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri (B.Səfərov, C.Allahverdiyev, F.Bədəlbəyli və d.) ilə görüşüb. Qonaq heç bir məsələyə konkret münasibət bildirməyib. Guya deyib ki, “ATƏT bizim doğma torpaqlarımıza qayıtmağımızı çox istəyir”. Həqiqətdə isə Dora xanım Qarabağdan daha çox Yunanıstanın qaz maraqlarından danışıb.

* İşğalçı Ermənistan ordusunun bölmələri Goranboy rayonu Tapqaraqoyunlu, Ağdam rayonu Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

3 iyul

*  Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə “Qarabağ forumu” keçirilib. Forum iştirakçılarının qəbul etdiyi sənəddə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada gözlənilən  görüşü ilə bağlı  narahatçılıq bildirilib, danışıqlar zamanı ərazi bütövlüyü və referendum məsələsinin müzakirə olunmasının zəruriliyi göstərilib.

* Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları Asim Mollazadə, Rövşən Rzayev, Konservatoruyanın rektoru Siyavuş Kərimi, Şuşa mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılovdan ibarət nümayəndə heyəti Xankəndində, İrəvanda oldular, həmin günün axşamı erməni nümayəndələrlə Bakıya gəldilər. Səfərin təşkilatçıları Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan, Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi (keçmiş mədəniyyət naziri) Mixail Şvidkoy olmuşlar. Azərbaycan nümayəndələri cəbhə xəttini Tərtər rayonu ərazisindən keçərək Xankəndinə getmiş, qondarma rejimin rəhbəri Bako Saakyanla görüşmüşlər. Sonra Şuşaya, oradan da İrəvana gediblər. Bu səfərə dərhal reaksiyalar verilmişdir. VHP sədri S.Rüstəmxanlı bildirmişdir ki, “ziyalıların bu cür səfərində qəbahət görmürəm”. QAT sədri Akif Nağı səfərin tam əleyhinədir və hesab edir ki, “bu səfər Azərbaycanın maraqlarına ziddir”. Aydın Mirzəzadə bildirdi ki, “bu səfəri müsbət qiymətləndirirəm”. Zərdüşt Əlizadə: “Belə səfərlərdə Rusiyanın marağı var”, “Bu səfərin xeyri göz qabağındadır”. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov: bu səfərə münasibətim normaldır“. İsa Qəmbər, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Pənah Hüseyn bu səfərin tərəfdarı olmadıqlarını bildirdilər. QAT bəyanatla çıxış etdi.

* “Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzi”nin rəhbəri Mübariz Əhmədoğlu mətbuat üçün aylıq açıqlamasında bildirdi: “İyul ayı Qarabağ münaqişəsinin həlli yolunda mühüm mərhələdir. Əgər bu ay ərzində danışıqlar nəticə verməsə, danışıqların davam etdirilməsinə ehtiyac qalmayacaqdır... Əgər danışıqlar nəticəsiz qalsa, Azərbaycan ərazilərini hərbi yolla azad etmək məcburiyyətində qalacaqdır”.

* İşğalçı Ermənistan ordusunun bölmələri Tərtər rayonu Çaylı kəndi yaxınlığında, Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

4 iyul

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “RTR” televiziya kanalına müsahibə verərək bildirib: “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Bu hüquqi əsas Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalçı qüvvələrinin bizim ərazilərdən çıxarılmasını və qaçqınların öz yerlərinə qayıtmasını nəzərdə tutur... Bəzi məsələlər üzrə biz mövqelərimizi razılaşdırmışıq, prinsipial mövqeləri... Yerdə qalan və razılaşdırılanlardan az əhəmiyyət daşımayan məsələlərin həll edilməməsi təəssüf doğurur... Minsk qrupu həmsədrlərinin bu istiqamətdə gördüyü işlər səmərəlidir. Biz bunu qiymətləndiririk... Bizim təkliflərimizdə Dağlıq Qarabağda indi yaşayan və yaşayacaq insanların təhlükəsizliyinin təmin olunması öz əksini tapıb. Dağlıq Qarabağın yerli özünüidarə məsələləri də bu təkliflər sırasındadır... Dağlıq Qarabağın statusu barədə qərar isə qeyri-müəyyən müddətə təxirə salına bilər... Hazırda biz Minsk qrupu həmsədrlərinin təkliflərini dəstəkləyirik... Laçın dəhlizi ilə bağlı məsələ səmərəli şəkildə həll oluna bilər... Azərbaycan Dağlıq Qarabağın Azərbaycandan hüquqi ayrılması mexanizmini nəzərdə tutan proseslərdə öz iştirakını görmür və heç vaxt da bu prosesdə iştirak etməyəcək... Hazırda danışıqlar prosesində sazişdən sonra ilk olaraq Dağlıq Qarabağın ətrafındakı 5 rayonun geri qaytarılması təklif olunur. Azərbaycan bu təklifi qəbul etdiyini açıqlayıb. Ermənistanın dəqiq mövqeyi isə bilinmir”.

* Qarabağ Koordinasiya Şurasının toplantısı keçirildi. Səfir və ziyalıların işğal olunmuş ərazilərə və Ermənistana səfəri ilə əlaqədar bəyanat verildi. Bəyanatda bu səfərin xarici ölkələrin təzyiqi ilə həyata keçirildiyi və Azərbaycanın maraqlarına cavab vermədiyi vurğulanır. QKŞ-nin üzvləri həmçinin ictimai, siyasi qüvvələrin iştirakı ilə İctimai Forumun keçirilməsi haqda qərar qəbul etdilər. 2007-ci ilin iyununda yaradılmış QKŞ-yə “Turan” informasiya agentliyinin prezidenti Mehman Əliyev, QAT sədri Akif Nağı, millət vəkili Pənah Hüseyn, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, AREAT sədri Əli Abbasov, Ehtiyatda və istefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli, DEVAM sədri Hacı İlqar İbrahimoğlu. Dağlıq Qarabağ Azərbaycanlılarının Məclisinin sədri Mehman İsmayılov, politoloq İlqar Məmmədov daxildirlər.

6 iyul

* Qarabağ Azadlıq Təşkilatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ danışıqlarında müzakirə olunan varianta dair açıqlaması ilə bağlı bəyanat verdi. Bəyanatda bildirilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ məsələsinə dair müzakirə olunan variantla bağlı açıqlaması ciddi narahatçılıq hissi doğurmuşdur. Bu variantla bağlı bəzi məlumatlar indiyə qədər bəzi beynəlxalq qurum və ekspertlər tərəfindən verilmişdi. Həmin məlumatlara görə, Dağlıq Qarabağın ətrafındakı 5 rayonun azad edilməsi, 2 rayonun (Kəlbəcər və Laçının) faktiki olaraq ermənilərin əlində girov saxlanılması, Dağlıq Qarabağın ətrafında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağdakı qondarma rejimə müvəqqəti beynəlxalq statusun verilməsi nəzərdə tutulur. Biz bir daha bildiririk ki, bu variant Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil və Dağlıq Qarabağın həmişəlik itirilməsinə yönəlmişdir:

1. İşğal olunmuş ərazilərin hissələrə bölünməsi, əvvəl 5, sonra 2, daha sonra isə Dağlıq Qarabağın taleyi ilə bağlı məsələnin müzakirə edilməsi yanlış yanaşmadır. İşğal olunmuş ərazilərə fərqli münasibət qoyulmamalı, bütün ərazilər eyni vaxtda və qeyd-şərtsiz azad olunmalıdır. Azərbaycan bu cür müzakirələrə getməklə Ermənistanın işğal olunmuş ərazilərlə siyasi möhtəkirlik etməsinə şərait yaradır.

2. Dağlıq Qarabağdakı qondarma rejimə hər hansı ad altında, müvəqqəti və yaxud aralıq beynəlxalq statusun verilməsi nəticə etibarı ilə həmin rejimi beynəlxalq hüququn subyektinə çevirəcək və beynəlxalq status almasına gətirib çıxaracaqdır. Bununla da bu günə qədər heç bir beynəlxalq təşkilat, dövlət, hətta Ermənistan tərəfindən tanınmayan qondarma qurumun de-fakto tanınması, onunla hərtərəfli əlaqələrin yaranması üçün geniş imkanlar açılacaqdır.

3. Dağlıq Qarabağın ətrafına beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi qondarma rejimin, separatçı və terrorçuların mühafizə olunmasına xidmət edəcəkdir. Bu şəraitdə Azərbaycanın Dağlıq Qarabağa hər hansı formada təsir göstərmək imkanları sıfıra enəcək və qondarma qurum formal olaraq Azərbaycanın tərkibində qalmaqla heç bir təhlükə hiss etmədən beynəlxalq sülhməramlı qüvvələrin müdafiəsi altında öz mövcudluğunu davam etdirəcəkdir.

    Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan hakimiyyəti heç bir halda bu təhlükəli varianta razılaşmamalı, tarixə “torpaq satan” hakimiyyət kimi düşmək perspektivindən imtina etməlidir. Biz öz növbəmizdə bu təhlükəli variantın həqiqi mahiyyətinin Azərbaycan cəmiyyətinə çatdırılması, antimilli siyasətə qarşı müqavimətin təşkil edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik.

* BAXCPDUİ Polad Bülbüloğlunun başçılığı altında nümayəndə heyətinin işğal olunmuş ərazilərə və Ermənistana səfərini pisləyən bəyanatlarla çıxış etdilər.

* İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyan İrəvanda açıqlama verərək bildirdi: Dağlıq Qarabağ problemi üzrə danışıqlar prosesində dəyişiklik yoxdur. Biz mövqeyimizi dəyişməmişik. Bütün tərəflər açıq bir həqiqəti yaxşı bilirlər ki, danışıqlar prosesində əsas məsələ Dağlıq Qarabağın statusudur. Qarabağ xalqının qəbul etmədiyi heç bir qərar reallaşa bilməz.

*  ABŞ və Rusiyanın prezidentləri Barak ObamaDmitri Medvedyev Moskvada görüşdülər. Bir çox məsələləri müzakirə etməyə başladılar. Güman edilir ki, Qarabağ məsələsini də müzakirə ediblər.

* İşğalçı Ermənistan ordusunun bölmələri Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

7 iyul

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təzəpir məscidinin yenidənqurmadan sonra açılış mərasimində bildirdi:  “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bütün işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır. Yalnız bundan sonra sülh sazişi imzalana bilər”.

* Ermənistanın terrorçu prezidenti S.Sərkisyan bildirdi: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hazırda bir inkişaf yoxdur. Münaqişə tərəfləri bilir ki, danışıqlarda əsas məsələ Dağlıq Qarabağın statusu ilə bağlıdır və mən şadam ki, bu ideyanın tərəfdarları çoxalmaqdadır”.

* Rusiya hökumət aparatının nümayəndəsi Yuri Uşakov bildirdi ki, B.Obama və V.Putin arasında görüş zamanı ABŞ prezidenti öz ölkəsinin Rusiyanın postsovet məkanındakı maraqlarını nəzərə alacağını deyib. Onun sözlərinə görə, Obama deyib ki, Gürcüstan və Ukrayna ilə münasibətlərdə Rusiyanın maraqları nəzərə alınacaq. Bununla belə, ABŞ prezidenti bu ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmalı olduğunu da bildirib.

* Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə Xankəndi Press Klubunun keçirdiyi yeni rəy sorğusu nəticəsində bəlli olub ki, qarabağlı ermənilərin 63,2%-i oradaki vəziyyəti dözülməz sayır və üzləşdikləri problemləri çox ağır hesab edirlər. Rəyi soruşulanların 71,4%-i ağır yaşayış şəraitinin ucbatından “əllərinə imkan düşən kimi” Dağlıq Qarabağı tərk edəcəklərini bildiriblər. Bu fikirdə olanların 47,2%-i sosial ədalətsizliyi, 16,3%-i hərbi əməliyyatların yenidən başlanması təhlükəsini, 8,7%-i isə siyasi motivləri əsas gətitirlər.

* İşğalçı Ermənistan ordusunun bölmələri Füzuli rayonu Qaraxanbəyli kəndi yaxınlığında, Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi, düşmən ölkənin Noyanberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

8 iyul

* Minsk qrupu həmsədrləri regiona gəliblər. İlk olaraq İrəvanda görüş keçirdilər. Hava şəraiti ilə bağlı Xankəndinə gedə bilmədilər. Bu, deyəsən, daha çox siyasi ab-hava ilə bağlıdır. Həmsədrlər İrəvanda mətbuat konfransı keçirdilər. Amerikalı həmsədr bildirib: “Münaqişənin hərbi yolla həlli mümkün deyil və onun həlli bu prinsiplərə əsaslanmalıdır: gücün tətbiq edilməməsi, millətlərin öz müqəddaratını təyin etməsi və ərazi bütövlüyü”. Rusiyalı həmsədr Y.Merzlyakov bildirib ki, “Dağlıq Qarabağ danışıqlar prosesinin iştirakçısı olmalıdır”.

* Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü Xarici İşlər Nazirliyi qarşısında “xalq diplomatiyası” təşəbbüslərinə, Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Dağlıq Qarabağa və Ermənistana səfər etməsinə etiraz olaraq aksiya keçirdi. Aksiyada qəbul olunan bəyanat XİN-ə təqdim olundu. Bəyanatda göstərilir: Polad Bülbüloğlu başda olmaqla nümayəndə heyətinin işğal olunmuş ərazilərə və Ermənistana səfər etməsi Azərbaycanın milli maraqlarına qarşı yönəlmişdir. Bu hərəkət işğalçı Ermənistan qarşısında təslimçilik siyasətinin tərkib hissəsidir, eyni zamanda Dağlıq Qarabağdakı qondarma rejimin legitimləşdirilməsinə xidmət edir. Ermənistan bu cür səfərlərdə maraqlıdır və çalışır ki, işğal faktını arxa plana keçirsin, unutdurulsun və işğal faktı yada salınmadan azərbaycanlılarla ermənilər arasında münasibətlər normallaşdırılsın, barışıq əldə olunsun. Ermənilər bu taktikadan 1905-1906, 1918-1920-ci illərdə istifadə etmiş və məqsədlərinə nail olmuşlar. İndi yenidən həmin ssenarini həyata keçirməyə çalışırlar. Azərbaycanda bu siyasətə xidmət göstərənlər milli maraqlara xəyanət edirlər. Bu şəxslər Rusiyanın və Ermənistanın sifarişlərini yerinə yetirilər. Bu prosesdə hər hansı formada iştirak edən azərbaycanlı rəzalət və şərəfsizlik damğasını öz üzərinə götürür, işğalçı və terrorçu ermənilərin hüzuruna gedib baş əyməklə ləyaqət və şərəf hisslərini itirdiklərini nümayiş etdirirlər. Bu şəxslər ermənilərin qətlə yetirdikləri 20 mindən artıq azərbaycanlının şəhid ruhlarını təhqir edir, erməni gülləsi ilə şikəst edilmiş 50 mindən artıq azərbaycanlının, evlərindən ermənilərin qovub çıxardığı 1 milyondan artıq soydaşımızın heysiyyatını tapdalayırlar, minlərlə azərbaycanlının qanını tökmüş erməninin əllərini heç nə olmamış kimi sıxır, bağırlarına basırlar, başa düşmək və qəbul etmək istəmirlər ki, yüzlərlə Azərbaycan qadını hələ də ermənilərin əsirliyində, girovunda və ixtiyarındadır. Həmin qadınlar girov saxlanıldıqları hasarların arxasından, künc-bucaqdan baxır və dəhşətə gəlirlər ki, onları azad etməyə gələcəklərini gözlədikləri əsgərlərin əvəzinə “xalq diplomatları”, “sülh göyərçinləri” gəlir, ermənilərlə dostluğu təzədən qurmağa başlayırlar. Bu rəzalətdir! Bu rəzalətə Azərbaycan kişisi qol qoya bilməz! Bu rəzalətə son qoyulmalıdır!

Biz Azərbaycan hökumətindən, Xarici İşlər nazirliyindən bu rüsvayçı səfərlərə son qoymağı, bu səfərlərdə iştirak edənləri cəzalandırmağı, Polad Bülbüloğlunun səfir səlahiyyətlərinə xitam verilməsini tələb edirik.

* İşğalçı Ermənistan ordusunun bölmələri Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

9 iyul

* Həmsədrlər İrəvandan Bakıya gəldilər və hava limanında bəzi açıqlamalar verdilər. M.Brayza bildirdi: “Prezidentlərin qarşıdakı Moskva görüşündə çərçivə sazişinin imzalanması mümkün deyil... Çərçivə sazişinin imzalanması uzunmüddətli prosesdir və buna hələ çox var”. O həmçinin qeyd edib: “Azərbaycan prezidentinin son bəyanatı Azərbaycan əhalisinin mümkün çərçivə sazişinə hazırlanması baxımıdan da əhəmiyyətlidir”.

* İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun tədqiqat direktoru Svante Kornel “Azadlıq” radiosuna bildirib: “Yaxın perspektivdə Cənubi Qafqazda münaqişələrin həll olunacağına nikbin baxmıram. Münaqişələrin həll olunmamış qalması Rusiya xarici siyasətinin prioritetidir. Rusiya rəhbərliyi bundan faydalanır... Qarabağ ətrafındakı torpaqların “5+2 rayon” formatında qaytarılmasını məntiqi güzəşt sayıram”.

* Belçikanın Avropa araşdırmaları Mərkəzinin nümayəndəsi Maykl Emerson bildirib: “Ermənistan Dağlıq Qarabağ və bitişik ərazilərdən çıxana oxşamır... Mən eşitmişəm ki, Rusiya enerji və təhlükəsizlik müqavilələri əvəzində Dağlıq Qarabağı Azərbaycana verə bilər. Ermənistan buna razılaşacaqmı?... Münaqişə nə vaxtsa, bəzi güzəştlərlə həll oluna bilər, ancaq belə tezliklə yox”.

* ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolds bildirib: “Bu il Qarabağla bağlı sazişin imzalanması üçün yeni və fərqli şərait yoxdur... Azərbaycan, ABŞ və Fransanın istəyib-istəməməsindən asılı olmayaraq, Rusiyasız bu regionda sülh yoxdur”.

* Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Lorens Hits bildirib: “Bu il Azərbaycan və Ermənistan arasında münaqişənin imzalanmasının əsas prinsipləri ilə bağlı çərçivə sazişi imzalana bilər”.

* İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyan bildirib ki, heç bir erməni ağlına gətirə bilməz ki, Qarabağ Azərbaycanın olacaq.

* İşğalçı Ermənistan ordusunun bölmələri Ağdam rayonu Yusifcanlı, Xocavənd rayonu Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

10 iyul

* ABŞ Senataının Maliyyə təxsisatları komisssiyası gələn il üçün Dağlıq Qarabağa maliyyə ayrılmaması və Ermənistana bu ilki 48 milyon əvəzinə 30 milyon ABŞ dolları həcmində yardım ayrılması haqda qərar qəbul etdi.

* Qarabağdan olan deputatlardan bəziləri “xalq diplomatiyası”na, səfərlərə münasibətlərini bildirdilər. Elman Məmmədov: “Qarabağa səfər barədə düşünməmişəm, getmərəm”. Həvva Məmmədova: “Qarabağa məmnuniyyətlə gedərəm”. Aslan Şahverdiyev: “Bu səfərlərin heç bir mənası yoxdur”.

* Qarabağ üzrə Koordinasiya Şurasının təşəbbüsü ilə Qarabağ forumu keçirildi. Forumda Pənah Hüseyn, Mehman Əliyev, Akif Nağı, Əli Abbasov, Yaşar Cəfərli, İsa Qəmbər, Əli Kərimli, Fazil Mustafa, İqbal Ağazadə, Mübariz Əhmədoğlu, Əvəz Temirxan və digərləri iştirak etdilər. Geniş müzakirələrdən sonra indiki şəraitdə, torpaqlarımızın hələ də işğal altında olduğu vəziyyətdə “xaql diplomatiyası”nın yolverilməz olması ilə bağlı ümumi mövqe bildirildi. Həmçinin ümumi bir sənədin hazırlanıb imzalanmaq üçün təqdim olunması haqda qərar qəbul olundu.

* Minsk qrupu həmsədrləri Bakıda mətbuat konfransı keçirdilər. Yuri Merzlyakov: “Prezidentlərin Moskva görüşü danışıqların finiş nöqtəsinə daxil olmasına imkan verəcək”. Bernar Fasye: “Moskva görüşündə baza prinsiplərinə dair azı iki vacib məsələnin araşdırıla biləcəyini düşünürəm”. Metyu Brayza: “ Prezidentlər arasındakı danışıqlar indi yeni və ciddi mərhələyə daxil olub”.

* Böyük Səkkizliyin İtaliyada keçirilən sammitində Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri gözlənilmədən Qarabağ münaqişəsinə dair bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Biz öz vasitəçilərimizə 2007-ci il Madrid sənədində təklif olunan sülhün yeniləşdirilmiş versiyası haqda təlimat vermişik. Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan bir neçə fikir ayrılığını aradan qaldırmağa, sülh sazişini yekunlaşdırmağa çağırırıq. Prezidentlər prinsipcə, baza prinsipləri ətrafında fikir ayrılıqlarını azaldıb və baza ideyalarına razılaşıblar”. Madrid sənədində göstərilən prinsiplərdən biri kimi “Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağın müvəqqəti statusu, təhlükəsizliyinin və özünü idarə edə bilməsinin təminatı” qeyd olunur. Bəyanatda başqa prinsiplər kimi “Dağlıq Qarabağla Ermənistan arasında dəhliz”,  Dağlıq Qarabağın yekun statusunun “iradənin leqal şəkildə bildirilməsi” yolu ilə müəyyən olunması göstərilir. Həmçinin “daxili köçkünlərin və qaçqınların” öz yerlərinə qayıtması haqqı qeyd olunur.

11 iyul

* Qarabağ Azadlıq Təşkilatı “Böyük Səkkizlər”in sammitində ABŞ, Rusiya və Fransa prezidentlərinin Qarabağ danışıqlarının məzmunu ilə bağlı verdikləri bəyanata qarşı bəyanat verdi. Bəyanatda deyilir:  Böyük səkkizlərin İtaliyada keçirilən Sammitində Minsk qrupuna həmsədrlik edən ölkələrin-ABŞ, Rusiya və Fransa prezidentlərinin Qarabağ münaqişəsinə dair verdikləri gözlənilməz bəyanatı Azərbaycan dövlətinə qarşı qəsd kimi qiymətləndiririk. Üç xristian dövləti işğalçı Ermənistanı açıq şəkildə dəstəkləyir, işğalçı dövlətin bütün iddialarının yerinə yetirilməsinə yardım göstərir və Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırlar. Onların təklif etdikləri variant Dağlıq Qarabağdakı qondarma rejimə müvəqqəti statusun verilməsi, yekun statusla bağlı referendumun keçirilməsinə şərait yaradılması, Dağlıq Qarabağdakı qondarma rejimi qorumaq üçün beynəlxalq sülhməramlıların regiona yerləşdirilməsindən ibarətdir. Həmsədr ölkələrin təklif etdikləri bu variant Ermənistanın işğal hərəkətlərinə bəraət qazandırılmasına, Dağlıq Qarabağın həmişəlik itirliməsinə yönəlmişdir.

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, təklif olunan variant Azərbaycanın maraqlarına qətiyyən cavab vermir, ona görə də Azərbaycan hakimiyyəti dərhal danışıqlardan imtina etməlidir. Həmsədr ölkələr bu variantı verməklə obyektivlikdən və ədalət prinsiplərindən çox uzaq olduqlarını nümayiş etdirdilər. Azərbaycan hakimiyyəti tərəfindən bu danışıqların davam etdirilməsi, hansısa formada bu varianta razılıq verməsi milli maraqlara xəyanətdir. Biz bildiririk ki, Azərbaycanın bütün siyasi və ictimai qurumları bir araya gəlməli, antimilli xəttin həyata keçirilməsinə, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yol verməməməlidir. Vəziyyət həddindən artıq təhlükəlidir! Bu təhlükəni dərk etməyənlər, bu təhlükənin aradan qaldırılması üçün heç nə etmək istəməyənlər də xəyanətkardırlar! Hər bir azərbaycanlı ayağa qalxmalı, Vətən qarşısında öz borcunu yerinə yetirməli, məkrli planın həyata keçirilməməsi üçün gücü çatan hər bir işi görməlidir! Qarabağ əldən gedir! Vətən təhlükədədir! Ayağa qalx Azərbaycan kişisi!

* ABŞ prezident administrasiyasının Mətbuat Xidməti Madrid prinsiplərinin konkret maddələrini açıqlayıb. Həmin maddələrdə qeyd olunur:

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması.

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi.

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması.

4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan öz müqəddaratını ifadə etmək hüququ.

5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ.

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

* Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirdi: “Münaqişənin nizamlanmasına dair son açıqlamalarda erməni tərəfinin neçə vaxtdır israr etdiyi məqamlar yer alır. Bu, Dağlıq Qarabağın statusunun orada yaşayan əhalinin öz müqəddaratını təyin etməsi hüququ əsasında müəyyən edilməsidir... Digər mühüm məqam odur ki, Dağlıq Qarabağın Ermənistanla quru sərhədlərinə malik olması və təhlükəsizlik təminatının verilməsidir”.

* İşğalçı Ermənistan ordusunun bölmələri Ağdam rayonu Mərzili kəndi yaxınlığında, Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

12 iyul

* İşağlçı Ermənistan ordusunun bölmələri Ağdam rayonu Mərzili kəndi yaxınlığında, Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

13 iyul

* Qarabağ Azadlıq Təşkilatının fəalları Bakıda və bölgələrdə etiraz aksiyaları keçirdilər. Qarabağ Azadlıq Təşkilatının üzvləri bir neçə qrupa bölünərək Bakının müxtəlif yerlərində, o cümlədən Rusiya səfirliyi, Xarici İşlər nazirliyi qarşısında və digər yerlərdə etiraz aksiyaları keçirmiş, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaqdır!”, “Ya Qarabağ, ya ölüm!”, “Təslimçi sülhə yox deyirik!”, “Həmsədrlərin xidmətindən imtina edilsin!”, “Dağlıq Qarabağa hər hansı statusun verilməsi xəyanətdir!”, “Referendum ideyasını rədd edirik!” və digər şüarlar səsləndirilmiş, plakatlar və Azərbaycan bayraqları qaldırılmışdır. Aksiya iştirakçıları bir sıra yerlərdə yolları bağlamış, maşınların hərəkətini bir müddətə dayandırmışlar. Xarici İşlər nazirliyi qarşısındakı aksiya iştirakçılarının bir hissəsi həbs olunmuşdur. Bir sıra bölgələrdə, o cümlədən Şəki, Ağsu, Bərdə, Gəncədə QAT-ın yerli şöbələri aksiya keçirməyə cəhd göstərmişlər, lakin yerli icra hakimiyyəti orqanları və polis qüvvələri aksiyaların keçirilməsinə imkan verməmişlər.

Həm Bakıdakı, həm bölgələrdəki aksiyalarda tələb olunur ki, Azərbaycan hökuməti təslimçi sülhə doğru aparan danışıqları dayandırsın, həmsədr dövlətlər tərəfindən təklif olunan rüsvayçı həll variantından imtina etsin, ərazi bütövlüyünə təhlükə yaradan hər hansı sənədə imza atmasın. QAT bildirir ki, əgər Moskvada Azərbaycanın maraqlarına cavab verməyən sənəd imzalanarsa, etiraz aksiyaları daha geniş miqyasda həyata keçiriliəcəkdir.

* Qarabağ üzrə Koordinasiya Şurası bir neçə gün əvvəl keçirilən Qarabağ forumunda əldə olunan razılığa əsasən Dağlıq Qarabağ ətrafında proseslərin gedişi və beynəlxalq vasitəçilər tərəfindən aparılan danışıqlar, təklif olunan variantlarla bağlı vahid sənəd hazırlamışdır. Həmin sənədin tanınmış ictimai və siyasi xadimlər, partiyalar, QHT-lər tərəfindən imzalanması üçün təqdim olunması nəzərdə tutulur.

Sənədin məzmunu aşağıda göstərilir:

Azərbaycan ziyalılarının, siyasi partiya nümayəndələrinin və vətəndaş cəmiyyəti nümayəndələrinin

BƏYANATI

Dağlıq Qarabağ ətrafında gedən proseslərin gedişindən, o cümlədən böyük dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlarla bağlı yaranmış situasiyadan Azərbaycan cəmiyyətinin narahatlığını ifadə edərək bu bəyanatı imzalayan şəxslər aşağıdakı məsələlərdə ümumi rəydə olduqlarını bəyan edirlər və ifadə olunan mövqenin ən ciddi şəkildə  nəzərə alınmasını Azərbaycan hakimiyyətindən tələb edirlər:

1.  Psevdo - xalq diplomatiyasına və xarici dairələrin diktə etdiyi təslimçi sülh planlarına  dair   süni və  təşkil olunmuş    diskussiyalar vasitəsilə Qarabağ probleminə münasibətdə formalaşmış  ümummilli mövqelərin  parçalanmasına səbəb olan addımların və hərəkətlərin yolverilməzliyi.

2. Azərbaycanın  BMT Nizamnaməsində təsbit edilmiş və Azərbaycan Konstitusiyasında dövlətin ən vacib vəzifələrindən biri kimi müəyyən edilmiş təcavüzdən  özünümüdafiə  və faktiki işğal nəticəsində ölkənin pozulmuş ərazi bütövlüyünü silahlı qüvvələrdən istifadə etməklə azad etmə hüququndan imtinanı nəzərdə tutan  öhdəliyinin götürməsinin və ya bu öhdəliyi nəzərdə tutan hər hansı beynəlxalq müqaviləni imzalamasının   yolverilməzliyi.

3. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunana qədər hər hansı xarici qoşun hisslərinin sülhməramlı əməliyyatlar və ya başqa bir ad altında Azərbaycan ərazisində, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında yerləşdirilməsinə   razılıq verilməsinin yolverilməzliyi.

4. Azərbaycanın ərazi bütövlüyünə aid  məsələnin hər hansı bölgə və ya etnik  çərçivəli referendum və ya səsverməyə çıxarılmasının və bunu nəzərdə tutan beynəlxalq müqavilələrin imzalanmasının yolverilməzliyi.

 

Sənədi ilk olaraq QAT sədri Akif Nağı, millət vəkili Pənah Hüseyn, “Turan” informasiya agentliyinin prezidenti Mehman Əliyev, AREAT rəhbəri Əli Abbasov, Ehtiyatda və Istefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, İslam Demokratiya Partiyasının sədri Tahir Abbaslı və digərləri imzalayıblar. Sənəd imzalanmaq üçün açıqdır.

* İşğalçı Ermənistan ordusunun bölmələri Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

14 iyul

* Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Böyük Britaniyada səfərdə olarkən bir sıra açıqlamalar verdi: “Dağlıq Qarabağ münaqişəsinin istənilən həll variantı Azərbaycannın ərazi bütövlüyünün qorunmasını təmin etməlidir... Münaqişəyə cəlb olunan tərəflər anlamalıdırlar ki, Dağlıq Qarabağın müstəqilliyindən heç bir söhbət gedə bilməz... Təəssüflər olsun ki, mən hərbi həll variantını tam istisna edə bilmirəm, çünki bizim öz ərazi bütövlüyümüzü bərpa etmək üçün beynəlxalq qanunlara əsaslanan tam hüququmuz var və heç bir ölkə bizim bu hüquqa malik olduğumuzu şübhə altına ala bilməz... Biz Dağlıq Qarabağda yaşayanlara ən yüksək muxtariyyət statusu verməyə hazırıq... Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu gözləmək gülüncdür. Azərbaycan daxilindəki 60 minlik əhalinin yaşadığı bir ərazi müstəqil dövlət ola bilməz”.

* Dağlıq Qarabağdakı qondarma rejimin “statistika xidməti” deyilən qurumunun verdiyi məlumata görə, guya Şuşada 1999-cu ildə 2600, indi isə 4500 nəfər əhali yaşayır. ABŞ ermənilərinin “Masis Weekly” qəzeti Şuşanın bərbad vəziyyətindən bəhs edir: İşsizlik tüğyan edir, binaların tam əksəriyyəti su, təbii qaz və elektrik enerjisi ilə təmin olunmayıb. Şəhərin yalnız iki küçəsindəki 15 bina təmir olunub. Cıdır düzündə Vartaşes adlı birisi özünə üç mərtəbəli ev tikdirib. Evin həyətinə və küçədən evə ayrılan yola qəbirstanlıqdan sındırılıb gətirilmiş mərmər başdaşları döşənib.

* Daşnaksütyun partiyasının İrəvan bürosunun rəhbəri Kiro Manoyan bildirib ki, “Madrid prinsipləri” əsasında Dağlıq Qarabağ probleminin həlli ermənilər və Ermənistan üçün intihar olardı.

* İşğalçı Ermənistan ordusunun bölmələri Ağdam rayonu Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

15 iyul

* Ermənistanın işğalçı qüvvələri Ağdamın zəbt edilmiş Kəngərli və Göytəpə kəndlərinə od vurdular. Alov geniş bir ərazini əhatə edib. Yanğın ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri monitorinq keçirən vaxt, onların gözləri qarşısında baş verib.

* Ermənistanın işğalçı qüvvələri Ermənistanın Noyembryan rayonu ərazisindən Qazax rayonu ərazisindəki mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

16 iyul

* İyulun 15-dən 16-na keçən gecə Ermənistanın işğalçı qüvvələri Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

* Ermənistanın işğalçı ordusunun 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 1990-cı il təvəllüdlü, İrəvan şəhər sakini Karen Harutyunyan əsgər yoldaşlarının ona verdikləri işgəncələrə dözməyərək, cəbhə xəttini keçib və Azərbaycan tərəfinə təslim olub.

* Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov bildirdi: “ Azərbaycan Ramil Səfərovun Azərbaycana gətirilməsi ilə bağlı danışıqları davam etdirir. Onsuz da Ramil Səfərov Azərbaycana gətiriləcək. Amma erməni lobbisi buna ciddi-cəhdlə mane olmağa çalışır”.

* İşğalçı Ermənistan ordusu Xocavənd rayonunun Kuropatkino kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan tərəfinin üzbəüz mövqelərini atəşə tutubdur.

17 iyul

* Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sərkisyan Moskvada “Prezident otel”də görüşdülər. Görüşdə həmsədrlər də iştirak ediblər. Birgə və təkbətək görüşlər oldu. Görüşdən sonra prezidentlər heç bir açıqlama vermədilər. Bu, prezidentlərin sayca 6-cı görüşüdür. Bu görüşün nəticələri ilə bağlı bəzi ümumi fikirlər həmsədrlər tərəfindən söylənildi. M.Brayza bildirib ki, “danışıqlar dərin, konkret və ciddi olub”.

18 iyul

* Moskvada Azərbaycan (İ.Əliyev), Rusiya (D.Medvedyev), Ermənistan (S.Sərkisyan) prezidentlərinin görüşü keçirildi. Görüş restoranladan birində baş tutub. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, üçtərəfli görüş konstruktiv keçib, tərəflər bir sıra açıq qalan məsələlər ətrafında müzakirələr aparıblar“. Moskva danışıqları zamanı prezidentlərin növbəti görüşünün payızda, çox güman ki, oktyabr ayında keçirilməsi razılaşdırılb. Türkiyə mətbuatının yazdığına görə, Moskva görüşlərində ermənilər azad olunacaq ərazilərə Rusiya sülhməramlılarının gətirilməsini, Azərbaycan isə Rusiya sülhməramlılarının tərkibində türk əsgərlərinin olmasını istəyib.

* İşğalçı Ermənistan ordusunun bölmələri Füzuli rayonun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan tərəfinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

* Qazax rayonunun Quşçu Ayrım kənd sakini Sayad Mustafayev kəndin Ermənistanla sərhəd hissəsində minaya düşüb. Partlayış nəticəsində S.Mustafayev sol ayağının dizdən aşağı hissəsini itirib.

20 iyul

* Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib: “Ermənistan Madrid sənədini qəbul etməyib... Madrid sənədi danışıqlar üçün əsas təşkil edir... Prezidentlərin Moskva görüşündə hansısa ərazilərin Azərbaycana qaytarılması qrafiki müzakirə olunmayıb”.

* Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib: “Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq”.

* Ermənistanın işğalçı qüvvələri Ağdam və Ağdərə rayonlarının işğal altında olan dağlıq hissələrində yanğın törətdilər. Yanğın dağətəyi meşə zolaqlarını və yaşıllıqları da əhatə edib. Yanğının miqyası o qədər genişdir ki, çox uzaq məsafələrdən də müşahidə olunur.

* Ermənistanın işğalçı qüvvələri düşmən ölkənin Noyemberyan rayonunun Vosqepar kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini avomat və pulemyotlardan atəşə tutub.

21 iyul

* İşğalçı Ermənistanın terrorçu prezidenti S.Sərkisyan İsveç xarici işlər naziri, AB-nin fəaliyyətdə olan sədri Karl Bildtin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib: “Hamıya aydın olmalıdır ki, əsas vəzifə Dağlıq Qarabağın statusunu müəyyənləşdirməkdir. Status isə xalqın mütləq hüquqi qüvvəli azad özünüifadəsinə əsaslanmalıdır. Bu məsələdə məqbul formul tapılsa, danışıqlar daha rəvan gedəcək”.

* Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə növbəti Qarabağ forumu keçirildi. Forumun qəbul etdiyi sənəddə bildirilir ki, Azərbaycan Madrid prinsipləri əsasında aparılan danışıqlardan imtina etməlidir. Həm Milli müqavimət hərəkatının bərpası, həm də kütləvi aksiyaların keçirilməsi istiqamətində işlərin görülməsi üçün İşçi qrup yaradıldı. İşçi qrupa Akif Nağı, Əhməd Oruc, Qulamhüseyn Əlibəyli, Elşad Musayev, Arif Paşa daxil oldular.

* “Bakı” futbol komandası ilə rəsmi görüş keçirmək üçün Azərbaycana gəlmiş Litvanın “Ekranas” klubunun mətbuat katibi Gedas Saroçka geriyə qaytarılmışdır. Buna səbəb onun bir neçə ay əvvəl Xankəndində jurnalistlərin turnirində iştirakı səbəb olub. Azərbaycan tərəfi mətbuat katibinin bu hərəkətini ona bağışlamayıb.

* Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Moskva görüşləri zamanı D.Medvedyevin iştirakı ilə İlham Əliyev və Serj Sərkisyan, əsasən, Dağlıq Qarabağda keçiriləcək səsvermənin prosedurunu və səsverməyə qədərki aralıq statusunun detallarını müzakirə ediblər.

* İşğalçı Ermənistan ordusunun bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan tərəfinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

* Mətbuata çıxan bəzi məlumatlara görə, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə 2 əsgər avtomat silahlardan 5 zabitə atəş açmış, 2 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. Məlumatı Müdafiə nazirliyi təsdiq etməmişdir.

22 iyul

* Minsk qrupu həmsədrləri Moskva danışıqlarının (17-18.07.09.) nəticələri ilə bağlı birgə bəyanat verdilər. Bəyanatda deyilir ki, keçirilən görüşlər baza prinsiplərinin bir neçə elementi üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün təklif olunan formulların ətraflı müzakirəsinə imkan verib. Onlar həmçinin ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı əsasında Madrid sənədinin yeniləşdirilmiş versiyasını hazırlamaq üçün iyulun sonunda Krakov şəhərində işçi sessiya keçirəcəklərini bildiriblər.

* İşğalçı Ermənistan ordusunun bölmələri Ermənistannın Noyemberyan rayonu ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan Silahlı qüvvələrinin Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

23 iyul

* Ermənilər Dağlıq Qarabağda yeni hava limanının tikintisinə başlayıblar. Yeni hava limanı Xankəndi-Xocalı yolunun yaxınlığında inşa edilir. Onun 2010-cu ilin oktyabrında istifadəyə veriləcəyi nəzərdə tutulur.

* Tanınmış “National Geographic” jurnalı Dağlıq Qarabağla bağlı yanlışlığa yol verib. Bu jurnalda Dağlıq Qarabağ Azərbaycandan ayrı bir ərazi kimi göstərilib. Azərbaycan haqqında məlumat xarakterli səhifədə Dağlıq Qarabağın mərkəzinin adı Xankəndi yazılsa da, ərazinin özü mübahisəli ərazi kimi təqdim olunur.

* Qarabağ Azadlıq Təşkilatının üzvləri Ağdamın işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etdilər. Məzarların üzərinə güllər qoyuldu, şəhidlərin ruhlarına dualar oxundu. Sonra Şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısında matəm mitinqi keçirildi. Akif Nağı, Fəridə Əsgərova, Seymur Əlizadə, Sabir Yanardağ və digər çıxış edənlər bildirdilər ki, torpaqlarımızın hələ də işğal altında qalması həm iqtidar, həm də xalq üçün çox böyük təhqir və rəzalətdir. İşğal faktına daha dözmək olmaz. İştirakçılar bir daha öz qətiyyətlərini nümayiş etdirdilər ki, Azərbaycan xalqı işğal, terror və vəhşilikləri heç vaxt ermənilərə bağışlamayacaq, düşməni döyüş meydanında məğlub edəcəkdir. İşğalçı Ermənistanın terrorçu və cinayətkar rəhbərləri ilə danışıqlar dayandırılmalı, onların cavabları hərb meydanında verilməlidir. Ziyarət və mitinq iştirakçıları düşmənə nifrətlərini Ermənistanın bayrağını yandırmaqla da bildirdilər. Lakin polislər bayrağın tam yandırılmasına imkan vermədilər və polislə mitinq iştirakçıları arasında qarşıdurma yarandı.

 Bakının digər yerlərində, qaçqınların məskunlaşdıqları ərazilərdə də etiraz aksiyaları keçirilmiş, erməni bayraqları yandırılmışdır.

Bölgələrdə də anım mərasimləri keçirilmiş, erməni bayraqları yandırılmışdır. Bölgələrdə əsasən insident baş verməmiş, polis maneçilik törətməmişdir. Yalnız Şəkidə QAT-ın rayon şöbəsinin sədri  Elxan Rəhimov polis şöbəsinə aparılmış, bir neçə saat saxlanılmış, sonra xəbərdarlıq edilərək buraxılmışdır.

* Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları tapılmasa, bölgədə yeni müharibə təhlükəsi istisna deyil... Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar 15 maddədən ibarət Madrid sənədi əsasında aparılır... Ötən həftə Moskvada keçirilən görüşdə əsas diqqət 15 maddədən 4-nə yönəldilib. Prezidentlərə təklif olunan “həll variantı”nda Dağlıq Qarabağın statusu məsələsini hələlik bir kənara qoyan maddədən söhbət gedir. İlkin mərhələdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Azərbaycan isə bu müddətdə Dağlıq Qarabağa müvəqqəti status verəcək... Dağlıq Qarabağın statusunun isə, müvafiq şərait yarandıqda, referendum yolu ilə gələcəkdə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu, insanların sülh şəraitində yaşamasını təmin edəcək və 5-10 ildən sonra onlar statusa qərar verəcəklər”.

24 iyul

* “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Füzuli rayonunun Qayıdış qəsəbəsində “Vətənpərvərlik ruhunun yüksəldilməsi” mövzusunda seminar keçirib. Birliyin rəhbəri Elnur Məmmədli məqsəd və vəzifələr ilə bağlı çıxış edib, ətraflı müzakirələr keçirilib.

* Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağaniz Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməllərinə görə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri üzrə aparılır. Cinayət işi üzrə 282 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

* ABŞ Konqresmeni Solomon Ortiz bildirb: “Mən hesab edirəm ki, 907-ci düzəliş ədalətsizlikdir, ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqinə və strateji əməkdaşına qarşı tətbiq olunmamalıdır”.

* Ermənistanda bir sıra siyasi və ictimai qüvvələr Madrid sənədinə qarşı çıxıbdır. Onlar əsasən “Tutduğumuz torpaqlar bizimdir!”, “Vermərik!” və sair tələblər irəli sürürlər. Həmçinin yeni müharibə başlayarsa, Azərbaycanı daha geniş miqyasda məğlub edəcəklərini deyirlər. “Ayna” (Azərbaycan) qəzeti bəzi araşdırmalar aparıb. Qəzet ön cəbhədə çalışan zabitlərimizin bu erməni hay-küyünə fikirlərini öyrəniblər. Zabitlərimizin dediklərinə görə, ermənilərin texnikaları arxadadır, bir neçə yerdə “möhkəmləndirilmiş rayonlar” qurublar. Bu rayonları vurub dağıtmaq bu günün hərbi imkanları çərçivəsində heç də böyük çətinlik törətmir. İlk zərbənin təkcə birinci günündə cəbhə xəttini bir neçə yerdən vurub yarmaq və Qarabağın dağlıq bölgələrinə doğru 25-30 km irəliləmək mümkün olacaqdır. Bu fikirləri ermənilərin hay-küyünü istehza ilə qarşılayan zabitlərimiz deyirlər.

* İrəvanda Sergey Yeremyans-Qanzaketsi adlı erməninin “Qandzak. 1905-1907, 1917-1921” adlı kitabının təqdimatı keçirilib. Ermənilər “Qandzak” deyəndə Gəncəni nəzərdə tuturlar. Kitabda Gəncə “qədim erməni şəhəri” kimi təqdim olunur və yeni ərazi iddiaları irəli sürülür.

* Mətbuat Şurası və “Xocalı soyqırımını tanıtma” İctimai Birliyi Qarabağ və Xocalı soyqırımı mövzusunun mətbuatda işıqlandırılması məsələsinə dair Dəyirmi Masa keçiriblər. Hər iki qurum bu mövzuda yazılar üçün birgə müsabiqə elan ediblər.

* Ermənistanın işğalçı qüvvələri Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu Əlibəyli kəndi ərazisindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

25 iyul

* Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) ABŞ prezidenti Barak Obamaya məktub göndərib. Şəbəkənin icraçı direktoru Adil Bağırov bildirib ki, məktubun göndərilməsində əsas məqsəd ABŞ-dakı ultra millətçi və radikal erməni qüvvələrinin Dağlıq Qarabağ danışıqları ilə bağlı spekulyasiyalarına son qoyulmasıdır. Məktubda qeyd olunur ki, “əsas arzumuz Azərbaycan torpaqlarının ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə azad olunmasıdır”. Məktub müəllifləri Dağlıq Qarabağın danışıqlarda tərəf kimi tanınması ilə bağlı erməni tərəfinin iddialarını rədd edir, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının eyni statusla maraqlı tərəf kimi iştiraklarını mümkün sayırlar.

26 iyul

* Azərbaycan-Amerika Şurası (mərkəzi qərargahı Los-Ancelesdə yeləşir) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda ABŞ-dakı Erməni Milli Komitəsinin ABŞ prezidentinə müraciət edərək Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsinə dair təklifinin əsassız olduğu göstərilir.

* İşğalçı Ermənistan ordusunun bölmələri Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, həmçinin Tərtər rayonu Göyarx kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

25-26.07.09. Minsk qrupunun həmsədrləri Polşanın Krakov şəhərində görüşdülər. Burada ABŞ, Rusiya və Fransa prezidentlərinin Akvildə (İtaliya) “Böyük səkkizliy”in sammitində verdikləri bəyanata uyğun olaraq Madrid prinsiplərinin yeniləşdirilməsinə dair müzakirələr aparılıb.

27 iyul

* Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bəyanatla çıxış edərək, Qarabağ danışıqlarının dayandırılmasını və silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini tələb edib. Bəyanatda vurğulanır ki, Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan müzakirələr Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinin olmadığını göstərir.

* Mərkəzi Asiya və Qafqaz İnstitutunun (mərkəzi ofisi Vaşinqtonda yerləşir) rəhbəri Frederik Stapp “Turan” informasiya agentliyinə müsahibəsində bildirib: “Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində nizamlanması cəhdləri iflasa uğramışdır, ona görə də bu formatdan imtina edilməli, başqa forma tapılmalıdır”.

* Ermənistanın işğalçı qüvvələri bu ölkənin Noyanberyan rayonunun Vosqepar kəndi yaxınlığında yerləşən mövqelərindən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərimizi, həmçinin Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

28 iyul

* Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib: “Həmsədrlərin Krakov görüşündə Madrid təkliflərinin yeniləşmiş versiyası hazırlanıb... Danışıqlarda hələ Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi üzrə səsvermənin formasını müəyyən etmək məsələsi qalıb... Mən “referendum”, “plebissit” və “iradənin leqal ifadəsi” terminləri arasında heç bir fərq görmürəm”.

* Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetində (25.07.09) “Biz Cavaxetiliyik” məqaləsi dərc olunub. Məqalədə göstərilir: “Cavaxetiya Qarabağ kimi ermənilərin tarixi vətəni olmuş, sonralar bu ərazi Gürcüstana verilmişdir... Hazırda Cavaxetiyada 200 min erməni yaşayır... Diaspora Arsax kimi Cavaxetiyada yaşayan ermənilərin də müdafiəsinə qalxmalı, öz rolunu oynamalıdır”. Məqalənin sonunda 2009-cu ildə yaradılmış və Fransanın Alforvil şəhərində fəaliyyət göstərən “Fransa-Cavaxhi Assosiasiyası”nın Cavaxetiyanı Ermənistana birləşdirmək məqsədi ilə yaradıldığı bildirilir.

* Ermənistanın terrorçu prezidenti S.Sərkisyan bildirib: “Yalnız sərhədlər açılsa, və ya açılacaq ərəfədə olsa, Türkiyə prezidentinin dəvətini qəbul edib Türkiyə-Ermənistan futbol komandalarının oyununa gedə bilərəm”.

* Ermənistanın işğalçı qüvvələti Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

* Amerikalı həmsədr Metyu Brayza bildirib: “Həmsədrlər Ermənistanın keçmiş prezidenti R.Koçaryana və keçmiş xarici işlər naziri V.Oskanyana Madrid prinsiplərinin əsasını qoyduqları üçün təşəkkürlərini çatdırıblar. Eyni zamanda indiki prezident S.Sərkisyana və xarici işlər naziri E.Nalbəndyana Madrid prinsipləri əsasında əldə edilən mühüm irəliləyişlərə görə təşəkkür ediblər”.

29 iyul

* İşğalçı Ermənistan ordusunun bölmələri Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan tərəfinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

30 iyul

* Hərbi ekspret, istefada olan polkovnik İldırım Məmmədov bildirib: “... Qəbələ RLS-in icarəyə verilməsi ilə bağlı Azərbaycan-Rusiya müqaviləsinin müddəti 2012-ci ildə bitir... Rusiya bu strateji obyektə görə Azərbaycana cüzi məbləğ-12 milyon dollar ödəyir... Ruslar Qəbələ RLS-i əvəzləmək üçün Armavirdə yeni RLS tikirlər... ABŞ hələ 10 il əvvəl Azərbaycanda RLS tikmək niyyətində olub... ABŞ-ın köməyi ilə xırda RLS-lər Azərbaycanda xeyli öncə qurulub...”.

* İşğalçı Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat verərək Azərbaycanı “əsirlər məsələsini siyasiləşdirməyə”çalışmaqda ittiham edib. Bəyanatda həmçinin qeyd olunur ki, son illər Azərbaycanın 8 əsgəri Ermənistan tərəfə təslim olub, onlardan 6 nəfəri BQXK və BMT-nin vasitəçiliyi ilə üçüncü ölkələrə gedib, 2 nəfəri isə hələ Ermənistandadırlar.

* Vazgen Sərkisyan adına hərbi məktəbin 15 illiyi münasibəti ilə İrəvanda hərbi parad keçirilib. Paradı işğalçı Ermənistanın terrorçu rəhbəri S.Sərkisyan qəbul edib. Paradda Dağlıq Qarabağdakı qondarma rejimin hərbi bölmələri də iştirak edib.

* Tanınmış yazar Aygün Həsənoğlunun ingilis dilində “Erməni sindromu” kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tərcümə və çap olunub. Kitabda ermənilərin Azərbaycan və Türkiyədə törətdikləri soyqırım, terror və vəhşiliklər rəsmi sənədlər və fotolarla əks olunub.

* İşğalçı Ermənistan ordusu Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

31 iyul

* İşğalçı Ermənistan ordusu Tərtər rayonu Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəklikdə və Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

* ABŞ Konqresinin ermənipərəst üzvləri prezident Barak Obamaya müraciət göndəriblər. Müraciət Frank Pallone, Mark Kirk, Adam Şift və Corc Raddanoviç tərəfindən iyulun 10-da hazırlanmış və 81 konqresmen tərəfindən imzalanmışdır. Konqresmenlər B.Obamanı qondarma “erməni soyqırımı”nı tanımağa çağırırlar.

* Ermənistanda ciddi hərbi çağırışçı problemi mövcuddur. Ona görə də müqavilə əsasında xidmətə keçirilir. 2005-ci ildən orduya müqavilə əsasında çavuş heyətinin toplanmasına başlanıb və artıq 8 min nəfər müqavilə əsasında işə götürülüb. Hazırda Ermənistan silahlı qüvvələrində 48 min nəfərin xidmət keçdiyi bildirilir. Ermənistanda hərbi xidmət müddəti 2 ildir. Hərbi çağırış ildə 2 dəfə-may və oktyabr aylarında həyata keçirilir. Hər çağırışda orduya təxminən 17-20 min nəfər çağırılır.

* Vaşinqtonun nüfuzlu Ceymstaun Fondunun prezidenti Qlen Hovard bilduirib: “Hazırda Qarabağ məsələsinin nizamlanmasında aparıcı rolu Minsk qrupu yox, Rusiya ələ alıb. Kremlin məqsədi Qərbi regiondan uzaqlaşdıraraq, özünün bölgədəki nüfuz dairəsini qoruyub saxlamaqdır... Minsk qrupu hazırda Rusiya tərəfindən kənarlaşdırılıb. Moskva birbaşa Bakı və İrəvanla dialoq aparır. Onların Minsk qrupuna ehtiyacı yoxdur”.

 


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 |