ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

GARABAGH: YESTERDAY, TODAY AND TOMORROW

QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH

8-ci elmi-əməli konfransının MATERİALLARI

(Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur)

Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 |


Tofiq Nəcəfli
XVI əsr Azərbaycanın siyasi həyatında Ziyadoğlu Qacarların rolu

XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş suveren Respublikamızda istər siyasi-iqtisadi, istərsə də mədəni-ideoloji sahələrdə millilik ruhu, milli özünüdərk amilinin üzə çıxması üçün münbit şərait yarandı. Qədim dövrlərdən güclü milli dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqının tarixində orta əsr dövlətlərimizin (Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi) yeri və rolu daha böyükdür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda Oğuz-türk dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi məhz bu dövlətlərimizin tarixilə bilavastə bağlı olmuşdur. Bu dövlətlərimizin yaranmasında və siyasi inkişafında Oğuz mənşəli Azərbaycan-türk tayfaları aparıcı rol oynamışdır. Haqqında bəhs edəcəyimiz Qacar tayfası da Ağqoyunlu və Səfəvi dövlətlərinin yaranması prosesində yaxından iştirak etmişdir. Bu tayfanın mənşəyinin, onların Azərbaycan dövlətlərinin siyasi həyatında oynadığı siyasi rolun araşdırılması Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin ayrılmaz tərkib hissəsidir. Həmçinin Azərbaycan xalqının soy kökündə iştirak etmiş olan bu tayfaların tarixinin araşdırılması, onların yaşadıqları və hakim olduqları ərazilərin tədqiq edilməsi, torpaqlarımızda öz soyköklərimizin daha qədim və hakim olması həqiqətini üzə çıxarmağa və tarixi torpaqlarımıza uydurma ərazi iddiaları irəli sürən üzdəniraq düşmənlərimizə tutarlı bir cavab olardı.

Azərbaycan Səfəvi dövlətinin yaranmasında əsas rol oynayan qızılbaş tayfalarından olan Qacarların mənşəyi və Azərbaycanda məskunlaşması tarixilə bağlı tarixşünaslıqda müxtəlif yanaşma mövcuddur. Türk tarixçisi Z. V. Toğanın qənaətinə görə, Qacarlar Azərbaycana Oğuz xanın İran səfərlərində gəlib yerləşmiş və monqolların Azərbaycana yürüşləri vaxtı Xalxal ətrafında yaşamışdılar. Hülaku ordusuna yardım edərək onlarla birlikdə Şam tərəflərinə göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan təkrar Azərbaycana qayıtmışdılar [13,56].

Əhməd Cəfəroğlu isə Qacarlar haqqında yazmışdı: «Qacarların ana vətənləri Türkistandır. Bir zamanlar Suriya sərhədlərinə yaxın bir yerdə məskun olan bu türk boyu XIV-XVI yüzilliklərdə İrana köç edərək burada yerləşmişlər. 1400-cü ildə Şama səfər edən Teymurun ağır basqıları altında istər-istəməz Türkistana dönməyə məcbur olmuşlar. Məhz bu məcburi köç zamanı qacarların bir hissəsi Azərbaycanda, o cümlədən Qarabağda və bir hissəsi də İraqda yerləşmişdir» [3,67].

F. Sümer qeyd edir ki, Qacarlar mənşə etibari ilə Oğuzların Bayat boyunun Şam Bayatı oymağının bir qolu olmuşdur. Onun fikrincə, bu qol Yivə, Ağcalı və Ağcaqoyunlu oymaqları ilə birlikdə Qacar boyunu əmələ gətirmişdir. Qacarlar XVI əsrdə Azərbaycanın əsasən Gəncə və Bərdə bölgəsində yaşayırdılar. Ancaq XVI və XVII əsrdə Qacar bəylərindən hansının Şam Bayatı boyuna mənsub olduqları bilinmir. XVIII əsrin I yarısında Gəncəyə bağlı kəndlərdən biri Şam Bayatı adını daşıyırdı» [12,240].

Bəzi türk tarixçiləri tərəfindən qacarlar, 465-ci ildə Azərbaycanda məskunlaşan, Bizans qaynaqlarında da adı çəkilən Hun tayfasının hakim zümrələrindən biri olan xəzərlər və bulqarlarla yaxın olduğu söylənilən Ağacərilərlə bağlanılır. Azərbaycanda Ağacərilər sonralar Qacar adlanmış və Xalxal bölgəsində məskunlaşmışlar. Z. V. Toğanın fikrincə, Rəşidəddinin «Cami ət-təvarix»inin Peterburq nüsxəsində ağacərilərdən bəhs edilərkən xüsusi bir qeyd verilmişdir: «Ağacəri adı bu gün türklərin və digərlərinin tələffüzündə qacar şəklini almışdır. Zira qacarlara əskidən Ağacəri deyilirdi» [14,101; 15,146; 16,98; 8,34; 4,197]. Hülaku xan Əlamut ismaililərinə qarşı və Suriyaya hərbi yürüşlərində Azərbaycanda qədim dövrlərdən yaşamaqda olan qacarlardan da istifadə etmişdi. Mirzə Balanın fikrincə, Qacarların Azərbaycandan Anadoluya və Suriyaya, eləcə də Əlamuta yaxın olan Astarabad bölgələrinə yayılmaları bununla bağlı olmuşdu [8,34].

Azərbaycan tarixçisi A. Bakıxanova görə, Cəlairi türklərindən olan qacarlara məxsus 200 min ailə Hülakü xan dövründə İrana və Azərbaycana köçürülümüşdür. «Müasiri Sultaniyə» müəllifinə görə, bu tayfadan olan Sartak Noyan Arqun xan dövründə Xorasan hakimi olmuşdu. Onun Qacar adlı oğlu olmuşdu. Tayfa öz adını bu şəxsdən almışdı. Qacarların bir hissəsi Anadoluya və Suriyaya köçmüşdü. Əmir Teymur 50 minlik qacar ailəsini Cənubi Qafqaza köçürmüş və İrəvan, Gəncə və Qarabağda yerləşdirmişdi [1,82,172; 10,90].

Azərbaycan tədqiqatçısı M. V. Baharlının fikrincə, Cəlairi türklərindən olan qacarlar ilk əvvəl Kiçik Asiyada və Suriyada yerləşdi, sonra Axsaq Teymur onları İrana köçürdü və Mərv, Mazandaran, Qarabağ, İrəvan, xüsusilə Gəncə bölgələrinə yerləşdirdi [2,48-49]. Qızılbaşlar tarixi» müəllifinin təsdiq etdiyinə görə, qacarlar qədimdən Gəncə və Bərdədə yaşamışlar və bir qismi Şamdan gəlmişdir [7,36].

Yuxarıda gətirdiyimiz tarixi faktlar bir daha təsdiq edir ki, Oğuz boylarından olan qacarlar hələ monqol yürüşləri ərəfəsində Azərbaycanda yaşamış və F. Sümerin təsdiq etdiyi kimi, monqol hücumları qarşısında digər türkmənlərlə yanaşı Şərqi Anadoluya çəkilməli olmuşdu. Başlıca Oğuz boyları ilə yanaşı qacarların da xalqımızın soy kökündə yaxından iştirak etdiyini görürük. Qacarlar XV əsrin II yarısında Ağqoyunlu tayfa birliyinə daxil olmuşdu. XV əsrin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə qacarlar yaxından iştirak etmişdi. 1492-ci ildə Ağqoyunlu əmiri Eybə Sultan (İbrahim bəy) Gəncə ətrafındakı qacarların yardımı ilə Əlincə qalasında saxlanılan Uzun Həsənin nəvəsi, Maqsud bəyin oğlu Rüstəm Mirzəni həbsdən azad edərək hökmdar elan etmiş və Bərdə ətrafındakı döyüşdə Baysunquru və Bican oğlu Süleyman bəyi məğlub edərək onu Ağqoyunlu taxtına çıxarmışdı. Bir il sonra İbə Sultan yenə də qacarların yardımı ilə Gilana yürüş etmişdi. Mirzə Əli Qərkiya Qəzvin və Reydəki bəzi Bayandur əmirlərini öldürdüyü və Sultaniyyəni qarət etdiyi üçün onun ölkəsi qarət edilmişdi [11,53].

F. Sümerin fikrincə, Rüstəm padşah Gödək Əhməd tərəfindən məğlub olduğu zaman yenə də, Gəncə ətrafındakı Qacar bəyinə sığınmış və ondan yardım istəmişdi. Qacar bəyi Rüstəmə yardım etsə də, o, 1497-ci ilin yayında baş vermiş döyüşdə məğlub olmuş və ələ keçirilərək öldürülmüşdü. Müəllifin qənaətinə görə, bu zaman Qacar tayfasının başında Ziyad bəy olmuşdu [11,54]. XV əsrin II yarısında Şeyx Heydərin ətrafında toplanmış qızılbaş tayfaları arasında qacarlar da xüsusi yer almışdı. İ. P. Petruşevskinin fikrincə, XV əsrin sonunda qızılbaş tayfalarına vaxtı ilə Ağqoyunlu tayfa birliyində olmuş Qacar (Ağcaqoyunlu qacar) türk tayfası da qoşulmuşdu [10,91]. Qacarların Azərbaycanın yerli tayfalarından olduğunu F. Sümerin belə bir fikri də təsdiq edir ki, 1499-cu ildə Ərzincanda İsmayıl Səfəvinin ətrafında toplanan qızılbaş tayfa əmirləri sadalanarkən onlardan Bayram bəy Qaramanlının, Piri bəy Qacarın və Hadim bəy Talışın Anadolulu olmadığının göstərilməsidir [11,21]. Buna görə də, F. Sümer əsərində Şah İsmayıl dövrünün böyük qızılbaş tayfaları ilə bağlı siyahıya qacarları daxil etməmişdir.

Şeyx Heydərin müridlərindən olan Qara Piri bəy Qacarın Azərbaycan Səfəvi dövlətinin yaranmasında aparıcı rol oynadığını dövrün qaynaqları bir daha təsdiq edir. «Tarix-i şah İsmayıl Səfəvi»nin verdiyi məlumatlara əsaslanan O. Əfəndiyev yazır ki, Ağqoyunlu Baysunqura qarşı mübarizədə qızılbaşların yardımından faydalanmağa çalışan Rüstəm Mirzə İstəxr qalasında həbsdə olan Sultan Əlini azad etmişdi. Sultan Əlinin göstərişi ilə Qara Piri bəy Qacarın başçılığı altında qızılbaş sufiləri Rüstəm padşaha qarşı qiyam qaldırmış İsfahan hakimi Kosa Hacı Bayandura qarşı göndərilmişdi. Qara Piri bəy Qacar Dərcəzin yaxınlığında baş verən döyüşdə qalib gələrək Kosa Hacı Bayanduru öldürmüşdü [5,81-82]. 1499-cu ildə İsmayıl Lahicanı tərk edib Ərdəbil istiqamətində hərəkət edən zaman onun yanındakı sadiq qızılbaş müridləri arasında Qara Piri bəy Qacar da olmuşdu. Zeynalabidin Əli «Təkmilət-ül əxbər» əsərində yazır ki, göstərdiyi igidliyə görə «Tozqoparan» ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin edilmişdi. Ağqoyunlu qüvvələri Hüseyn Ağa Şükür oğlunun başçılığı altında Meşkin mahalında Kərmadez adlı yerdə Qara Piri bəy Qacarın yaxınlaşdığını xəbər tutaraq qaçmış və Sultan Əlvəndin əsas qüvvələrinə qoşulmuşdu [5,146].

F. Sümerin qeyd etdiyinə görə, Qara Piri bəy Qacar Şah İsmayılın Şirvanşah Fərrux Yasar, Ağqoyunlu Əlvənd Mirzə və Sultan Murad ilə apardığı döyüşlərdə böyük igidliklər göstərmişdir. Onun bu igidliyinə görə, Şah İsmayıl Qara Piri bəy Qacara «Tozqoparan» ləqəbini vermişdir. 1503-cü ildən sonra Qara Piri bəy haqqında məlumatlar demək olar ki, yoxdur. F. Sümer belə bir qənaətdədir ki, Qara Piri bəy Ziyadoğullarının deyil, qacarların başqa bir qolunun başçısı olmuşdur [18, 54]. «Qızılbaşlar tarixi» müəllifinin qeyd etdiyinə görə, Qara Piri bəy Qacar 1512-ci ildə Nəcm-i Sani ilə birlikdə Qicduvanda öldürülmüşdür [7,36].

O. Əfəndiyev dövrün qaynaqlarına əsaslanaraq 1503-cü ildə Şah İsmayılın Ağqoyunlu Muradla Almaqulağı döyüşündə Qara Piri bəy Qacarın böyük sərkərdəlik bacarığını nümayiş etdirdiyini, Şah İsmayılın avanqard qüvvələrini məhv edərək mərkəzə hücum edən Qum hakimi İslamiş bəyin qoşunlarını məhv etdiyini və düşməni qaçmağa vadar etdiyini yazır [5,93].

Şah İsmayıl dövründə qacarların digər bir əmiri də Urfa hakimi Əcə Sultan idi. F. Sümerin yazdığına görə, o, ixtiyarında olan az miqdarda hərbi qüvvə ilə 1515-ci ilə Ağqoyunlu Sultan Muradı məğlub edərək öldürmüş və gösdərdiyi şücaətə görə Səfəvi şahından «Qudurmuş Sultan» ləqəbini almışdır [11,54]. Ancaq «Qızılbaşlar tarixi»ndə bu Qacar əmiri Dərəcə Sultan kimi təqdim olunur. Onun «Qudurmuş xan» adı ilə məşhur olduğu, Urfada Sultan Muradı məğlub edərək qətlə yetirdiyi və Mardin yaxınlığında Qoruqtəpədə Qara xan Ustaclı ilə birlikdə Mustafa paşa «Bığlı Çavuş»la döyüşdə həlak olduğu qeyd olunur [13,36]. Şah İsmayıl dövrünün qaynaqlarında digər Qacar əmirlərinə təsadüf olunmur. Yuxarıda adı çəkilən Qacar əmirlərinin adları isə yüksək dövlət vəzifələrində xatırlanmır. F. Sümerin fikrincə, Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlüdür [11,183-184].

Ancaq Şah Təhmasib dövründə qacarlar birinci dəçrəcəli qızılbaş tayfalarının sıpasında olmuş və onlar arasından bir çox tanınmış əmirlər mühüm vəzifələrə yüksəlmişlər. Bu tayfadan olan digər əmirlərdən biri də Budaq xan Qacardır. 1535-ci ildə Osmanlı sultanı Süleymanın Azərbaycana ikinci yürüşü zamanı Qızılbaşların təzyiqləri altında Osmanlı ordusu Təbrizi tərk etməyə məcbur qalmışdı. Düşməni təqib edən Qızılbaşlar Budaq xan Qacarın rəhbərliyi altında Ərciş qalasını mühasirəyə aldı, Osmanlı sultanının Sinan paşanın rəhbərliyi altında yardıma göndərdiyi qüvvələr məğlub edildi və Sinan Paşa öldürüldü [6,78-79]. 1537-ci ildə Şah Təhmasib tərəfindən Qəndəhar şəhəri alınan zaman onun idarəsi Budaq xan Qacara həvalə edilmişdi [6,94]. 1544-cü ildə Şah Təhmasibin Moğol hökmdarı Hümayuna öz taxt-tacını geri almağa kömək etmək üçün göndərdiyi 12 minlik orduya Şahverdi xan Ustaclı ilə yanaşı Budaq xan Qacar rəhbərlik etmişdi [6,95 ].

Qacarların digər əmirlərindən biri də Göycə sultandır. «Qızılbaşlar tarixi» müəllifinə görə, o, Van hakimi olmuşdu [7,36]. O,1540-cı ildə Şah Təhmasibin Gürcüstana yürüşündə iştirak etmişdi. 1547-ci ildə Şirvanda Əlqas Mirzənin başçılığı altında üsyan başlanan zaman Gürcüstan səfərindən Yevlağa qayıdan Şah Təhmasibin üsyançılara qarşı göndərdiyi 5 min nəfərlik qızılbaş süvarilərinə oğlu İsmayıl Mirzənin lələsi Göycə Sultan Qacar və Qarabağ bəylərbəyi Şahverdi Sultan Ziyadoğlu Qacar rəhbərlik etmişdi. Əlqas Mirzənin göndərdiyi dəstələr Samur çayı sahilində qızılbaşlar tərəfindən məğlub edilmişdi. 1547-ci ildə İsmayıl Mirzə Şirvana yeni bəylərbəyi təyin olunan zaman onun köməkçisi də lələsi Göycə Sultan Qacar olmuşdu [6,84-85]. 1548-ci ilin yayında qızılbaş ordusunun təzyiqləri altında Osmanlı ordusu Azərbaycanı tərk edən zaman Şah Təhmasib Qars qalasını bərpa etməyə çalışan Osmanlı sultanına imkan verməmək üçün İsmayıl Mirzəni Göycə Sultan Qacarla oraya göndərmişdi. Qızılbaşlar gözlənilməz hücumla düşmənin 2 minə yaxın qüvvəsini məhv etmişdir. 1547-ci ildə Bürhan Mirzənin Qaytaqdan Şirvana yürüşünün qarşısı da Göycə Sultan Qacarın qüvvələri tərəfindən alınmışdı [10,87-88]. Sonralar Nişapur valisi olan Göycə Sultan Qacar 1555-ci ildə Astrabadda Türkmən Aba və Özbək Əli Sultan ilə baş verən döyüşdə öldürülmüşdü.

F. Sümerin yazdığına görə, 1544-cü ildə bayraqdar olan Əbülqasım Xüləfa və 1554-cü ildə sülh bağlamaq üçün Sultan Süleyman Qanuniyə elçi kimi göndərilən Şahqulu bəy qacarlardan olduğu kimi, 1551-ci ildə Şəki valisi təyin edilən Toygün bəy və onunla çağdaş olan Bayram bəy, 1559-cu ildə elçi kimi İstanbula göndərilən yüzbaşı Axçasaqqal Əli Ağa və 1567-ci ildə adı keçən Mirzə Əli bəy və 1568-ci ildə isə xatırlanan Əli Qulu bəy də bu tayfaya məxsus idilər. Əli Xəlifəyə gəlincə (Axçalı oymağından idi) o, bu zaman Damğan və Bistam valisi idi. Bunlardan başqa Yusif Xəlifənin qardaşı Süleyman bəy ilə Şəkəmoğlu Süleyman Sultan da əmirlik vəzifəsinə yüksəlmişdir [11,96,97,98]. Yuxarıda gətirdiyimiz tarixi faktlar bir daha təsdiq edir ki, Şah Təhmasib dövründə qızılbaş tayfaları arasında Qacarların nüfuzu daha da güclənmiş və bu tayfadan tanınmış sərkərdələr çıxmışdır. Məhz buna görə də, Şah Təhmasibin oğlanlarının tərbiyəçiləri arasında, ayrı-ayrı vilayətlərin idarə edilməsi və eləcə də diplomatik danışıqlar aparılması Qacar tayfasından olan nüfuzlu əmirlərə həvalə olunmuşdur.

Şah Təhmasib dövründə Qacar əmirlərindən biri də Ziyadoğlu Şahverdi Sultandır. F. Sümerin fikrincə, XVIII yüzillin sonunda İranda hakimiyyətə gələn Qacarlar məhz Ziyadoğlu nəslindəndir. Ziyadın XV yüzilin sonu XVI yüzilliyin başlarında yaşadığından çox az şübhə edilir. Qacarların yurdu Arranda Gəncə bölgəsi idi. 1537-ci il Qəndəhar səfərinə qatılan Şahverdi bundan sonrakı mühüm səfərlərə də qatılmışdı. O, ata yurdu mərkəzi Gəncə olan Qarabağ valisi idi [11,97].

Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun «Xülasət əs-siyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI əsrin 40-cı illərindən XVII əsrin 60-cı illərinə qədər təxminən yüzillik bir tarixini öz əsərində işıqlandırmışdır. O, Ziyadoğlu nəslindən Şahverdi Sultan, İbrahim Xan, Yusif Xəlifə, Məhəmməd xan, Mürşüdqulu xan, Məhəmmədqulu xan və Murtuzaqulu xanın fəaliyyətinə geniş yer vermişdir. Nəzərə almaq lazımdır ki, Ziyadoğlu Qacar nəslinin Qarabağ bəylərbəyliyindəki fəaliyyəti yalnız M. Məsumun əsərində ətraflı işıqlandırılmışdır. Müəllifin Ziyadoğlu nəsli ilə bağlı məlumatına görə, Lahicanda olan Xəzər bəy Şah Təhmasibə öz oğlu Ümmət xanı təqdim etmişdir. Şah onun dövlətə xidmətdəki sədaqətini nəzərə alaraq ona «Ziyadoğlu» ləqəbini bağışlamışdı. Ümmət xanın ölümündən sonra onun oğlanları şahın sərəncamında olmuşdur. Onun oğlu Şahverdi Sultan Qarabağ bəylərbəyi təyin olunmuşdur. Şahverdi Sultan Qacar Səfəvi sarayının siyasi həyatında əhəmiyyətli rol oynamışdı. Şah Təhmasib 1547-ci ildə göstərdiyi tarixi xidmətləri nəzərə alaraq Şahverdiyə Sultan titulunu vermişdi. Məhəmməd Məsum yazır ki, XVI əsrin 40-50-ci illərində Osmanlı-Səfəvi hərbi əməliyyatları zamanı Şahverdi Sultanın hərbi hissələri Ərzurumu mühasirəyə alan İsgəndər paşanın qüvvələrini məğlub etmişdir. Düşmənin məğlub edilməsi şah ordusuna Cənubi Qafqazda qələbə qazanaraq İrəvanı öz əlində saxlamağa imkan vermişdir. Şah Təhmasib buna görə, Şahverdi Sultana «müsahib» titulunu vermiş, həm də Qarabağın dörd mülkü ilə yanaşı, Şəki əyalətinə daxil olan Danəki adlı yeri də ona bağışlamış və öz ehtiyacını daha yaxşı təmin etmək üçün Şirazdan lazım olan şeyləri alıb gətirmək üçün illik min tümən məvacib verilməsini əmr etmişdi [9,59-60].

Şahverdi Sultanın şahın əhatəsindəki yüksək zümrəyə daxil edilməsi və torpaq bəxşişləri alması (indi artıq onun 5 mülkü və xamesalə vergisini toplamaq hüququ vardı), Qarabağ hakiminin şah sarayında mühüm nüfuz sahibi olduğunu qeyd etməyə imkan verir. Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu. Onlardan biri olan Xəlil xan hələ atasının sağlığında Astarabad bəylərbəyi və buradakı Qacar tayfasının başçısı olmuşdu. Məhəmməd Məsum yazır ki, hazırda Astarabadda yaşayan qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir [9,60]. Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu- İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq Qarabağ bəylərbəyi və buradakı qacarlara rəhbərlik etmişdi. Şah II İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab etmişdi. Çünki, Şahverdi Sultanın təlqinləri nəticəsində İsmayıl Mirzə atasına şübhəli bilinmiş və Şah Təhmasib tərəfindən Qəhqəhə qalasında 20 ildən artıq siyasi məhbus kimi saxlanılmışdı.

1576-cı ildə Şah Təhmasibin ölümü zamanı başlıca Qacar əmirlərindən biri Şahverdi Sultanın oğlu Yusif Xəlifə idi. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin edilmişsə də şahın ölümü ilə bağlı hələ də Qəzvində idi. Mirzə Əli Sultan da bu zaman mərkəz əmirlərinin ən mötəbərlərindən olub divanbəyi idi.

1576-cı ildə Səfəvi taxt-tacı uğrunda mübarizə zamanı Yusif Xəlifə Ziyadoğlu II İsmayılın rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı. Buna görə də, Şah II İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və Qacar tayfasının rəhbəri vəzifəsindən azad etsə də, bəylərbəyliyi digər qızılbaş tayfasına verməyə tələsməmişdi. Şah bəylərbəyliyi öncə, Yusif Xəlifənin qardaşı oğlu Peykər sultana, sonra isə onun nəvəsi İmamqulu xana vermişdi. 1580-ci ildə Şah Məhəmməd Xudabəndə Peykər sultanı Şirvan bəylərbəyi təyin etmiş və nəticədə Qacar əyanlarının bir hissəsi Şirvana köç etmiş və orada torpaq mülkləri almışdı [10, 122].

Şah II İsmayıl və Məhəmməd Xudabəndə dövründə qacarlar yenə Qarabağ bölgəsindəki yurdlarında yaşayırdılar. Bu zaman Qarabağ bəylərbəyi olan İmamqulu xan Osmanlı qüvvələri ilə vuruşaraq yurdunu qorumuş, Fərhad paşa ordusunun Qarabağı işğal etməsindən sonra tayfasının bir qismi ilə Arazbara çəkilmişdi. O, qacarların Yivə obasından idi. Osmanlıların işğalı zamanı Qarabağda Qacarlar, Otuziki, Qazaxlar, İyirmidörd və Qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı idarəçiliyinə keçməsi nəticəsində qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı Səfəvi torpaqlarına köç etdilər. Qacarlar burada ilk vaxtlar pərişan durumda idilər. Şərəf xan Bidlisinin yazdığına görə, hətta sərdar Fərhad paşa qacarları burada da rahat buraxmamış və 1588-ci ildə onlar üzərinə yürüş edərək, onları və qoyun sürülərini qarət etmişdi. İmamqulu xan Qacar 1588-ci ildə Arazbarda ölmüşdü [11,145].

İmamqulu xan Ziyadoğlu Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən artıq mübarizə aparmışdı. Hətta Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə barışmayaraq Gəncəni geri almaq üçün ciddi mübarizə aparmışdı. Şah Abbas Osmanlı sultanı III Muradla sülh danışıqlarının başlandığını nəzərə alaraq Qacarları Gəncə mühasirəsindən geri çağırmışdı.

Mənbə və ədəbiyyat.

1. Áàêèõàíîâ À. À. Ãþëèñòàí-è Èðàì. Áàêó, 1991.

2. Baharlı M. V. Azərbaycan. Bakı, 1993.

3. Caferoğlu A. Türk kafimleri. İstanbul, 1988.

4. Çetinkaya N. İğdır tarihi. İstanbul, 1996.

5. Ýôåíäèåâ Î. Ý. Îáðàçîâàíèå Àçåðáàéäæàíñêîãî ãîñóäàðñòâà Ñåôåâèäîâ â íà÷àëå XVI âåêà. Áàêó, 1961.

6. Əfəndiyev O. Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993.

7. «Qızılbaşlar tarixi». Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. Bakı, 1993.

8. Mirze Bala. Kaçarlar. //İslam Ansiklopedisi, c. 6. İstanbul, 1988.

9. Ïàâëîâà È. Ê. Õðîíèêà âðåìåí Ñåôåâèäîâ. Ì. , 1993.

10. Ïåòðóøåâñêèé È. È. Î÷åðêè ïî èñòîðèè ôåîäàëüíûõ îòíîøåíèé â Àçåðáàéäæàíå è Àðìåíèè â XVI -íà÷àëå XIX ââ. Ë. , 1949.

11. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976.

12. Sümər F. Oğuzlar. Bakı, 1992. .

13. Toqan Z. V. Azerbaycan etnografisine dair. Azerbaycan Yurt Bilgisi, c. II, sayı 14. İstanbul,1933.

14. Toğan Z. V. Azerbaycan etnoqrafisine dair. Azerbaycan Yurt Bilgisi, c. II, sayı 15. İstanbul, 1933.

15. Toğan Z. V. Ümumi türk tarihine giriş. İstanbul, 1970.

16. 23. Toğan Z. V. Azerbaycan. // İslam Ansiklopedisi, c. II. İstanbul, 1940.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 |