|  |  |  |  | | google | AZAD QARABAĞ |

GARABAGH: YESTERDAY, TODAY AND TOMORROW

QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH

8-ci elmi-əməli konfransının MATERİALLARI

(Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur)

.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 |


Rizvan Qarabağlı
Qarabağın qədim məscidləri

Biz Qarabağ məscidləri deyəndə ilk növbədə gözlərimizin önündə Şuşanın, Ağdamın qoşa minarəli məscidləri, eləcə də Bərdənin dörd minarəli məscidi canlanır. Əlbətdə, memar Kərbəlayi Səfixan Qarabağinin yadigarları olan bu məscidlər son zamanlar bir növ Qarabağın embleminə çevrilib. Tarixi baxımdan bu məscidlərin tikilməsi XIX-XX əsrin əvvələrinə təsadüf edir. Lakin Qarabağ bölgəsində elə məscidlər var ki, onlar XVIII, XVII və XVI hətta, XIII əsrin yadigarları kimi yarıuçuq vəziyyətdə olsa da, müasir dövrümüzə qədər gəlib çatmışdır. Onlardan biri Ağdamın Şahbulaq deyilən ərazisində Pənah xan tərəfindən 1751-1752-ci illərdə tikdirilmiş eyniadlı məsciddir. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi. Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örütüyünə qədər olan məsafəsi 4,37m, baş fasad tərəfdən isə 5,40 metrə qədərdir. Onu da xüsusi qeyd edək ki, Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynamaşdır.

Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur. Bütün tərəflərdən divar qalınlığı 1,15 metr olan məscidin sütunsuz ibadət zalını oxvari şəkilli möhtəşəm gümbəz tamamlayır. Ümumi ölçüləri 9,2metr x 12,54m. Olan Paprəvənd məscidi XVII əsrin yadigarıdır. Təəssüf ki, məscid dövrümüzə qədər yarı uçuq vəziyyətdə gəlib çatmışdır.

Paprəvənd məscidindən fərqli olaraq Qubadlı rayonunun Dondarlı kəndindəki məscid dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. (Erməni işğalından sonrakı vəziyyəti bilinmir). Yerli inşaat materialları ilə tikilmiş Dondarlı məscidi kənd klubunun qonşuluğunda yerləşir. Məscidin qapısı hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfuqi səmtdə aparılmış relyefli qurşaq onu uzaqdan ikimərtəbəli kimi göstərir. Əslində bu aldadıcıdır. Bina bir mərtəbəlidir. Təqribən bir metrlik kürsü üzərində inşa edilib. Eni 2 metrə çatan eyvandan birbaşa ibadət zalına qapı açılır. Giriş qapısı yuxarıdan yarım dairəvi tağbəndlə tamamlanır. Həmin qapının sol yanında kiçik ölçülü nişa var. Nişanın sağ və sol tərəflərində isə dairəvi formada daşlar qoyulub üzərinə kitabələr yazılmışdır. Məscidin ibadət zalında dörd ədəd daş sütunlar qoyulub. Sütunlara kömək məqsədi ilə yan divarlar üzərində playstrlar quraşdırılmışdır. Onlar zalın üstünü örtən gümbəzlərin daha da möhkəm (möhtəşəm) dayanıqlı olmasına şərait yaradır. Ancaq məscidin interyerindən baxanda bu mənzərənin şahidi oluruq. Onun dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərinin məscidlərində olduğu kimi yamaclı formada həll edilmişdir. XVIII-XIX əsrin yadigarı olan Dondarlı məscidi Qarabağın qədim islam memarlığının gözəl nümunəsidir.

Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscid də xarici görünüşü ilə Dondarlı məscidini yada salır. Lakin fərq ondadır ki, Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün güldəstə quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.

Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t. 1095. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. Xatırladım ki, Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur. Lakin Babı kəndindəki tək Füzuli rayonu üçün deyil, mən deyərdim bütün Qarabağ bölgəsi üçün hələ ki, yeganəlik təşkil edir. Belə ki, Babı məscidinin inşa olunma tarixi XII-XIII yüzilliklərə bağlanır. Məscid Babı kənd məzarlığında yerləşir. Daha doğrusu bu məzarlıqdakı Şeyx Babı Yaqubi türbəsinin qonşuluğundadır. Dövrümüzə qədər məscidin bir metr hündürlüyə malik olan daş kürsülüyü və bişmiş kərpiclə inşa edilmiş yaruçuq minarəsi gəlib çatmışdır. Məscidin bünövrəsinin mərkəzi hissəsində dörd ədəd sütun altlıqları indi da qalıb. Sütun altlıqlarının ölçülərindən (2mx2m) görünür ki, onlar üzərində oturdulmuş gümbəz çox möhtəşəm olmuşdur. Məscid girişinin sol tərəfindəki minarə yuxarı tərəfdən dağıdıldığından onun çardaq örtüyü haqqında fikir söyləmək çətindir. Lakin həmin məscidin yüksək keyfiyyətlə cilalanmış daş kürsülüyü, həm zərif gövdəli minarənin kompozisiya qurluşu, burada dövrünün ustad memarı olan Qarabağlı Əli Məcdəddinin əl işlərini bir daha nümayiş etdirir. Bu baxımdan Şeyx Babı Yəqubinin qəbirüstü türbəsi, eləcə də onun cənub tərəfindəki hamamın yüksəsk bədii memarlıq həlli və inşaat texnikası da bu ustad memarın çox yüksək peşəkarlığa malik olmasını bir daha təsdiqləyir.

Yuxarıda deyilənlər bir daha sübut edir ki, hələ XIII yüzillikdə islam dini Qarabağda geniş yayılmış və buradakı memarlıq abidələri bunu bir daha sübut edir. Lakin bununla yanaşı Qarabağnamələr müəllifinin yazdıqlarında bəzi müəmmalı cəhətlərə də rast gəlinir.

Məsələn, Baharlı yazır: Pənah xan bir məscid qarqudan təmir elədib, həmin yuxarı məscidi camenin yerində və yenə bir kilsə təmir elədib aşağı Bazarda ki, asarı məlumdur. Sonra elə həmin səhifədə yazır: . . . Pənah xan əmr edərmiş ki, camaat gedib məscidə namaz qılsınlar. O camaat getməz. Axırda hökm edərmiş yasavul ilə xalqı məscidə aparıb Allah əmrin və namaz təlim etsinlər. Baharlının yazdığına görə müsəlmanlar ibadət etmirlər və hətta onların ibadətə zorla cəlb olunması barədə misal gətirir (bax Qarabağnamələr 2-ci kitab Bakı. Yazıçı 1991, səh 275).

Birincisi: Pənah xan Şuşa qalasına qədər Bayat və Şahbulaq qalalarını tikdirmişdir və həmin qalada kompleks tikinti işi apartdırmış, həmçinin hər iki qalada müxtəlif təyinatlı binalarla yanaşı daşdan gözəl məscid də inşa etdirmişdir. Yaxşı belə olan halda sual olunur, Pənah xan Şuşa qalasında bütün işləri hətta erməni kilsəsini belə kompleksə uyğun şəkildə yerli daş materialı ilə inşa etdiyi halda məscidi nə üçün qarqu ilə tikdirirdi?

İkincisi: Əgər Pənah xanın ətrafına toplanmış adamlar əvvəlki qalalarda olan məscidlərdə ibadətlə müntəzəm məşğul olublarsa, bəs nə üçün Şuşa məscidində ibadət etməsinlər?

Yeri gəlmişkən bir məsələyə də öz münasibətimi bildirmək istəyirəm: Qarabağnamələrin bəzi müəllifləri (Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir Qarabaği və s. ) Pənah xana Şuşa qalasının tikiləcəyi yerin Məlik Şahnazaryan tərəfindən göstərildiyini xüsusi vurğulayır. (?) Əvvəla onu qeyd edim ki, Pənah xanın özü Qarabağda doğulub boya-başa çatıb və bütün gəncliyi elə Qarabağda keçib. Sonralar yəni Nadir şahdan qaçıb gizlənəndə də o, Qarabağda özünə sığınacaq tapmışdı və bütün dövrlərdə o Qarabağın hər qarışına bələd idi. Belə olan halda sual olunur, Şuşa qalasının tikiləcəyi yeri Pənah xana Məlik Şahnazaryan nə üçün göstərməli idi? Bütün bu kimi suallar bir daha göstərir ki, Qarabağnamələr in hələ də tədqiqata böyük ehtiyacı var.


.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 |